Teleqraf.com Milli Məclisinin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Publika.az-a müsahibəsini təqdim edir:
– Prezident İlham Əliyevin Türkiyəyə səfərini, bu səfər çərçivəsində Rusiya və Türkiyə dövlət başçıları ilə görüşünü, həmçinin İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirakının əhəmiyyətini necə qiymətləndirirsiz?
– Mən bu səfəri çox yüksək qiymətləndirirəm. Əgər xatırlayırsınızsa, Azərbaycanda azsaylı siyasətçilərdən biri idim ki, vaxtilə Türkiyə-Rusiya münasibətləri pozulan zaman, mən bundan böyük təəssüf hissi keçirdiyimi bildirmişdim. Rusiya təyyarəsinin vurulmasının yanlış addım olduğunu da söyləmişdim. O zaman özlərini türkiyəpərəst kimi göstərən insanlar mənə qarşı hücumlar edirdilər. Yəqin ki, siz də bunun mətbuatdan şahidisiz. O zaman mən söyləyirdim ki, Türkiyənin dövlət maraqları da tələb edir ki, bu ölkə digər türkdilli dövlətlərlə yaxın olsun. Digər türkdilli dövlətlərin bir hissəsi isə muxtariyyət kimi Rusiyanın tərkibində, digərləri isə Rusiya ilə ciddi inteqrasiya edən keçmiş SSRİ ölkələrdir. Bu dövlətlər Rusiyaya bağlı ölkələrdir. İstər Orta Asiya türk respublikaları, istərsə də Azərbaycan Rusiya ilə tarixi bağlılığa malikdir. Bundan başqa, Azərbaycanın Dağlıq Qarabağ kimi ciddi problemi var. Bu problemin də həlli Rusiyadan asılıdır. Ona görə də biz Türkiyə-Rusiya münasibətlərinin yüksək səviyyədə olmasında çox maraqlıyıq. Bununla həm də Türkiyənin Rusiyaya təsir imkanları yaranır ki, bu da Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olması üçün lazımdır.
Digər tərəfdən isə bütün dünya yaxşı bilir ki, Azərbaycan və Türkiyə bir-biri ilə təbii və səmimi müttəfiq dövlətlərdir, qardaş xalqlardır. Bu baxımdan da Türkiyə-Rusiya münasibətlərinin gərgin olması Azərbaycan-Rusiya münasibətlərinə də təsir edir. Ancaq bu gün Türkiyə ilə Rusiyanın yaxınlaşması Azərbaycanın maraqlarına tam cavab verir, bölgədə sülhə və təhlükəsizliyə xidmət edir.
Azərbaycan Prezidentinin də Türkiyəyə səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla çox isti və səmimi görüşü, hər iki liderin xalqlarımızın dost və qardaş olduqlarını bir daha bəyan etməsi münasibətlərin inkişafını daha da sürətləndirən bəyanatlardır.
Bilirsiz ki, bu səfər zamanı Prezident İlham Əliyev bir sıra ikitərəfli görüşlər də keçirib. Dünya Enerji Konqresi çərçivəsində Rusiya ilə Türkiyə arasında qaz kəmərinin çəkilməsi ilə əlaqədar sənədin imzalanması da artıq böyük uğurdur. Bu layihə həm də dövlətləri və xalqları bir-birinə bağlayır. Düşünürəm ki, bundan sonra bu ölkələrin iqtisadi əlaqələri nə qədər geniş olacaqsa, bu dövlətlər bir-biri ilə bütün sahələrdə daha sıx əməkdaşlıq edəcəklər. Buna görə də mən Prezident İlham Əliyevin Türkiyəyə səfərini, həmin ərəfədə Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin keçirdiyi görüşləri çox uğurlu və səmərəli hesab edirəm.
– Sabiq prezident Ayaz Mütəllibov öz müsahibəsində Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün heç də zərərli olmadığını, əksinə bunun ölkəmizə faydalar verəcəyini bəyan edib. Sizin buna münasibətiniz necədir?
– Düşünürəm ki, bizim işğalçı Ermənistanla eyni iqtisadi blokda olmağımız indiki şəraitdə qeyri-mümkündür. Ancaq mən hələ bir neçə il öncə söyləmişəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistandan deyil, Rusiyadan asılı olan məsələdir. Ona görə də əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə əhəmiyyətli töhfələr verərsə, o zaman Azərbaycan nəinki Avrasiya İttifaqının, hətta, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü ola bilər. Həmçinin, Azərbaycan öz enerji siyasətini Rusiya ilə razılaşdıra bilər. Hətta, Moskva istərsə, biz Qəbələdə Rusiyanın hərbi bazasını da yarada bilərik. Təki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi töhfələr versin. Amma şəxsən mən Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konkret addım atılmadan, Azərbaycanın Avrasiya İttifaqına daxil olmasını məqbul saymıram. Bizim Ermənistanla eyni iqtisadi blokda olmağımız o halda olar ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində ciddi addımlar atılsın və sülh sazişi imzalansın. Bundan sonra bütün kommunikasiya və nəqliyyat xətləri açılacaq, Ermənistan da regional layihələrə qoşulacaq və erməni xalqı bundan faydalanacaq. Dediyim kimi, bütün bunlar yalnız Böyük Sülh Sazişi imzalanandan sonra mümkün ola bilər.
– Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən həftə keçirilən toplantısında çıxışı zamanı açıq şəkildə bildirib ki, bağlı qapılar arxasında keçirilən görüşlərdə Azərbaycanı Qarabağı tanımağa məcbur etmək istəyirlər...
– Əslində, Prezident İlham Əliyev hesab edib ki, Dağlıq Qarabağla bağlı qapalı qapılar arxasında müzakirə olunan məsələləri xalqa açıq demək lazımdır. Bizim də partiya olaraq zaman-zaman hökumətə müraciətimiz olub ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən proseslər barədə xalqa reallığı açıq demək lazımdır. İndiyədək biz “sızan” məlumatlardan bildirdik ki, Azərbaycana qarşı böyük təzyiqlər var. Hətta, onu da bilirdik ki, bir sıra dövlətlər Azərbaycana təhdid edərək, Dağlıq Qarabağ üzərində öz suveren hüquqlarını bərpa edəcəyi təqdirdə, həmin ölkələr də Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqlarını bildirib. Bu istiqamətdə də Azərbaycana qarşı təhdidlər olub. Amma ilk dəfə idi ki, Prezident İlham Əliyev açıq şəkildə söylədi ki, Azərbaycana münasibətdə çox ədalətsiz davranış nümayiş etdirilir. Ona görə də münaqişənin sülh yolu ilə həllinə nail olmaq mümkün deyil.
Bəzən dünyadakı mövcud siyasi reallıqları nəzərə almadan, Dağlıq Qarabağla bağlı populist çıxışlar olunur. Deyirlər ki, gərək aprel döyüşləri zamanı Xankəndini də tutaydıq, digər yerləri də azad edəydik və sairə. Bununla da onlar xalqın hisslərinə və emosiyalarına təsir edirlər. Bu adamlar nə qədər qeyri-səmimi olsalar da, hər halda ağılları ona çatır və çox yaxşı bilirlər ki, Azərbaycan tərəfinin aprel döyüşləri zamanı atəşkəsi dayandırmaması hansı nəticələrə gətirib çıxara bilərdi. Yaxud da ordumuzun gedib Xankəndini azad etməsi Azərbaycan üçün ağır nəticələrə gətirib çıxarardı. Bilirsiniz, regionda marağı olan böyük dövlətlərin razılığı olmadan Azərbaycanın böyük hərbi əməliyyatlara başlaması çox ciddi risk tələb edir. Bəlkə də hər hansı dəlisov bir prezident nəticələri hesablamadan, düşünmədən riskli addım atır və gözlənilmədən nəticəsi də olur. Ancaq ağıllı dövlət başçıları xalqla, dövlətlə riskə getməzlər. Ona görə də Azərbaycan Prezidenti açıq mesaj verdi ki, həmin populist bəyanatlar verən şəxslər reallığı başa düşsünlər. Bəlkə də bu cür populist bəyanatları verən qüvvələr əslində Azərbaycan hökumətini riskli addımlar atmağa təhrik edirlər ki, bunun da sonunda nələrin baş verəcəyini yalnız Allah bilir. Həmin qüvvələr isə riskli addımların nəticəsində yarana biləcək qarşıdurma və çətin vəziyyətdən sui-istifadə edib, öz siyasi ambisiyalarını və məqsədlərini reallaşdıra bilər. Yəni, bu cür populist bəyanatları verən şəxslər xalqın taleyi ilə bağlı zərrə qədər düşünmürlər. Düşünürəm ki, Prezident İlham Əliyev də çox ağıllı addım ataraq, reallıqlarla bağlı xalqa məlumat vermək barədə qərar qəbul edib. Bu cür təzyiqlərə davam gətirmək üçün Azərbaycan öz ordusunu daha da gücləndirməlidir. Təbii ki, dövlət nə indi, nə də gələcəkdə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına imkan verməyəcək, bununla bağlı hər hansı sənədə imza atmayacaq.
Eyni zamanda Azərbaycan dövləti diplomatik fəaliyyətini daha da gücləndirməlidir. Türkiyə ilə hərbi sahədə əməkdaşlıq daha da genişləndirilməlidir. Çalışmalıyıq ki, Türkiyə ilə qarşılıqlı hərbi yardım haqqında müvafiq saziş imzalansın.
Yəni, bu məsələ ilə bağlı indiki mərhələdə Azərbaycanın atacağı addım məhz bunlardır. Hesab edirəm ki, bütün bunlar ən düzgün addımlardır.
– Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi yardım haqqında sazişin imzalanmasına nə mane olur?
– Təbii ki, Azərbaycan tərəfi bu sənədi imzalamağa hazırdır. Ancaq görünür ki, Türkiyənin NATO-ya üzv olması, bu sənədi imzalamaqdan bir qədər çəkindirir. Türkiyə tərəfi ona görə çəkinir ki, Azərbaycanla qarşılıqlı hərbi yardım haqqında saziş gələcəkdə Türkiyənin Rusiya ilə hərbi toqquşmasına gətirib çıxara bilər. Çünki Ermənistanın hərbi-siyasi müttəfiqi məhz Rusiyadır. Məncə, bu sənədin imzalanması bizdən çox, Türkiyədən asılı olan məsələdir.
– Azərbaycan Rusiya ilə Qərbin maraqlarının toqquşduğu regionda yerləşir. Bəlkə də bu səbəbdəndir ki, həm Rusiya, həm də Qərb Azərbaycan təzyiq etmək lazım gələndə ilk olaraq işğalçı Ermənistana hər hansı dəstək verməklə bunu nümayiş etdirir. Belə çətin proseslərin fondunda Azərbaycan öz xarici siyasətini necə qurmalıdır ki, həm Qərb, həm də Rusiya bundan narazı qalmasın?
– Düşünürəm ki, Azərbaycan ilk növbədə Rusiya ilə münasibətləri yüksək səviyyədə saxlamalıdır. Yəni, Azərbaycan rəhbərliyi təkcə prezident Vladimir Putinlə deyil, eyni zamanda Rusiyanın dövlət siyasətinə təsir edən bütün adamlarla, o cümlədən hərbi-sənaye sahəsində çalışan rəhbər şəxslərlə ciddi əlaqələr qurmalı və əməkdaşlıq etməlidir.
Bundan əlavə, Azərbaycan türkiyə ilə münasibətləri indikindən də yüksək səviyyəyə çatdırmalıdır. Bu istiqamətdə də çox ciddi addımlar atmalıdır.
Azərbaycan Rusiyanın tərkibində olan Şimali Qafqaz və digər muxtariyyətlərlə, o cümlədən Dağıstan, Çeçenistan, Tatarıstan, İnquşetiya, Başqırdıstan ilə də ciddi əlaqələr qurmalıdır. Çünki, onların əksəriyyəti türkdilli, müsəlman muxtar dövlətlərdir. Azərbaycanın bu respublikalarla yaxşı əlaqələr qurması bizim Rusiya ilə münasibətlərimizin normal olmasını şərtləndirir. Biz elə etməliyik ki, sözügedən federasiya subyektləri də Rusiya rəhbərliyinin siyasətinə təsir edə bilsin. Hətta, mən təklif edirəm ki, Azərbaycanda Rusiya üzrə ayrıca nazirlik yaradılmalıdır. Bunun adını ya Rusiya üzrə, ya da MDB üzrə nazirlik qoymaq olar. Yəni, Rusiya ilə əməkdaşlığın həyata keçirilməsi işi təkcə Xarici İşlər Nazirliyi səviyyəsində aparılmamalıdır. Bunun üçün yeni nazirliyin yaradılmasına ehtiyac var. Vaxtilə qonşu Türkiyə və Gürcüstanda da Avropa Birliyi ilə əməkdaşlıq üzrə nazirlik yaradılıb. Bu cür qurumlar bir çox ölkələrdə mövcuddur. Düşünürəm ki, Rusiyanın əhəmiyyətini və orada yaşayan 2 milyondan çox soydaşımızı nəzərə olaraq bu dövlətlə əməkdaşlıq üzrə ayrıca nazirlik yaradıla bilər. Paralel olaraq biz Türkiyə ilə də çox sıx şəkildə əməkdaşlıq etməliyik.
– Rusiya bir tərəfdən Ermənistana “İsgəndər M” raketləri göndərir, digər tərəfdən isə Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində yaxından iştirak etdiyini bəyan edir. Sizcə, Rusiya Azərbaycana qarşı nə dərəcədə səmimi mövqedə dayanıb?
– BMT və digər beynəlxalq təşkilatların son açıqlamalarına görə, müstəqilik əldə edəndən sonra Ermənistan əhalisinin 29 faizi ölkəni tərk edib. Bunun səbəbi heç də Ermənistanda iqtisadi vəziyyətin ağırlığı ilə bağlı deyil. Bu, Qarabağda yeni müharibə təhlükəsinin olması ilə izah olunur. Ermənistanda xüsusilə də gənclər ölkəni tərk edir, nəticədə isə əhali yaşlaşır. Bilirsiniz ki, bu ilin aprel ayında Moskvada Azərbaycan və Ermənistan arasında yeni atəşkəs sazişi imzalanıb. Amma bu saziş ona görə imzalanıb ki, münaqişənin sülh yolu illə həlli istiqamətində ciddi addımlar atılsın. Əgər bu addımlar atılmırsa, atəşkəs sazişinə Ermənistan tərəfi tam əməl etmirsə, Azərbaycan artıq cavab zərbələri endirmək barədə düşünməlidir. Cəbhədə irimiqyaslı hərbi əməliyyatlar olmasa belə, işğalçı erməni hərbiçilərinin məhv edilməsi prosesi davam etməlidir. Bütün bunlar Ermənistanda mövcud olan gərginliyi daha da artıracaq. Ermənistan tərəfi hər gün atəşkəsi dəfələrlə pozur. Bu baxımdan da aprel əməliyyatları miqyasında olmasa belə, Ermənistanın hər açdığı atəşinə Azərbaycan ordusunun ciddi cavab zərbələri olmalıdır. Bunun nəticəsində isə Ermənistan tərəfi ciddi itkilər verməlidir. Biz elə vəziyyət yaratmalıyıq ki, işğalçı Ermənistan özü havadarı olan Rusiyadan bu probleminin tezliklə həllini tələb etsin. Yəni, münaqişənin həllini təkcə biz Rusiyadan tələb etməyək, eyni zamanda işğalçı Ermənistan da tələb etsin. Bu baxımdan da düşünürəm ki, yaxın zamanlarda prezidentlərin görüşü baş tutmayacaqsa və Ermənistan sülh sazişinin tələblərinə əməl etməyəcəksə, bu istiqamətdə növbəti addım atılmalıdır.
Rusiyanın Ermənistana “İsgəndər M” raketlərini verməsi isə Azərbaycanın irimiqyaslı hərbi əməliyyatlardan çəkindirmək məqsədi daşıyır. Amma düşünürəm ki, Azərbaycan tərəfi bütün bunlara görə təmkinsiz davranıb Rusiya ilə münasibətləri korlamalı deyil. Əslində, bu faktın özü Azərbaycanı Rusiya ilə daha sıx işləməyə sövq etməlidir. Çünki biz bununla Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addım atmasına nail ola bilərik. Söylədiyim kimi, bunun üçün də Azərbaycan Rusiya ilə sıx işləməli və eyni zamanda cəbhədə gərginliyi artırmalıdır.
– Rusiya “İsgəndər M” raketlərini Azərbaycana da sata bilərmi?
– Doğrusu, Rusiyanın bu silahı Azərbaycana satması az inandırıcı görünür. Bu cür silahların qiyməti həddindən çox bahadır. Eyni zamanda inanmıram ki, Ermənistan o silahdan istifadə edə bilsin. Çünki bu silah böyük ərazilərə malik dövlətlər üçün nəzərdə tutulur. Ancaq Azərbaycan və Ermənistanın əraziləri coğrafi baxımdan kiçikdir. “İsgəndər M” silahından istifadə olunduğu təqdirdə, bütün region ölkələri dağıla bilər. Bu baxımdan da inanmıram ki, Rusiya Ermənistana bu silahdan istifadə etməyə icazə versin.
Digər tərəfdən isə 500 kilometrlik məsafəni vuran silahlara Azərbaycanın ehtiyacı yoxdur. Naxçıvandan İrəvana olan məsafə 70-80 kilometrdir. Azərbaycan istəsə, İrəvanı Naxçıvandan çox asanlıqla vura bilər. Bizim paytaxt İrəvanı yer üzündən silmək üçün kifayət qədər güclü və müasir silahlarımız var. Ona görə Azərbaycanın “İsgəndər M” kimi uzaq mənzilli və bahalı silahların alınmasına ehtiyacı yoxdur. Bizə sadəcə güclü raketdən müdafiə sistemləri lazımdır. Bildiyimə görə, artıq Azərbaycanda müasir raketdən müdafiə sistemləri var. Bu sistemlər daha da yenilənməlidir. Yəni, Azərbaycan daha etibarlı müasir raketdən müdafiə sistemləri almağa çalışmalıdır. Bilirsiz ki, Azərbaycan ilə İsrail arasında silah-sursat alınması ilə bağlı hərbi əməkdaşlıq mövcuddur. Azərbaycan çalışmalıdır ki, İsraildən daha müasir raketdən müdafiə sistemləri alsın.
– ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışarkən, bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri sülhə hazır deyillər. Sizcə, Con Kerrinin bu açıqlaması gələn ay ABŞ-da keçiriləcək seçkilərə hesablanıb, yoxsa ermənipərəstlikdən irəli gəlir?
– Əvvəllər də söyləmişəm və Azərbaycanda da hamı yaxşı bilir ki, ConKerri ermənipərəst mövqeyi ilə seçilən konqresmen olub. Yəni, ConKerri erməni lobbisinin nəzarətində olan siyasətçidir. Azərbaycan ilə Ermənistan arasında münaqişə başlayandan bəri, Con Kerri ermənilərin tərəfində olub. Onun Qarabağla bağlı son açıqlaması da ermənipərəst bəyanatdır. O, bu bəyanatı ilə birbaşa və açıq şəkildə işğalçı Ermənistanı dəstəkləyib. Mən bir neçə dəfə bunu bildirmişəm ki, adam gərək son dərəcə beynəlxalq hüquqa bu qədər sayğısız münasibət sərgiləməli, özünə hörmət qoymamalıdır ki, o, münaqişənin həllinin tərəflərdənasılılığını desin. Azərbaycanı işğalçı Ermənistanla bərabərləşdirmək heç bir əxlaqa və mənəviyyata sığmır. Mənəviyyatlı və əxlaqlı siyasətçi özünə sığışdırıb heç zaman bu cür fikirlər səsləndirməz. Çox təəssüf ki, Con Kerri və digər bu kimi şəxslər erməni lobbisinin maliyyələşdirdiyivə himayə etdiyi siyasətçilərdir. Bu cür siyasətçilər erməni lobbisindən aldıqlarının qarşılığında işğalçı Ermənistana xidmət göstərməlidirlər və göstərirlər.
Digər tərəfdən ABŞ bir müddət öncə Rusiyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı fəallığını müşahidə edirdi. Çünki bir müddət Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmışdı. İndi ABŞ ConKerrinin bu cür bəyanatları ilə Rusiyanın Ermənistanı tam qane etməyən təşəbbüslərini gözdən salmağa, buna mane olmağa çalışır. ABŞ yaxşı bilir ki, Qarabağ münaqişəsinin ədalətli həlli Rusiyanın regionda nüfuzunu qaldıra bilər. ABŞ Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmasını istəmir. Çünki Ukrayna və Suriya problemlərinə görə ABŞ və Rusiya arasında “soyuq müharibə” yenidən başlayıb. Bu baxımdan da Con Kerrininməlum bəyanatı həm də buna hesablanıb.ABŞ hər zaman çalışıb ki,Rusiyanın əli ilə Qarabağı alıb ermənilərə versin və bununla da bizi Rusiya ilə əbədi düşmən etsin.
Digər səbəb isə ABŞ-da erməni lobbisinin çox güclü olmasıdır. Yəni, Con Kerrinin sözügedən bəyanatının ABŞ-da prezident seçkiləri ilə bağlı başladılan seçki kampaniyasına da təsiri var. Bu da əsas səbəblərdən biridir.
Bütövlükdə, burada səbəblər toplusu odur ki, Rusiyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçiliyinə mane olmaq, ermənipərəst mövqe tutmaq və erməni lobbisinin səsini qazanmaqdır. Şübhəsiz ki, xristian həmrəyliyi də ədalətin pozulmasında əsas səbəblərdən biridir. Ermənistan xristian ölkəsi olduğu üçün, bu həmrəylik hər zaman özünü göstərib.
– Milli Məclisin son plenar iclasında “Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında” qərar layihəsi müzakirəyə çıxarılaraq, qəbul olunub. Bundan sonra Azərbaycanın Avronest Parlament Assambleyasında fəaliyyəti necə olacaq?
– Azərbaycan Avronest Parlament Assambleyasında fəaliyyətini dayandırmışdı. Avronest Parlament Assambleyası keçmiş 6 SSRİ ölkəsi ilə Avropa Parlamentinin birgə layihəsi idi. Yəni, Azərbaycan da daxil olmaqla 6 ölkə Avropa Parlamenti ilə bir yerdə Parlament Assambleyasıformalaşdırmışdı. Düşünürəm ki, Azərbaycan Avronest Parlament Assambleyasından bundan sonrakı fəaliyyətini bərpa edəcək. Çünki Avropa Parlamentinin Azərbaycana göndərdiyi nümayəndə heyəti ilə bununla bağlı birgə bəyanat imzalanıb. Onlar da öz üzərlərinə müəyyən öhdəliklər götürüblər ki, Azərbaycanla bağlı olan məsələlər əvvəlcə Avronestdə müzakirə olunmalıdır, daha sonra Avropa Parlamentinin müzakirə çıxarılmalıdır. Amma çox təəssüf ki, onlar Avronestdəmüzakirə olunmadan Azərbaycanla bağlı qərarlar qəbul ediblər. Yəni, Avropa Parlamenti Azərbaycan tərəfi ilə müzakirə etmədən hər hansı məsələni təcili olaraq plenar iclasın müzakirəsinə çıxarıb. Bu isə Azərbaycan tərəfini hər zaman narazı salıb. Düşünürəm ki, bundan sonra Avropa Parlamenti Azərbaycanla münasibətdə daha təmkinli davranacaq. Onlar da maraqlıdır ki, Azərbaycanla əməkdaşlıq davam etsin.
Ötən ay Avropa Parlamentinin bir qrup üzvü Bakıya səfər edən zaman Prezident İlham Əliyevlə görüşüb danışıqlar aparmışdı. Həmin görüşdən sonra da razılıq əldə olunub. Daha sonra əməkdaşlıq haqqında birgə bəyanat imzalanıb. Onlar Azərbaycana qarşı səhv addımlar atıldığınıetiraf edərək, öz üzərilərinə müəyyən öhdəliklər götürüblər. Öhdəlik o oldu ki, bundan sonra Azərbaycana qarşı daha ədalətli və dürüst münasibət göstəriləcək. Bütün normalara da əməl olunacaq. Azərbaycan yalnız bundan sonra əməkdaşlığın davam etdirilməsinə razılıq verib.
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinin dəyişdirilməsi ilə bağlı da hər hansı qərar qəbul olunmayıb. Deyəsən oktyabrın 26-da da Azərbaycan nümayəndə heyəti səfər edəcək, orada danışıqlar aparılacaq və bundan sonra əməkdaşlığın konkret nə vaxtdan başlanılması müəyyən olunacaq.
Bütün bunlara görə hesab edirəm ki, Azərbaycan Avropa və Qərb institutları ilə də əməkdaşlığı genişləndirməlidir. Amma biz bir faktı yaddan çıxartmamalıyıq ki, Azərbaycanın dağlıq Qarabağ problemi mövcuddur. Ona görə də biz Rusiya ilə daha sıx əməkdaşlıq etməliyik. Bu isə o demək deyil ki, Azərbaycan Qərblə əməkdaşlığını məhdudlaşdırmalıdır.
Bilirsiz, dünyada siyasi və iqtisadi baxımdan çox güclü erməni lobbisi mövcuddur. Həmin erməni lobbisi Qərb dövlətlərində, Fransada, ABŞ-da və digər ölkələrin ictimai-siyasi proseslərində, mədəni həyatında çox yaxından iştirak edirlər. Bizim bəzi ucuz divident qazanmaq istəyən populist çıxışlar edən siyasətçilərimiz var ki, onlar Azərbaycanın Qərbə inteqrasiya etməsini, daha çox əməkdaşlıq etməsini tələb edirlər. Mən onlara hər zaman deyirəm ki, siz ABŞ, Fransa və digər dövlətlərdəki erməni lobbisindən ağıllı deyilsiz. Onlara sual verirəm ki, Fransa və ABŞ-dakı erməni lobbisinin Ermənistan hakimiyyətinə oxşar çağırışlarını görmüsünüzmü? Axı ABŞ və Fransada yaşayan erməni istəməlidir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İttifaqının üzvü olmasın, Rusiya ilə əməkdaşlıq etməsin. Niyə bu cür çağırışlar Ermənistanda edilmir? Çünki həmin erməni lobbisi Fransada, ABŞ-da və digər ölkələrdə ola-ola başa düşür ki, əgər Ermənistan Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyirsə, bunu Rusiyanın əli ilə edə bilər. Ona görə də ermənilər heç zaman belə çağırışlar etmirlər. Əksinə, tövsiyə edirlər ki, Rusiya ilə daha yaxın olun. İndi mən özümüzün “ağıllı siyasətçilərimizə” üzümü tutub yenə deyirəm ki, siz Azərbaycan tamamilə Qərbə inteqrasiya yolunu tutsun, Rusiyadan imtina etsin söyləyəndə Azərbaycan dövləti və xalqı haqqında heç düşünmürsüz? Yoxsa, yalnız özünüz barədə düşünürsüz? Ona görə də Prezident İlham Əliyev söylədi ki, indiki siyasətin alternativi ölkəni xaosa, qanlı hadisələrə söykəmək demək olar. Buna görə də hesab edirəm ki, əgər biz Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyiriksə, o zaman Rusiya ilə daha da yaxın olmağa məhkumuq. Həm də onu nəzərə almalıyıq ki, Rusiya Azərbaycan üçün böyük bazardır. Bu gün Azərbaycan məhsullarının Avropa bazarlarına girməsi çox çətindir. Bu baxımdan da Rusiya Azərbaycana iqtisadi baxımdan da lazımdır. Onu da nəzərə alaq ki, bu gün Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. Buna görə də biz Rusiya ilə yaxın qonşuluq siyasəti həyata keçirməliyik. Amma çalışmalıyıq ki, Rusiyanı inandıra bilək və əvəzində isə Kreml Qarabağ münaqişəsinin həllinə töhfə versin.
– Azərbaycanda Gülən şəbəkəsi nə qədər təhlükəli hesab olunur? Yeri gəlmişkən, ötən həftə Türkiyənin “Sabah” qəzeti “FətullahçıTerror Ögütü” təşkilatının üzvləri ilə bağlı Ankaradan Azərbaycanın Baş prokuroru Zakir Qaralova müraciət edilməsi ilə bağlı məlumat yayıb...
– Bilirsiz ki, Gülənçilərlə əməkdaşlıq etmək başqa məsələdir. Ancaq bu şəbəkənin üzvü olmaq, xidmət göstərmək, onları maliyyələşdirmək, gizli planlarda yer almaq və sairə kimi məsələyə yanaşma tamam fərqli olmalıdır. Türkiyədə bu şəbəkə ilə münasibətlər 2013-cü ildən gərginləşməyə başladı. Ancaq bu vaxta qədər isə Fətullah Gülən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) müttəfiqi sayılırdı. Bunlar həm də siyasi ortaq idilər. Həmin vaxta qədər Azərbaycanda Gülənçilərlə əməkdaşlıq etmiş çoxlu sayda siyasətçilər, jurnalistlər, elm xadimləri də buna Türkiyə dövləti ilə əməkdaşlıq kimi baxırdılar və qəbul edirdilər. Ona görə də bu məsələləri mütləq fərqləndirmək lazımdır. Kimsə zamanında Fətullah Gülən haqqında xoş sözlər deyibsə, onların tədbirlərində iştirak edibsə, həmin şəxsləri bu gün terror təşkilatının üzvü və dəstəkçisi kimi təqdim etmək, onlara qarşı qarayaxma kampaniya aparmaq yolverilməzdir. Mən bunu qətiyyətlə pisləyirəm. Amma mən zamanında görürdüm ki, FətullahGülən təşkilatının siyasi iddiaları var. Özü də bunlar dini siyasətlə birləşdirirdilər. Mən də bütün bunları görürdüm və bundan narahat olduğumu bölüşürdüm. Ona görə də mən zamanında Gülən şəbəkəsinin əleyhinə çıxışlar etmişəm. Azərbaycanlı uşaqların Gülən məktəblərində oxudulmasının əleyhinə olmuşam. Bununla bağlı xeyli çıxışlarım olub ki, Gülən məktəbləri Azərbaycanın ən istedadlı uşaqlarını seçib götürür. Onların məktəblərində təhsil haqqı yüksək olduğu üçün burada daha çox orta təbəqənin uşaqları təhsil ala bilirdi. Bunun nəticəsində isə Azərbaycanda orta təbəqə öz uşaqlarına görə Gülən şəbəkəsinə bağlanırdı. Bütün bunlar isə Azərbaycan dövlətçiliyi və dünyəvi dövlət modeli üçün təhlükə idi. Yenə də deyirəm, mən bütün bunları vaxtında görürdüm və narazılığımı çatdırırdım. İndin də hesab edirəm ki, əgər Azərbaycanda kimlərsə Fətullah Gülənin gizli planlarında və işlərində yer alıblarsa, qanunları pozublarsa ,əlbəttə ki, o şəxslərə qarşı cinayət işi açılmalıdır. Yox kimlərsə sadəcə əməkdaşlıq ediblərsə, həmin insanların təqib olunması yolverilməzdir.
– Gələn həftə Azərbaycanın dövlət müstəqilliyinin 25 ili tamam olur. Azərbaycanda xalq hərəkatı başlayan zaman siz də müstəqilliyimizin əldə olunması uğrunda gedən proseslərdə yaxından iştirak etmişiniz. Bu illər ərzində Azərbaycanın keçdiyi yol barədə nə deyə bilərsiz?
– Həmin vaxtı mən tələbə və tələbə hərəkatının önündə gedən şəxslərdən biri idim. O vaxtı biz Bakının bütün ali məktəblərini birləşdirən Şimali Azərbaycan Azad Tələbə İttifaqı yaratmışdıq. Onun sədri isə mən idim. Həmin dövrdə tələbə hərəkatı çox güclü idi. Bundan başqa, biz Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Xalq Cəbhəsinin təşkilatını yaratmışdıq. Bu təşkilatın təşəbbüs qrupunun və İdarə Heyəti üzvlərindən biri olmuşam. Ona görə də düşünürəm ki, 18 oktyabr günü ilə bağlı Azərbaycanın müstəqilliyinin 25 illiyi dövlət tərəfindən yüksək səviyyədə qeyd olunmalıdır. Bilirsiz ki, 1991-ci martın 17-də SSRİ-nin saxlanılması üçün Azərbaycanda referendumun keçirilməsi ilə bağlı Ali Sovetdə müzakirələr zamanı 43 nəfər bunun əleyhinə səs verib. İndiyədək mən ən azı 2 dəfə Milli Məclisdə məsələ qaldımışam ki, həmin 43 nəfərə “İstiqlal” ordeni verilsin. Yəni, 18 oktyabrda səs verən 260 nəfərin hamısına yox, 17 martda referendumun keçirilməsi əleyhinə səs verən 43 nəfərə “İstiqlal” ordeni verilməlidir. Həmin 43 nəfərin içərisində Azərbaycanın mərhum prezidenti Heydər Əliyev də var.Heydər Əliyev yalnız Sovet İmperiyası dövründə 2 dəfə Sosiaıist Əməyi Qəhrəmanı adını alıb. O, müstəqil Azərbaycanın heç bir ordeni ilə təltif olunmayıb.Mən düşünürəm ki, Heydər Əliyevə “İstiqlal” ordeni verilməlidir. Çünki Heydər Əliyev Azərbaycanda Milli Azadlıq Hərəkatına çox ciddi dəstək verib, SSRİ-nin saxlanılması əleyhinə səs verən 43 nəfərdən biri olub, Naxçıvan Muxtar Respublikasında SSRİ-nin saxlanılması ilə bağlı referendumun keçirilməsinə ümumiyyətlə imkan verməyib. Bütün bu xidmətlərinə görə Heydər Əliyevin “İstiqlal” ordeni almağa haqqı var. həmçinin Azərbaycan Xalq Hərəkatının lideri Əbülfəz Elçibəyə də “İstiqlal” ordeni verilməlidir. Bu iqtidara baş ucalığı gətirər, milli birliyə xidmət edər,Azərbaycan xalqı tərəfindən də yüksək qiymətləndirilər və Prezident İlham Əliyevin də nüfuzuna əlavə nüfuz gətirər.
– Azərbaycanda müxalifətin vəziyyətini necə qiymətləndirirsiz?
– Azərbaycanda müxalifət çox təəssüf ki, iki yerə bölünür. Yəni, hakimiyyətlə əməkdaşlıqda maraqlı olan konstruktiv müxalifət və nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməyə çalışan ,bunun üçün şeytanla da əməkdaşlığa hazır olan qüvvələr mövcuddur. Qeyri- konstruktiv müxalifət üçün dəstəyin Ermənistan, Rusiya, İran və ya Qərbdən gəlməsinin fərqi yoxdur. Onlar həmin dövlətlərlə istənilən məsələdə əməkdaşlıq etməyə hazırdırlar. Biz bunu 2013-cü ilin prezident seçkilərin ərəfəsində Milli Şura yaradılan zaman gördük. Həmin vaxtı bu prosesə həm islamçılar, həm də Rusiyadakı bəzi insanlar qoşulmuşdu. Bunlar da çox böyük həvəslə həmin şəxsləri öz aralarına aldılar. Hətta, qərar qəbul etdilər ki, Azərbaycanın xarici siyasət kursu referenduma müəyyənləşəcək. Halbuki, indi özləri hakimiyyəti ittiham edirlər ki. Azərbaycan nə üçün qərbə inteqrasiya etmir və sairə. Bu adamlar heç zaman bu suala cavab vermir ki, axı niyə Milli Şuranın təsis bəyannaməsində Azərbaycanın xarici siyasətinin referendumla müəyyən olunacağı yazılıb. Nə üçün indi də çağırış edirsiz ki, Qərb yönümlü siyasət aparılsın. Bəlkə elə xalq referendumda deyəcəkdi ki, Qərb yönümlü siyasət aparılmasın. Bu adamlar zaman-zaman özlərini ifşa ediblər.
Bu gün Milli Şuranın başında dayanan adamlar zamanında hakimiyyəti tərif edən çıxışlar edib, qalın-qalın kitablar yazıb. Bundan əlavə, Milli Şuranın sədri Cəmil Həsənli hər il Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, onun məzarı önündə baş əyib. Bütün bunların arxiv kadrları indi qalır.
Həmin kitabları tərcümə etdirib, dünyanın bir çox yerinə göndərib. Həmin kitablarda açıq şəkildə yazır ki, Prezident İlham Əliyev Azərbaycanı dünyanın nüfuzlu ölkəsinə və regionun lider dövlətinə çevirib. Bu şəxs deputat seçilmədiyi üçün qəfil mövqeyini dəyişirsə, indi onu kim ciddi qəbul edə bilər? Təbii ki, heç kəs ciddi qəbul etməz. Yəni, Azərbaycanda belə müxalifət də mövcuddur. İndi onlar tək müxalifət olduqlarını iddia edirsə, eybi yox, etsinlər. Azərbaycan demokratik ölkədir. Buna heç kəs mane olmur. Ancaq bizim öz mövqeyimiz və yolumuz var.
– Milli Şuranın təşkil etdiyi son mitinqlərlə bağlı nə deyə bilərsiz?
– Bu mitinqlərə gələnlərin əksəriyyəti dindarlar idilər. Mitinqdə çıxış edən Kərimlinin “hakimiyyət hicabı qadağan edib, biz gəlib onu azad edəcəyik” söyləməsi də bir daha sübut edir ki, o da mitinqə gələnlərin böyük əksəriyyətinin dindarlar olmasının fərqində idi. Bunun da əsas səbəbi Nardaran hadisələri ilə bağlı idi. Nardaranda bəzi insanlar uzun müddətdən bəri Azərbaycan qanunlarına hörmət etmirdi, qanunun tələblərini kobud şəkildə pozurdular. Nardaran İranın bir qəsəbəsinə oxşamaqla Azərbaycan dövləti üçün hər an partlaya biləcək minaya çevrilmişdi. Hökumət də bu təhlükəni aradan qaldırmaq üçün lazımı addımlar atdı. Bununla bağlı polis Nardaranda əməliyyat keçirdi və həbs olunanlar oldu. Milli Şuranın son aksiyalarına gələnlərin də böyük əksəriyyəti Nardaranda həbs olunan şəxslərin yaxınları və qohumları idi.
Bundan əlavə, xaricə getmək üçün yollar axtaran adamlar var idi ki, onlar da Milli Şuranın mitinqinə qatılıb şəkil çəkdirərək, aradan çıxıblar. Həmin şəxslər bu fotoları təqdim etməklə, xaricədə sığınacaq almaq istəyilər. Sosial şəbəkədə də məlumatlar yayılırdı ki, həmin aksiyalarda iştirak edən şəxslərə xarıcdə sığınacaq almaq üçün arayışlar verilir.Milli Şurada bunun da bazarı açılıbmış.