Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Ermənistanın yeni müdafiə naziri Viqen Sarkisyanın təyinatına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, A.Mirzəzadənin fikrincə, Ermənistanın yeni müdafiə naziri Viqen Sarkisyan “peşəkar hərbçi” və “böyük həyat təcrübəsi” olan bir "kadr"dır: “Bütün ömrü boyu kabinet işində çalışmaqla o, hərbi və hərbi-taktiki işi çox gözəl “öyrənib”. 20 yaşında Ermənistan parlamenti spikerinin köməkçisi olub, hərbi xidməti 25-28 yaşlarında - 2000-2003-cü illərdə Ermənistan Müdafiə Nazirliyinin əsas binasında referent kimi keçib. 28 yaşında Robert Koçaryanın köməkçisi, 29 yaşında - 2009-2011-ci illərdə isə prezident aparatının rəhbər müavini olub. O, 36 yaşında - 2011-ci ildən indiyədək Ermənistan prezident aparatının rəhbəri vəzifəsini tutub. Düşmən ölkənin belə “hazırlıqlı” hərbi nazirinə qarşı Azərbaycanın ömrünü səngərlərdə keçirmiş, təlimlərdən başqa heç nə görməmiş zabitləri nə düşünürlər?”
A.Mirzəzadə onu da əlavə edib ki, Ermənistanda ilk növbədə təfəkkür dəyişilməlidir, nazirin kim olması əhəmiyyətli deyil.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Viqen Sarkisyanı Prezident Administrasiyası rəhbəri vəzifəsindən azad edərək müdafiə naziri postuna gətirib.
Nərgiz