30 Sentyabr 2016 15:54
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin oktyabrın 11-də Türkiyəyə səfər edəcək. Türkiyə Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu bildirib ki, V.Putinin səfərinin məqsədi Türkiyə-Rusiya Birgə İqtisadi Komissiyasının iclasında iştirak etməkdir.

Bu səfərin Rusiya-Türkiyə münasibətlərinin inkişafında hansı rol oynayacağına dair Teleqraf.com-un sualını cavablandıran politoloq Rasim Ağayev deyib ki, iki ölkənin münasibətləri ilə bağlı istər Azərbaycanda, istər Moskvanın özündə, istərsə də Qərbdə çoxlu söz-söhbətlər gəzir. Onun sözlərinə görə, belə söz-söhbət var ki, guya Türkiyə ənənəvi siyasətini dəyişir, Qərbə qarşı Rusiya ilə yeni bir blok yaradır: “Mənə elə gəlir ki, bu cür söhbətlər, ümumiyyətlə hadisələri tələsdirir. Əslində söhbət ümumiyyətlə, düyada qlobal miqyasda ciddi siyasi dəyişikliklərdən gedir. Bu dəyişikliklər bir tərəfdən qlobal superdövlətin yaranması ilə bağlıdır. Bu vəzifəni ABŞ öz üzərinə götürüb. Digər tərəfdən iki böyük dövlət də öz iddialarından çəkilməyib. Bunlar Rusiya və Çindir. Təbii ki, bu arada böyük dövlətlərlə bu və ya digər şəkildə siyasətlərini quran ölkələr öz siyasətlərinə müəyyən dəyişikliklər etməyə məcburdurlar”.

“Ərdoğanın yenidən Rusiyaya dönməsinin səbəbi budur”

R.Ağayev bildirib ki, Putinlə Ərdoğanın ciddi əməkdaşlıq əlaqələri qurmaları, tez-tez görüşərək fikir mübadiləsi aparmaları bir növ Amerika ilə bağlı ortaya çıxan məsələləri həll etmək istəyi ilə bağlıdır: “Türkiyə-Rusiya əməkdaşlığı yaxın gələcəkdə sıx əlaqələrin qurulmasına gətirib çıxaracaq. Bu da ciddi şəkildə Türkiyə-Rusiya bazarının yaranması deməkdir. Bunu da sonra ayırmaq çox çətin olacaq. Bu o deməkdir ki, NATO-nun ən cənub cinah ölkəsi olan Türkiyə faktiki olaraq Rusiya ilə əməkdaşlıq edir və NATO ilə Türkiyənin də əlaqələri zəifləyir. Çünki biz gördük ki, birinci Türkiyə-Rusiya yaxınlaşması zamanı, “Su-24” təyyarəsi vurulmazdan öncə türk malları Rusiya bazarlarına daxil olmuşdu. Digər tərəfdən, Türkiyənin investisiyaları və iş adamları çox yaxşı qazanc mənbəyi tapmışdılar. Ərdoğanın yenidən Rusiyaya necə deyərlər, dönməsinin səbəbi bununla bağlıdır. Çünki iş adamları ciddi şəkildə öz narazılıqlarını bildirdilər. Yəni, bu, kiçik məsələ deyil. Rusiya ilə əlaqələrin inkişafı, Rusiya bazarı Türkiyəni indiki böhran vəziyyətindən çıxaran alətlərin biridir. Ona görə də Ərdoğanla Putinin danışıqları ciddi keçəcək, bir neçə məzmunlu olacaq və ən əsası onlar perspektivli məsələləri həll etməyə məcburdurlar”.

Politoloq qeyd edib ki, Türkiyə ilə əlaqələrin inkişafı şimal qonşumuza ona tətbiq olunan sanksiyaların altından çıxmağa kömək edəcək: “Əgər Türkiyə ilə əməkdaşlıq başlasa, bu, türk mallarının Rusiyaya keçməsi deməkdir. Bu baxımdan Türkiyə Amerikanın sanksiya siyasəti nəticəsində Rusiya bazarında müstəsna üstünlük qazanmış oldu”.

