11 Oktyabr 2016 19:31
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Knyazlığına rəsmi səfəri çərçivəsində bu ölkənin parlamentinin sədri Albert Friklə görüşüb. XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, A.Frik Azərbaycana səfərini, eləcə də ilk Avropa Oyunlarının bağlanış mərasimində iştirakını xatırladaraq ölkəmizin dinamik inkişafını və əldə etdiyi nailiyyətlərini qeyd edib.

E.Məmmədyarov Albert Frikin keçən il ölkəmizə səfəri ilə Azərbaycan və Lixtenşteyn arasında siyasi dialoq üçün yeni imkanların yarandığını qeyd edib. O, əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə mövcud potensialdan istifadə edilməsinin vacibliyini vurğulayıb.

Nazir ölkədə aparılan köklü iqtisadi islahatlardan, Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrdən söz açıb və iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib. O, Lixtenşteyn şirkətlərini Azərbaycanda qeyri-neft sektorunda həyata keçirilən iqtisadi layihələrdə iştiraka dəvət edib.

E.Məmmədyarov həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə həmsöhbətinə məlumat verib. Nazir Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun regional sülh və təhlükəsizlik üçün əsas təhdid olduğunu qeyd edib.

E.Məmmədyarov əlavə edib ki, qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və münaqişənin həllində irəliləyişə nail olunması üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.

Səxavət


Müəllif:

Oxşar xəbərlər