ABŞ dövlət katibi Con Kerri bugünlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “liderlər buna hazır deyillər” fikrini səsləndirib. Sözsüz ki, bu açıqlama ikili standartların təzahürü olmaqla yanaşı ABŞ-ın münaqişənin həllində üzərinə götürdüyü missiyaya uyğun deyil.
Supergüc, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətin ikinci şəxsi az qala 25 illik tarixçəsi olan Dağlıq Qarabağ münaqişəsinin həllini 1948-ci ildən bu günə kimi davam edən İsrail-Fələstin münaqişəsindən də mürəkkəb hesab edirsə, ancaq eyni zamanda Serbiya, İraq, Liviya, Ukrayna, Gürcüstanla bağlı tam fərqli mövqe ortaya qoyursa, ABŞ-ın hazırkı mövqeyini başqa yöndə izah etmək mümkün deyil.
C.Kerrinin iddiası ATƏT-in Minsk Qrupu həmsədrlərinin ən yüksək səviyyədə verilmiş mövcud status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarına da ziddir. Status-kvo qəbulolunmazdırsa, o zaman münaqişənin həll yolu tapılmalıdır. Bu həll BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, dünyanın aparıcı təşkilatlatlarının qəbul etdiyi çoxsaylı sənədlərə əsaslanmalıdır.
Əgər Azərbaycan və Ermənistan liderləri özləri razılaşacaqdılarsa, onda ATƏT-in Minsk qrupuna nə ehtiyac vardı?
Onu da qeyd edək ki, 2016-cı ilin aprel hadisələrindən sonra ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı fəallığını artırdığı halda, ABŞ dövlət katibinin hansı səbəbdən belə absurd bəyanatla çıxış etməsi artıq dövlət katibi postunu tərk etməyə hazırlaşan C.Kerrinin erməni lobbisinə yaxınlaşmaq xətti tutmasının və onun qarşısında öz öhdəliklərini sona kimi yerinə yetirmək əzmində olmasının göstəricisidir. Təkcə onu qeyd etmək yerinə düşər ki, C.Kerri də daxil olmaqla bir qrup senator 1990-cı il 20 yanvar hadisələri ərəfəsində M.Qorbaçova müraciət ünvanlayaraq “160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyi”ni önə çəkmişdi. C.Kerrinin erməni lobbisi ilə yaxınlığını və erməni təəsübkeşliyini təsdiq edən digər çoxsaylı faktlar mövcuddur.
“Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev Teleqraf.com-a açıqlamasında bildirib ki, C.Kerrinin bu bəyanatı əsasən, ABŞ və Rusiyanın Suriya məsələsində ortaq məxrəcə gələ bilməməsindən irəli gəlir. İndiki vəziyyətdə Suriya hadisələrinin Dağlıq Qarabağ münaqişəsinin həllini ikinci plana atdığını qeyd edən A.Nağıyevin fikrincə, münaqişənin hərbi yolla həlli Azərbaycann xeyrinə ola bilər: “Düşünürəm ki, Con Kerrinin bu bəyanatı əsasən, ABŞ və Rusiyanın Suriya məsələsində ortaq məxrəcə gələ bilməməsindən irəli gəlir. Bundan sonra məhz Rusiyanın nüfuz qazanmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü ələ almaq istəyi də nəticə vermədiyi üçün ABŞ artıq öz iradlarını burada da bildirməyə başlayır. Maraqlısı odur ki, hər iki dövlət ATƏT-in Minsk Qrupunda təmsil olunurlar. Məlumdur ki, ABŞ-da noyabrda prezident seçkiləri keçirilməlidir və hazırkı ABŞ iqtidarı gələcəkdə qınaq obyekti olmamaq üçün bu cavabdehliyi kiminsə üzərinə qoymalıdır. Buna görə də beynəlxalq qurumlar ermənilər və onların havadarlarının qeyri-konstruktiv addımlarına reaksiya verməlidirlər”.
A.Nağıyev Azərbaycan tərəfinin ərazi bütövlüyü çərçivəsində istənilən danışıqda iştirak etməyə hazır olduğunu və münaqişənin dondurulmuş halda saxlanmasının Ermənistanın xeyrinə olduğunu vurğulayıb: “Bu, həm səhra komandirlərindən ibarət hakimiyyət nümayəndələrinin, həm də onların havadarlarının əsas məqsədi və məramıdır. Hazırda Suriya hadisələri Dağlıq Qarabağ münaqişəsini təbii ki, ikinci plana çəkib. Çox təəssüf ki, dünyada bu qədər uzanan münaqişə ocağı demək olar ki, yoxdur. Hərbi yolla münaqişənin həlli Azərbaycanın xeyrinə nəticələnə bilər, bu isə itkilər və bir sıra digər hadisələrlə müşayiət oluna bilər. Daha doğrusu, bu iki dövlət arasında gedən müharibə yox, regionun alovlanmasına gətirib çıxarar. Məhz buna görə də BMT və digər beynəlxalq qurumların qərarları və qətnamələri çərçivəsində münaqişənin həllinə üstünlük verilməlidir və bu qurumlar da təcavüzkar ermənilər və onların havadarlarına iqtisadi və siyasi təzyiqləri artırmalıdırlar”.
Politoloq bildirib ki, ABŞ-dakı seçki öncəsi vəziyyətdən erməni lobbisi də məharətlə istifadə edir və bu iz heç şübhəsiz, C.Kerrinin bəyanatında da var.
A.Nağıyev qeyd edib ki, C.Kerrinin iddiası ATƏT-in Minsk Qrupu həmsədrlərinin ən yüksək səviyyədə verilmiş mövcud status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarına da ziddir: “Təəssüf hissi doğuran məqam da məhz budur. Belə ki, BMT-nin mandatına uyğun olaraq Təhlükəsizlik Şurasının üzvü olan ABŞ ATƏT-in Minsk Qrupunda təmsil olunaraq belə bəyanat yayır. Düşünürəm ki, bunun bir səbəbi də Rusiya ilə regional nüfuz savaşından irəli gəlir. Bu proses noyabra qədər davam edəcək”.
Politoloq bu gün Azərbaycanın şərt irəli sürən və diqtə edən tərəf olduğunu vurğulayıb: “Görüş naminə görüşlər keçirmək isə bizə gərək deyil. Biz beynəlxalq hüquq çərçivəsində, yəni ərazi bütövlüyü şərtilə istənilən danışıqlara hazırıq. ATƏT və digər qurumlar isə ermənilərə təzyiq mexanizmi kimi bu gün vacib bənddir”.
Səxavət HƏMİD