“Moskvada Rusiya-Türkiyə əlaqələrinə çox böyük ümidlə baxırlar”

Müsahibimiz onu da bildirib ki, yaxın vaxtlarda Türkiyə-Rusiya münasibətləri xeyli inkişaf edəcək və bunun da region ölkələrinə çox böyük xeyri dəyəcək: “İstər Azərbaycana, istər Gürcüstana, istər Ermənistana bunun müsbət təsirləri çox böyük olacaq. Onu da deyim ki, Moskvada Rusiya-Türkiyə münasibətlərinə çox böyük ümidlə baxırlar. Ancaq Moskvada ciddi anti-türk qüvvələr var. İlk növbədə Moskva bürokratiyasında çox güclü yer tutan erməni lobbisi əlindən gələni edəcək ki, bu prosesə öz mənfi təsirlərini göstərsinlər. Mənə elə gəlir ki, Ermənistan-Türkiyə münasibətləri də Putinlə-Ərdoğanın danışığı zamanı öz həllini tapa bilər. Çünki Putin üçün daha komfortlu ola bilər ki, arada olan bu problemlər – Ermənistan da bir problemdir, ayağa batan tikandır – həllini tapsın. O zaman əməkdaşlıq istiqamətində əl-qol daha da açıla bilər”.

“Ərdoğan Putinə deyə bilər ki...”

Rusiya-Türkiyə əməkdaşlığının regionun digər ölkələrinə, o cümlədən Azərbaycana göstərəcəyi müsbət təsirlərə gəldikdə isə, R.Ağayev qeyd edib ki, ilk növbədə Ermənistanın Rusiyanın strateji müttəfiqi olmasını nəzərə almaq lazımdır: “Təbii ki, əgər mənim müttəfiqim kiminləsə yaxın əməkdaşlıq edirsə gərək mən də bu prosesə qoşulam və öz siyasətimə istər-istəməz müəyyən lazımı dəyişikliklər gətirəm. Bunu Putin də başa düşür, Ərdoğan da. Ərdoğan diplomatik söhbət zamanı deyəcək ki, Rusiyadakı erməni lobbisi bizim ölkəmiz barədə mənfi rəy yaradır. Siz bunu yaxşı bilirsiz. Gəlin bu məsələni də həll edək, onların Azərbaycanla bağlı problemləri var. Gərək bunu həll edək ki, münasibətlərimiz daha da inkişaf etsin. Putin də bununla məşğuldur. Təsiri belə olacaq; kobud desək, Putin Ermənistana deyəcək ki, özünü yığışdır. Nə vaxtadək sən Türkiyə ilə düşmənçilik edəcəksən? Nə vaxtadək sən Azərbaycanla müharibə vəziyyətində qalacaqsan? Bunlarla düşmən vəziyyətindəsən. Həmçinin, Gürcüstanla da eyni vəziyyətə keçirsən. Onu da bilmək lazımdır ki, Ermənistan həmişə Rusiyanın siyasətində, xüsusilə xarici siyasətində çox ciddi yer tutub. Onlar Rusiyanın siyasətinə təsir göstərməklə çox böyük fayda veriblər. Onların lobbi qrupları var, Avropanın və Amerikanın aparıcı ölkələrinə müəyyən təsirləri var. Onlardan məlumatlar da gəlir. Yəni, arada çox şeylər var”.

“Azərbaycanın mövqeyi möhkəmlənir”

Politoloq bildirib ki, Azərbaycan Türkiyə ilə müttəfiqdir və bu prosesdə ölkəmiz də müttəfiq kimi çıxış edəcək: “Yəni, Azərbaycanın mövqeyi möhkəmlənir. Təsəvvür edin ki, Azərbaycanın Rusiya ilə əməkdaşlığı inkişaf edir, bu anda Türkiyə ilə Rusiyanın münasibətləri pisləşir. Bir də var Türkiyə ilə Rusiya əməkdaşlıq perspektivləri açılır, Azərbaycana da bu lazımdır. Çünki biz bilirik ki, Azərbaycan açıq-aşkar iki istiqamətli siyasət aparır. İndi də hiss olunur ki, Azərbaycan Qərbin sanksiyalarına baxmayaraq Rusiya ilə əməkdaşlıqdan imtina etməyəcək. Rusiya ilə əlaqələr əvvəlkitək güclənəcək. Azərbaycan Qərbin sanksiya siyasətinə qoşulmaq fikrində deyil, əksinə Rusiya ilə əməkdaşlığı genişləndirir və sair. Təsiri də budur ki, Azərbaycanda Rusiyanın mövqeyi, rolu artacaq”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər