29 Sentyabr 2016 15:45
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanda yerləşən Qərbi Azərbaycan vilayətinin adı vaxtaşırı təhrif olunur. Son vaxtlar bu tendensiya daha da güclənib.

Bu günlərdə Urmiyanın İran parlamentindəki millət vəkili Nadir Qazipur da məsələyə münasibət bildirib. Millət vəkili deyib:

“Urmiyada keçirilən kitab sərgisində Urmiya bir vilayət kimi təqdim olunub. Halbuki Urmiya vilayət deyil, Qərbi Azərbaycan vilayətinin bir şəhəridir. Bəziləri belə sözlərlə Azərbaycan əhalisinin arasında nifaq salmaq və onun birliyini pozmaq istəyir, lakin biz heç vaxt başqalarının bizim haqqımızda qərar verməsinə icazə vermərik”.

Urmiya ilə bağlı narahatlıq artıq xeyli vaxtdır davam edir. Baş verənləri Teleqraf.com-a şərh edən Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Azərbaycandakı təmsilçisi Nəbi Soytürk bildirir ki, güneydəki bütün Azərbaycan şəhərləri üzərində vaxtilə bu cür planlar, oyunlar olub.

Onun sözlərinə görə, Urmiya üzərində bu planlar ikiqatdır: “Məsələn, Ərdəbil şəhəri üzərindən Azərbaycan sözü 1990-cı illərdə götürüldü. Ərdəbil özü də Şərqi Azərbaycan vilayətinə daxil idi. Zəncan, Həmədan, Qəzvin kimi şəhərlər də vaxtilə rəsmi və qeyri-rəsmi Azərbaycanın olub. Sonra bu ad onların üzərindən tədricən götürüldü. Yəni, Zəncan, Həmədan, Qəzvin də Ərdəbil kimi ayrıca əyalətə çevrildi. Onların da üzərindən Azərbaycan sözü götürüldü.

İndi Urmiya ilə bağlı fikirlər də həmin planın uzantısıdır. Məsələ Urmiyaya gələndə vəziyyət bir az da mürəkkəbləşir. Urmiyada qeyd elədiyim plan da var. Amma Urmiya həm də Azərbaycanla Türkiyənin strateji ortaq nöqtəsidir. Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətləri Türkiyə, Naxçıvan, Azərbaycan Respublikası ilə Güney Azərbaycanı, bir qədər də irəlilədikcə Xəzər dənizi vasitəsilə Orta Asiyanı birləşdirən nöqtələrdir. Ona görə Urmiya üzərində xüsusi planlar var”.

Nəbi Soytürkün sözlərinə görə, Urmiyaya PKK terror təşkilatı da iddia edir: “Uzun müddətdir bu təşkilat oranı Kürdüstan hesab edir. Bu iddianı Avropada da yayıblar. Hətta bu xəbərlər BMT-yə də çatıb. Onlar Urmiyada kürdlərin sayını süni yollarla artırırlar. Bunu əsasən 3 yolla edirlər.

Birinci yol dünyaya çoxlu uşaq gətirmək, ikinci yol istədikləri torpaqları pul verib almaqdır. Aldıqları torpaqlara sonradan köçüb məskunlaşma həyata keçirirlər. Üçüncüsü, bu məskunlaşma və əhali sayını artırma prosesini qaçaqmalçılıqdan əldə etdikləri pulla icra edirlər. Bununla Urmiyanın demoqrafik tərkibini yavaş-yavaş dəyişir və Urmiyanın yer adlarına yeni adlar verməyə başlayırlar.

Məsələn, Maku şəhərinə Armanşəhr, yəni armanların şəhəri adı veriblər. Öz aralarında da Armanşəhr deyirlər. O qrupların içində bir çoxları Urmiyaya Mokriyan adı veriblər. Bu da bir başqa plandır. Onlar fikirləşirlər ki, Urmiya üzərindən Qərbi Azərbaycan sözünü götürmək çətin olsa, bəlkə Qərbi Azərbaycan vilayətini bir neçə yerə bölək?! Yəni, mərkəzi Miyandab-Qoşaçay olmaqla bir, mərkəzi Mahabad olmaqla başqa bir vilayət yaradılsın. Bu da bir fikirdir.

Ona görə də hazırda masa üzərində üç plan var: Qərbi Azərbaycan vilayətini Urmiya vilayəti adlandırmaq, Qərbi Azərbaycan vilayətini bir neçə yerə parçalamaq və nəhayət, Qərbi Azərbaycan vilayətinin şəhərlərinə ayrı-ayrı kürd adları qoymaqla bu yerləri Azərbaycan adından uzaqlaşdırmaq”.

Nəbi Soytürk qeyd edib ki, PKK kimi kürd qruplaşmaları təkcə Qərbi Azərbaycanda deyil, Türkiyə ərazisində də bir çox yerlərə iddia edirlər: “Görürsən Qarsa, İğdıra da deyirlər ki, bura Kürdüstandır. Məsələn, İraqda Kərkükə Kürdüstan deyirlər. Hətta Naxçıvan-filan da bunların xəritəsində var. Onların iştahı böyükdür. Qərbi Azərbaycana gəldikdə onların bu iddiası fars şovinizmini çox da narahat etmir”.

Müsahibimiz kürd qruplaşmalarının İranda da çoxluq təşkil etdiklərini vurğulayıb: “İranda kommunistlər, sosial demokratlar-filan var. Onların da əksəriyyəti PKK-dan xətt alır”.

İran hakimiyyəti PKK-nı və onun İran qolu olan PEJAK-ı tanımır, ona qarşı silahlı mübarizə aparır. Belə olan təqdirdə rəsmi Tehran onların Qərbi Azərbaycan vilayətində fəallığına niyə göz yumur?

Nəbi Soytürk PKK-nın İran qolunun elə Qərbi Azərbaycanda yerləşdiyini xatırladır: “İran PKK-nın yaraqlılarına, terror fəaliyyəti ilə məşğul olanlarına qarşıdır, buna müqavimət göstərir. Amma ideoloji təbliğatla məşğul olmasına, bu yerlərin Azərbaycan deyil, kürd torpağı olduğuna dair fikirlər yaymasına göz yumur. Yəni, məsələ Azərbaycanın əleyhinə olanda PKK kürdləri ilə fars şovinistləri birləşməyi bacarırlar”.

Səxavət HƏMİD


Müəllif: