12 Oktyabr 2016 19:26
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 11-də Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində Quba rayonunun Qımılqazma kənd sakinləri icmada su təminatını yaxşılaşdıran layihənin başa çatmasını qeyd ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər. Bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

“Amerika Birləşmiş Ştatları Azərbaycanla tərəfdaşlıq etməyə sadiqdir. Biz brgə işləyərək sabitliyə, demokratik tərəqqiyə və iqtisadi firavanlığa nail ola bilərik,” deyə USAID-in missiya direktoru xanım Mikaela Meredis qeyd edib. O bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin əsas məqsədi öz problemlərinin həlli yollarını tapmaq üçün Azərbaycan vətəndaşlarını bir araya gətirməkdir: “Qımılqazma sakinləri bunu edə bildikləri üçün özləri ilə fəxr etməlidir. Məhz onların səyləri nəticəsində biz bu gün bu yeni su sisteminin açılışında iştirak edirik”.

Bu layihə nəticəsində Qımılqazma kəndinin 500-dən çox sakininin həyat və sanitar şəraiti yaxşılaşacaq ki, bununla da uzun müddətdir mövcud olan texniki su qıtlığı aradan qalxacaq. Eyni zamanda, qadın və uşaqların gündəlik istifadə üçün suyu uzaqda yerləşən quyulardan gətirmək öhdəliyi də aradan qalxacaq. EWMI təşkilatının texniki dəstəyi ilə, Qımılqazma icması 15 və 25 tonluq yeni çənlər inşa edib və 850 metr uzunluğunda yeni borular quraşdırıb.

Ümumilikdə, EWMI/SEDA layihəsi Azərbaycanın 77 icmasında 12 minə yaxın insanın faydalana biləcəyi 87 icma layihəsi həyata keçirib. SEDA proqramı vasitəsilə EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər