1 İyul 2014 12:08
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bədrəddin Quliyev: “Heç bir halda beynəlxalq güclərlə üz-üzə gəlməməliyik”

“Proseslər ABŞ-ın Yaxın Şərq proyektinə uyğun olaraq gedir. Çoxları düşünürdü ki, Ukrayna hadisələri ilə bu proses dayanıb. Əslində isə dünyada elan olunmayan üçüncü enerji müharibəsi gedir. Enerji daşıyıcıları olan ərazilərə sahib çıxmaq, dünyada yeni bazarlar əldə etmək üçün bu mübarizə gedir. Bu prosesin bir tərəfi Ukraynadan başlayıb. Artıq Ukrayna Rusiyanın təsiri altından çıxıb. Eləcə də, Gürcüstan və Moldova. Rusiyanın əsas planı belə idi ki, əgər Ukrayna əldən çıxacaqsa, bu ölkədə mövcud olan bəzi yataqları əldə etsin. Mütəxəssislər bilirlər ki, Qara dənizdə metan qaz yataqları var. Bu metan qazları indiyə qədər istifadə edilməyib. Amma 2 il əvvəl yaponlar metan qazından yanacaq kimi istifadə etməyə başladılar. Gələcəkdə bu texnologiyadan Qara dənizdə də tətbiq edəcəklər. Rusiya da bilirdi ki, Ukrayna əslində bu yolla Avropa bazarında iştirak edə bilər. Odur ki, Rusiya Qara dənizdə mövqeyini möhkəmlətdi, Krımı götürdü”.

Bunu Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib. Onun sözlərinə görə, Ukrayna hadisələri ilə proses dayanmayıb: “Heç kimin gözləmədiyi halda İraqda İŞİD ortaya çıxdı. Təsəvvür edin ki, 2030-cu ildə dünyada çıxacaq neftin böyük hissəsi İraqın payına düşəcək. Amma indi İraq dağılır. Yeri gəlmişkən, deyim ki, dünyada baş verən bəzi proseslərə İran-Amerika yaxınlaşması da təsir edib. ABŞ dövlət katibinin müavini səviyyəsində İranla gizli danışıqlar olub. Rusiya və Səudiyyə Ərəbistanı isə ehtiyat edir ki, İranla-ABŞ arasında razılıq əldə oluna bilər. İndi Yaxın Şərqdə böyük ölkələr öz nüfuzlarını saxlamaq üçün ABŞ-ın İranla bağlı addımlarından ehtiyat edərək sünni-şiə təriqətini ortalığa atırlar. Bu da strateji baxımdan enerji daşıyıcısı olan ölkələrdə ziddiyyətlərin yaranmasına səbəb olur. Məncə, bu gərginliyin nəticəsində Yaxın Şərqdə bir çox ölkələrin ərazisi dəyişəcək. 2015-ci ilə qədər yeni dünya düzəni ilə bağlı proseslər gedəcək”.

Partiya sədri daha sonra əlavə edib ki, indiki situasiyada Azərbaycan tərəfi normal siyasi manevrlər edir, öz problemlərinin həllinə çalışır:

“Azərbaycanın bundan başqa çıxış yolu yoxdur. Hərbi baxımdan imkan vermirlər ki, əməliyyat keçirib torpaqlarımızı işğaldan azad edək. Amma Ukrayna-Rusiya münasibətlərində bəlli oldu ki, qərb Ukraynaya dəstək ifadə edir. Biz də torpaqlarımızı özümüz işğaldan azad etmək məcburiyyətindəyik. Biz elə addım atmalıyıq ki, situasiyaya uyğun olsun. İndi Azərbaycan elə situasiyadadır ki, hamı istəyəcək bizimlə dost olsun. Çünki biz hamıya lazımıq. Biz də milli maraqlarımızı daha çox təmin edəcək, bizim əleyhimizə getməyəcək güclərlə əməkdaşlıq etməliyik. Biz heç bir halda beynəlxalq güclərlə üz-üzə gəlməməliyik. Azərbaycanın indiki qədər güclü dövrü heç vaxt olmayıb”.

CAVİDAN


Müəllif: