Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin oktyabrın 14-də rəsmi qarşılanma mərasimi olub.
Teleqraf.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verib.
Pakistanın və Azərbaycanın dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Nəvaz Şərif fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Məhəmməd Nəvaz Şərifə, Pakistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif rəsmi foto çəkdiriblər.
Qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Baş naziri Məhəmməd Nəvaz Şərif ilə məhdud tərkibdə görüşü olub.