“Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. 2012-ci ildə hakimiyyətə gələn “Gürcü Arzusu” özünün ən böyük imtahanını verəcək. Bugünki seçkinin nəticəsi barədə proqnoz vermək, kimin qalib gələcəyini və sonra hansı hadisələrin baş verəcəyini demək bir neçə səbəbə görə çətindi”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Fuad Çıraqov bildirib.
O qeyd edib ki, proqnoz üçün vəziyyəti çətinləşdirən əsas məqam Milli Demokratiya İnstitutu, Beynəlxalq Respublikaçılar İnstitutu və digər təşkilatların keçirdiyi rəy sorğularının son 1-2 il ərzindəki nəticələridir: “Belə ki, bu təşkilatların sorğuları əhalinin 60 faizə yaxınının seçkilərdə hansı partiyaya səs verəcəyini müəyyənləşdirmədiyini göstərir. Digər tərəfdən hakim koalisiya və əsas müxalifət partiyası arasında nisbi bərabərlik yaranıb. Belə ki, 2012-ci il seçki ərəfəsində sosioloji sorğularda “Gürcü Arzusu” seçicilərin 60-70 faizinin dəstəyini qazanırdı və cəmiyyətdə aqressiv formada geniş anti-Saakaşvili əhval-ruhiyyəsi yaranmışdı. Əhali Saakaşvilidən artıq sadəcə bezmişdi. Digər tərəfdən ruslarla münasibətləri normallaşdırmağa çalışan Obama administrasiyası ABŞ-ın Respublikaçılar Partiyası ilə daha yaxın münasibəti olan Saakaşvilinin getməsini istəyirdi. Məhz bunlara görə də o zaman Saakaşvili hakimiyyəti seçkiləri saxtalaşdıra-manipulyasiya edə bilmədi”.
F.Çıraqov qeyd edib ki, ötən müddət ərzində “Gürcü Arzusu”na olan dəstək bir neçə dəfə azalıb: “Nəticədə əhalinin geniş kütlələrində hər iki hakim partiyanın ötən müddət ərzində fəaliyyəti ilə bağlı geniş məyusluq hissi yaranıb. Bunun əsas səbəbi Gürcüstanda 2003-cü il inqilabından sonra 3 əsas problemin həll edilə bilməməsi idi. Birincisi, korrupsiyaya qarşı mübarizənin effektiv nəticələrinə və iqtisadi sahədə bir çox uğurlara baxmayaraq əhalinin sosial-iqtisadi problemlərinin həllində elə də böyük nəticələr əldə edilə bilinmədi. İkincisi, ölkənin ərazi bütövlüyü təmin edilmədi. Üçüncüsü, avroatlantik institutlara üzvlüklə bağlı gözləntilər özünü doğrultmadı. Bu səbəblərə görə məhz hazırkı qeyri-müəyyənlik mənbəyi olan 60 faizlik boşluq əmələ gəlib. Bu həm də hamıdan narazılıq göstəricisidir. Bu ümumi narazılığa və hətta vəziyyəti gərginləşdirə biləcək insidentlərə (Okuraşvili və Tarqamedze silahlı insidentləri) baxmayaraq, əvvəlki seçki ərəfələri ilə müqayisədə vəziyyət nisbi sakit və qeyri-müəyyəndir”.
Analitik bildirib ki, 60 faizlik göstərici həm də cəmiyyətin apolitikliyinin göstəricisidi: “Məsələ həm də burasındadır ki, 4 il geniş əhali kütləsinin “Gürcü Arzusu” barəsində məyusluğunun və narazılığının hələ onun dözülməzliyi və qəbuledilməzliyi səviyyəsinə keçməsi üçün çox qısa müddətdir. Bu hələ 60 faizlik apolitiklik səviyyəsindədir. Eyni zamanda 4 il Saakaşvili hökumətindən narazılıqların tam unudulması və yenidən xilaskar obrazının yaradılması üçün də qısa müddətdir”.
F.Çıraqovun sözlərinə görə, 60 faizlik boşluğa bənzər vəziyyətlər digər ölkələrin nümunəsində bir çox hallarda sürprizlər ortaya qoyub: “Məsələn, İsraildə ötən Knesset seçkiləri ərəfəsində bütün sorğular az faizlə də olsa Netanyahunun uduzacağını göstərirdi və 25 faizlik boşluq vardı. Onda “Nyu-York Tayms” başda olmaqla bütün liberal mətbuat əvvəldən bayram edirdi ki, bəs Netanyahu gedir. 25 faizlik boşluq öz sürprizini etdi və Netanyahu hakimiyyətdə qaldı.
Gürcüstanda 60 faizlik boşluğu doldurmaq üçün bir sıra qüvvələr, xüsusilə avroatlantik məyusluğu istismar etməyə çalışan Rusiyameyilli dairələr sistemli iş apardılar, hələlik elə də əhəmiyyətli təsiri görünmür, ancaq gələcəkdə necə olacağını demək çətindir. 60 faizlik qeyri-müəyyənlik həm də bugünki seçkilər zamanı hakimiyyətin administrativ resurslardan istifadə etməsinə necə reaksiya veriləcəyini sual altına qoyur”.
Səxavət HƏMİD