1 İyul 2014 14:49
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üzeyir Cəfərov: “Bu absurddur”

Akif Nağı: “Cəfəngiyatdan başqa bir şey deyil”

Ermənistanın Tavuş rayonu sakinlərinin icma rəhbəri Sergey Barseqyan Azərbaycanı Qazaxa hücumla hədələyib. O, BMT-nin Ermənistan təmsilçilisi B.Buzettoya, ATƏT-in İrəvan ofisinin rəhbəri A.Sorokinə və digər beynəlxalq təşkilatların nümayəndələrinə ünvanladığı məktubunda bildirib: “Biz sərhəd könüllüləri biriqadası yaradacağıq və keçmişdə ermənilərə məxsus olmuş Qazax rayonunu Ermənistanın Tavuş vilayətinə birləşdirəcəyik”.

Sərhəddə baş verən silahlı insidentlərə Azərbaycanı günahlandıran erməni icma başçısı beynəlxalq qurumlardan atəşkəsi dayandırmağı tələb edir.

Məsələ ilə bağlı Teleqraf.com-a münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, biz ermənilərin hər sayıqlamasına reaksiya verməməliyik. Onun sözlərinə görə, bu tip informasiyalar olduqda, bunun səsləndirən şəxsin nə qədər ciddi adam olub-olmamasına diqqət yetirilməlidir:

“Qazax çox etibarlı müdafiə olunur və orada bizim nizami ordumuz var. Ermənistan hələ bir öz ordusunu yedizdirib-içizdirsin, sonra könüllərə növbə çatacaq. Bu fikirlər çox qeyri-ciddi informasiyadır. Belə informasiyalara əhəmiyyət verilməsinin qətiyyən tərəfdarı deyiləm. Ermənilər sadəcə, varlığını sübut etmək istəyirlər ki, guya onlar Qazaxı Ermənistana birləşdirməyə çalışırlar. Təbii ki, bu absurddur. Ötən əsrin 90-cı illərində baş tutmayan xülyanın 2014-cü ildə reallaşması ümumiyyətlə mümkün deyil”.

Ü.Cəfərov ümumiyyətlə ermənilərin bu informasiyasını gülünclə qarşıladığını deyib: “Çünki bunu bir var Ermənistanın rəsmilərindən kimsə səsləndirsin, bir də var ki, 3-4-cü dərəcəli bir şəxs desin. Bu tərəflər arasında informasiya müharibəsinin bir elementidir. Həmin informasiyada narahatedici bir məqam yoxdur”.

Qarabağ Azadlıq Hərəkatının sədri Akif Nağı deyib ki, hər hansı bir sıravi erməninin fikir səsləndirməsi cəfəngiyatdan başqa bir şey deyil. Onun sözlərinə görə, Azərbaycanda belə fikirlərə önəm verilməməlidir.

BƏXTİYAR


Müəllif: