7 Oktyabr 2016 15:27
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və ABŞ arasında böhran çoxdandır ki, müşahidə edilir. Bu iki dövlət arasında yaranan qarşıdurma digər problemlərə, o cümlədən Cənubi Qafqazda gedən proseslərə də təsirsiz ötüşməyəcək”.

Bunu ABŞ-Rusiya münasibətlərinin hazırkı durumunu Teleqraf.com-a şərh edən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib.

Təcrübəli diplomat hesab edir ki, Rusiya-ABŞ dövlət adamlarının bir-birinə ünvanladığı siyasi və hərbi bəyanatlar sonda müharibənin başlamasına səbəb olmayacaq: “Mən bu ehtimala ciddi inanmıram. Düzdür, münasibətlər böhran şəklini alıb. Lakin bu toqquşmaya gətirib çıxarmaz. Ola bilsin ki, hərbi baxımdan qarşıdurma digər məkanlarda özünü büruzə verə bilər. Məsələn, Suriyada. Və ya bu, ABŞ-la Rusiyanın Ukrayna məsələsində əməkdaşlığına təsir edə bilər. Lakin bu böhran iki ölkə arasında bilavasitə hərbi qarşıdurmaya səbəb olmaz”.

Tofiq Zülfüqarov Rusiya hərbçilərinin ABŞ hərbçilərinə atəş açacağını da inandırıcı hesab etmir: “Mən bu ehtimala inanmıram və inanmaq istəmirəm. Sözsüz ki, hərbi və iqtisadi baxımdan ABŞ güclüdür. Demək istəmirəm ki, Rusiya hərbi cəhətdən zəifdir. Əksinə, nüvə silahları mövcuddur. Ancaq digər element və komponentləri ABŞ-la müqayisədə aşağı səviyyəddədir. İnandırıcı deyil ki, Suriyaya görə ABŞ və ya Rusiya nüvə silahlarından istifadə edəcək və dünya svilizasiyanı məhvə aparacaqlar. Məncə, vəziyyət bu şəkildə qalacaq, çünki balans mövcuddur. Açığı, Rusiyanın dövlət marağı, iqtisadiyyatı üçün Əsədi dəstəkləməsinin nələr verdiyini deyə bilmərəm. Vəziyyət göstərir ki, Rusiya elitası Suriya məsələsi ilə sanki ABŞ-a mövqeyini və varlığını göstərmək istəyir. Amma Suriyanın Rusiya iqtisadiyyatına nə verdiyini demək çətindir. Odur ki, bu prinsiplərə görə tərəflərin dünyanın üzərindən xətt çəkməsinə inanmıram”.

NEMƏT


Müəllif: