“Bu gün dünyada siyasi və iqtisadi böhrannın dərinləşdiyi bir vaxtda Azərbaycanda sabitlik möhkəmlənir, müxtəlif sahələrdə inkişaf davam edir”. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
B.Əliyev qeyd edib ki, bu sabitlik və inkişaf Prezident İlham Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, xalqın mənafeyinin qorunmasına yönəlmiş siyasətinin nəticəsidir: “Azərbaycan müstəqillik qazandıqdan sonra həmişə öz yolu ilə gedib, müstəqil siyasət yürüdüb. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda inkişaf və sabitlik mövcuddur”.
Deputat vurğulayıb ki, Azərbaycan beynəlxalq əlaqələrini və nüfuzunu da gücləndirib, artıq dünya üçün mühüm beynəlxalq konfransların, forumların keçirildiyi bir məkana çevrilib: “Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna, mədəniyyətlərarası dialoq forumlarına, humanitar forumlara və digər böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir. Eyni zamanda, Azərbaycan dünya dövlətləri, beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir, dünya üçün əhəmiyyətli iri layihələrın təşəbbüskarı və əsas iştirakçısıdır. Bütün bunlar Azərbaycanın etibarlı beynəlxalq tərəfdaşa çevrilməsinin bariz nümunəsidir”.
B.Əliyev əlavə edib ki, bu gün Avropa miqrasiya böhranı qarşısında aciz qaldığı bir halda, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış böyük qaçqın və məcburi köçkün problemini təkbaşına həll edib: “Ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemləri uğurla həll olunur, onların sosial və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət proqramları icra olunur. Bu uğurlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil, milli maraqlara əsaslanan siyasətin nəticəsidir. Xalq Prezidenti dəstəkləyir və ona güvənir”.