28 Sentyabr 2016 15:05
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Moskvada keçirən “Millətlərin dialoqu. Xalqların öz müqəddəratını təyinetmə hüququ və çoxqütblü dünya düzəni adlanan” tədbirdə Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı-terrorçu Dağlıq Qarabağ rejiminin nümayəndələri və özünü “Talış Milli Hərəkatı” adlanan separatçı qurumun lideri kimi qələmə verən Fəxrəddin Aboszodə də iştirak edib.

Rusiya paytaxtına gələn qondarma “DQR”in təmsilçisi Ruben Zərgəryan bildirib ki, bütün tanınmamış dövlətlər səsvermə hüququ hesabına xalqların öz müqəddaratını təyinetmə hüququna malikdir. F.Aboszodə isə talış xalqının guya sovet dövründən öz azadlığı uğrunda mübarizə apardığını deyib.

Qeyd edək ki, tədbirin daha öncə Rusiya Prezidentinin İşlər İdarəsinin balansında olan “Prezident-Hotel”də keçirilməsi planlaşdırılmışdı. Daha sonra hotel separatçılara yer verməkdən imtina edib. Nəticədə təşkilatçılar başqa bir hotelə üz tutmağa məcbur olublar. Buna baxmayaraq, çoxmillətli dövlət olan və 1990-cı illərdə separatçılıqdan açıq-aşkar əziyyət çəkən, buna qarşı müharibə aparan Rusiya ərazisində belə bir tədbirin keçirilməsi böyük təəssüf doğurur. Üstəlik nəzərə almaq lazımdır ki, Rusiya Ermənistan-Azərbaycan münaqişəsini həll etmək missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biridir. Şimal qonşumuz fərqində olmalıdır ki, ərazisində belə bir tədbirin keçirilməsinə imkan yaratmaqla vasitəçilik missiyasına xələl gətirir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu Teleqraf.com-a bildirib ki, çox təəssüf, həmsədr dövlət olan Rusiya son zamanlar Azərbaycana xoş olmayan mesajlar göndərir. Onun sözlərinə görə, Rusiya hərbi balansın Azərbaycanın xeyrinə pozulmaması üçün Ermənistana “İsgəndər” raketləri yollayır: “Bu, faktiki olaraq o deməkdir ki, Rusiya Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini istəmir və işğalçının güclü qalmasını istəyir. Digər tərəfdən son zamanlar Moskvada ermənipərəstlər fəallaşıblar, toplantını toplantı dalınca keçirirlər. Bugünlərdə Lomonosov adına Moskva Dövlət Universitetində çox təxribatçı bir tədbir təşkil etdilər. Ora Qarabağdan da erməni “tarixçiləri” qatılıb, ağızlarına gələni danışdılar. İndi də Moskvada separatçılar toplantı keçiriblər. Orada Azərbaycan əleyhinə fikirlər səsləndirdilər. Bu, Moskvada - Rusiyanın paytaxtında həyata keçirilib. Əlbəttə, Azərbayacana qarşı xoş olmayan mesajlardır. Düşünürəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi susqunluğu pozub, məsələyə münasibət bildirməlidir. Düzdür, Rusiya ilə normal münasibətlər Azərbaycan üçün vacibdir, bunu hamı anlayır. Amma bu o demək deyil ki, biz Rusiya tərəfdən Azərbaycanın təhlükəsizliyinə olan təhdidlərə də göz yummalıyıq. Ara-sıra onlara müəyyən xatırlatmalar etməliyik ki, siyasətlərini korrektə etsinlər”.

E.Şahinoğlu bildirib ki, Rusya istəsəydi bu toplantıya icazə verməzdi: “Yəni, bu Rusiyanın əlində idi. Rusiya demokratik ölkə deyil ki, desin, “yox, bilirsiz bu mənlik deyil, kim harda istəyir, orda da toplantı keçirir”. Yəni, təsəvvür edin ki, hansısa başqa ölkədə çeçen mücahidlər konfrans keçirir və deyirlər ki, Çeçenistan Rusiyadan ayrılmalıdır. Rusiyanın buna münasibəti necə olar? Birmənalı olaraq mənfi. Xarici İşlər Nazirliyi həmin ölkəyə nota verər, səfiri ölkələrindən çıxararlar. Amma görürük ki, başqa ölkələrlə bağlı öz ərazilərində toplantı keçirilməsini özlərinə rəva görürlər. Deməli, biz də müvafiq olaraq Rusiyaya müraciət etməliyik ki, bu siyasətlərində dəyişiklik etsinlər”.

Qeyd edək ki, Rusiya özü çoxmillətli dövlətdir. Bu məqam Rusiya Federasiyasının konstitusiyasında da öz əksini tapıb. Bu gün Rusiya Federasiyası ərazisində 190-dan artıq xalqın təmsilçiləri yaşayır. Federasiyaya 85 subyekt, o cümlədən 46 vilayət, 22 respublika, 9 diyar, 3 federal əhəmiyyətli şəhər, 4 muxtar dairə və 1 muxtar vilayət daxildir. Bu baxımdan Rusiyanın separatçılara belə qucaq açması onun özü üçün yaxşı heç nə vəd etmir. E.Şahinoğlu bu fikirlər həmrəy olduğunu bildirir: “Əslində Rusiya anlamalıdır ki, bu kimi tədbirlər bumeranq effekti verə bilər. Nə olsun ki, indi indi Rusiyada sabitlik bərpa olunub. İki çeçen müharibəsi sona çatıb. Amma Çeçenistanda müharibə gedəndə çeçenlərin məqsədi nə idi? Onlar Rusiyadan ayrılmaq istəyirdilər. Onları da ruslar separatçı-terrorçu sayırdılar. Necə ki, ruslar çeçen mücahidlərini separatçı-terrorçu sayır, biz də Moskvada toplaşan o şəxsləri separatçı və terrorçu sayırıq. Yəni, eyni məsələdir. İndi kim bilir, gələcəkdə Rusiyanın daxilində hansı proseslər baş verə bilər. Onsuz da Rusiyanın iqtisadi və sosial vəziyyəti getdikcə ağırlaşır və doğru qeyd etdiyiniz kimi Rusiya çoxmillətli bir dövlətdir. Orda müxtəlif millətlər yaşayırlar. Müxtəlif millətlərin də müxtəlif tələbləri ola bilər. Rusiyanın ərazi bütövlüyü ilə bağlı hansısa dövlətdən onlara dəstək olsa, Moskva bunu özünün daxili işlərinə qarşımaq kimi qiymətləndirəcək və çox da düzgün edəcək. Eyniylə biz də başqalarının başqa yerlərdə toplaşıb Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər söyləməsini ölkəmizə təhdid və daxili işlərimizə qarışmaq kimi qiymətləndirirk. Bu mənada bizim də məhz buna görə Rusiyanın müvafiq orqanları ilə bu istiqamətdə müəyyən danışıqlarımız olmalı və müəyyən tələblərimizi ortaya qoymalıyıq. Çünki belə bir boşluq yaransa, daha çox üstümüzə gələcəklər. Belə konfrans və toplantıların sayı daha da çox olacaq. Çünki erməni lobbisi və Ermənistan dünyanın müxtəlif ölkələrində, o cümlədən Rusiyada bu istiqamətdə Azərbaycana problemlərin artırılmasını çox istəyir. Görürük ki, bəzi hallarda buna nail də olurlar”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər