“Mosulun yerli xalqı türkmənlərdir. Onlar min illərdir bu ərazilərdə yaşayır və bu, torpaqlar onlarındır. Orada min illiklər boyu xanlıqlar, atabəylər qurulub. Məsələn, Zəngi Atabəyliyi. Sonradan bu ərazilər Osmanlı İmperiyasının tərkibində olub. Kərkük, Ərbil, Mosul və bura yaxın ərazilərdə türkmənlər qədimdən yaşayırlar”.
Bunu Teleqraf.com-a sabiq təhsil naziri Firudin Cəlilov deyib.
Xatırladaq ki, hazırda Mosul İŞİD qüvvələrinin əlindədir. Oktyabrda ABŞ Mosulda hərbi əməliyyatlar keçirərək şəhəri İŞİD qüvvələrindən təmizləmək istəyir. Eyni zamanda Mosulun gələcək taleyi ilə bağlı Şimali İraq Kürd Muxtariyyəti ilə İraq hökuməti arasında fikir ayrılığı var. Ən son xəbərlərə görə, kürd muxtariyyəti ilə rəsmi Bağdad Mosulun gələcəkdə kimin idarəçiliyi altında yaşamasını müəyyənləşdirmək üçün şəhərdə referendum keçirməyə razılığa gəliblər. Referendumda Mosul sakinləri “Bağdad idarəçiliyində qalmaq istəyirsiniz, yoxsa kürd muxtariyyətinin rəhbərliyi altına keçirsiniz” sualına cavab verəcək.
Türkoloq alim Firudin Cəlilov isə deyir ki, I Dünya Müharibəsindən sonra Osmanlı dövləti faktiki dağıldı və bu ərazilər də daxil olmaqla İraq dövləti yarandı: “Mosul, Ərbil, Kərkük, Diyalə kimi ərazilər isə mübahisəli ərazi kimi qaldı. Necə ki, indi Qarabağı “mübahisəli” əraziyə çevirmək istəyirlər və hazırda bu 25 ildir ki, davam edir. Eyni hadisə Mosulda da yaşandı. Sonda məsələnin çözümünü Millətlər Təşkilatına verdilər. Beləcə bu ərazilərin taleyini 3 dövlətə həvalə etdilər və belə qərar verildi ki, bu ərazilər İraqın sərhədlərində qalsın. Amma belə maddə də yer aldı ki, gələcəkdə bu torpaqlar İraqdan alınıb harasa verilərsə və ya bura müdaxilə edilərsə, Türkiyə qarant olaraq bu prosesə müdaxilə etmək haqqına malikdir. Atatürkün zamanında bu məsələ bir neçə dəfə qalxdı, lakin problemi həll edə bilmədilər. Həmin dövrdə Hatay bölgəsini Türkiyəyə qatsalar da, Mosula girişə bilmədilər”.
F.Cəlilov daha sonra qeyd edib ki, 1950-ci illərdən sonra bölgədə siyasi vəziyyət dəyişib: “Tədricən kürdləri ortaya saldılar. Türkiyənin cənubi şərqindən başlayaraq Mosula qədər kürd nüfuzunu artırmağa başladılar. Bu prosesin arxasında əvvəl SSRİ, sonrakı mərhələdə Avropa, hazırda isə ABŞ durdu. 1950-ci ildən başlanan bu oyunun məqsədi odur ki, burada türkmənlərin sayını azaltsınlar, tərkibi dəyişsinlər və sonda bu yerləri kürdlərə versinlər. Bu oyun 50 ildir ki davam edir. İndi də Ön Asiyadakı hadisələr fonunda bu ideyanı gerçəkləşdirmək istəyirlər. Əlbəttə, Türkiyə bura gücü çatdığı qədər müdaxilə edir. Azərbaycan isə bu məsələdə Türkiyənin yanında olmalıdır. Təbii ki, burada beynəlxalq məsələlər olsa da, həmin ərazilərdə azərbaycanlılar yaşayır. Onlar bizim dildə danışırlar, Fizülinin nəslidir, mənəvi, tarixi və etnoqrafik baxımından bizə daha yaxındır. Baxmayaraq ki, uzun illər Osmanlı idarəçiliyində olublar. Bu mənada Azərbaycan xalqının və dövlətinin bu məsələlərdə sözünü deməyə haqqı var”.
Sonda F.Cəlilov deyib ki, indi adı çəkilən regionda mürəkkəb vəziyyət var: “Ancaq bizim üçün bütün hallarda Mosulun İraq hökumətinin nəzarətində qalması sərfəlidir. Əgər Mosulun idarəçiliyi Bərzaninin əlinə keçsə, vəziyyət daha da pis olacaq. Onsuz da orada ciddi demoqrafik proseslər aparılır, kürdlərin sayı artır. Belə davam edərsə, bir neçə il sonra bu oyun Kərkükün başında oynanılacaq. Bu ssenari kənarda yazılıb, onu gerçəkləşdirən imperialist mərkəzlərdir. Kənardan baxanda biz görürük ki, orada hansı oyun gedir və nələri həyata keçirmək istəyirlər. Ən dəhşətlisi odur ki, İŞİD-in tutduğu ərazilər sonradan PYD-nin əlinə keçir. Deməli, bu da planın bir tərəfidir”.
NEMƏT