“Biz Siyasi Əməkdaşlıq Mərkəzinin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etmişdik. Bu format daxilində münasibətlərin qorunub saxlanmasını istədik və vaxtaşırı toplantılarımız olur, əməkdaşlıq və tədbirlərimizi məsləhətləşirik. Yəni əməkdaşlıq formatında 2014-cü ilin avqustundan bu günə qədər olan münasibətlərimiz normal səviyyədədir”.
Bunu Teleqraf.com-a Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.
Qeyd edək ki, artıq VİP-in “Azadlıq” Partiyaların Siyasi Əməkdaşlıq Mərkəzindən çıxdığı haqda xəbərlər yayılıb. Hətta VİP-in ADP ilə birlikdə blok yaratdığına dair danışıqların getdiyi də bəllidir.
Əli Əliyev deyir ki, rəsmi olaraq münasibətlərin dayandırılmasına xitam verilsə də, vaxtaşırı bir araya toplaşır və ictimaiyyətə də bu format Siyasi Əməkdaşlıq Mərkəzi kimi təqdim edirlər: “VİP prinsipcə bu format daxilində təmsil olunan və olunmayan kimi də görünür. Çünki bu qurum partiyalar qarşısında heç bir öhdəlik yaratmır. Bu sadəcə əməkdaşlıq formatıdır. Biz təşkilatı təsis edəndə bunu ciddi münasibətlər çərçivəsində formalaşdırmamışıq. Düzdür, bu qurumun adı və formatı bir necə dəfə dəyişdirilib, lakin partiyaların münasibətləri olduğu kimi saxlanılıb. Biz son tədbirimizi referendumdan bir neçə gün əvvəl keçirmişik və hamımız da burada iştirak etmişik. Ola bilsin ki, gələn həftə yenidən toplaşaq. Belə münasibətlər VİP-i qane edir. Əlbəttə, yeni siyasi situasiya yaranarsa biz hansısa formatda əməkdaşlığı davam etdirəcəyik”.
Əli Əliyev qeyd edib ki, hazırda ADP ilə ikitərəfli əməkdaşlıq münasibəti qururlar: “Ancaq hələlik bu rəsmi müstəviyə keçməyib. Biz sadəcə olaraq məramımızı ifadə etmişik. Həmçinin referendumun başlanğıc və sonunda birgə mövqeyimiz ifadə olunub. Son toplantımızda da belə qərara gəlmişik ki, iki partiya arasında münasibətləri rəsmiləşdirmək üçün təşkilatlar öz daxillərində müzakirələr aparıb qərar versinlər. Bu faktiki olaraq Partiyaların Siyasi Əməkdaşlıq Mərkəzində ki, fəaliyyətimizə mane olmur. Mərkəzdə olan münasibətlər xəfif və səthi xarakterdədir, bu ancaq məsləhət xarakteri daşıyır. Orada olan partiyaların kənar münasibətlər qurması üçün maneə də mövcud deyil”.
NEMƏT