10 Oktyabr 2016 16:33
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Forumunda çıxış edib.

Teleqraf.com xəbər verir ki, prezident ilk olaraq forum iştirakçılarını salamlayıb və Türkiyənin enerji siyasətinin önəmindən danışıb:

"Türkiyə dünya enerji siyasətində önəmli rol oynayır, enerji təhlükəsizliyi məsələsində çox böyük addımlar atır".

Azərbaycan prezidenti 15 iyulda Türkiyədə baş verən hərbi çevrilişə cəhddən də danışıb: "15 iyulda Türkiyədə baş verən hadisələr zamanı türk xalqı prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək, böyük qəhrəmanlıq göstərərək, qiyamçıların qarşısını aldı, dövlətçiliyi qorudu. Biz sizinlə fəxr edirik.

Türkiyə ilə birlikdə bir çox önəmli layihələr nəzərdə tuturuq və bu proyektlərin dünya üçün böyük önəmi var".

İlham Əliyev dünya neft sənayesi tarixinin Bakıdan başladığını forum iştirakçılarına xatırladıb: "19-cu əsrdə sənaye üsulu ilə ilk dəfə Bakıda neft çıxarıldı. 100 il sonra azərbaycanlı neftçilər dənizdən neft hasil etdilər.

Bu gün Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün üç marşrut var. Bunlardan ikisi Qara dənizə, Bakı-Tbilsi-Ceyhan neft kəməri isə Aralıq dənizinə çıxır. Biz ilk dəfə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirdik.

2007-ci ildə Azərbaycan ilk dəfə təbii qaz ixrac etdi. Azərbaycanda hazırda 2,6 trilyon metr kub təbii qaz ehtiyatı var. Dünyanın ən böyük qaz yataqlarından biri Azərbaycanda yerləşir. Bu, Şahdəniz yatağıdır. Bütün bunları nəzərə alaraq, Azərbaycandan yeni böyük qaz xətti çəkilməli idi. Dünyanın bir sıra şirkətləri buna cəhd etdi. Ancaq Azərbaycan və Türkiyə birləşərək, yeni TANAP layihəsini ortaya qoydu.

TANAP tarixi anlaşmadır. Bu layihə digərlərinə təkan verdi. TANAP Cənub Qaz dəhlizinin tərkib hissəsidir. Ümumilikdə Cənub Qaz dəhlizinin 45 milyard dollar sərmayə tutumu var.

Müstəqilliyimizin ilk illərində Azərbaycan ilk dəfə xarici investorları ölkəyə dəvət etdi. Bununla da ölkəimizin sürətli inkişafı başladı. Bu il müstəqilliyimizin 25-ci ildönümünü qeyd edəcəyik. Enerji sektoru bizim müstəqilliyimizdə böyük rol oynayır".

Prezident qeyd edib ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir.

Samir


Müəllif:

Oxşar xəbərlər