1 İyul 2014 14:54
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin iclasında “Helsinki + 40: məqsəd hər bir insana təhlükəsizlik” adlı qətnamə layihəsinə ATƏT-in Bakı Ofisinin açılmasına çağırışla bağlı düzəliş təklifi qəbul olunub.

Komitə sədri İsabel Santosun sədrliyi ilə keçirilən iclasda düzəliş İsveç və Norveçdən olan parlamentarlar tərəfindən irəli sürülüb. Qətnamə layihəsinə ATƏT-in Bakı ofisinin yenidən açılmasına icazə verilməsinə çağırışın əks olunduğu 45 saylı bənd daxil edilib. Səsvermə nəticəsində düzəliş qəbul olunub.

Qeyd edək ki, 2014-cü ilin yanvarın 1-dən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı layihə əlaqələndiricisi statusuna transformasiya olunub. Bu barədə qərar 2013-cü il iyulun 26-da ATƏT-in Daimi Şurasında qəbul edilib. Qərara əsasən, layihə əlaqələndiricisi vəzifələrinə bunlar daxildir: ATƏT-in prinsip və öhdəliklərinin həyata keçirilməsi məqsədilə ATƏT və onun institutları ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın dəstəklənməsi; ATƏT və onun institutları ilə Azərbaycanın müvafiq dövlət orqanları arasında ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasının hər üç meyarını əhatə edən və Azərbaycan hökumətinin ehtiyac və prioritetlərini nəzərə alan layihələrin planlaşdırılması və icrası; Hökumət və qeyri-hökumət orqanları, yerli hakimiyyət orqanları, universitetlər, elmi-tədqiqat institutları və QHT-lərlə əlaqələrin saxlanılması; ATƏT ilə Azərbaycan hökuməti arasında razılaşdırılan və ATƏT institutları və ya sədri tərəfindən uyğun hesab edilən digər vəzifələrin həyata keçirilməsi.

ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi vəzifəsinə fransalı diplomat Aleksis Şahtaxtinski təyin olunub. Diplomat vəzifəsini martın 1-dən icra etməyə başlayıb.

Xatırladaq ki, ATƏT-in Bakı Ofisi 17 iyul 2000-ci ildən fəaliyyət göstərir.

ATƏT-in Bakı Ofisinin yenidən açılması barədə düzəlişi şərh edən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Teleqraf.com-a açıqlamasında bildirdi ki, Azərbaycan ATƏT-ə 1992-ci ildə üzv olandan bəri onunla təşkilat arasında münasibətlərdə bir sıra mərhələlər keçib: “Artıq Azərbaycan ancaq atributlar olan yeni bir dövlət deyil. O, dünya birliyində oturuşmuş, öz maraqları olan, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq təcrübəsinə malik, həmçinin dəstək istəyən ölkədən daha çox dəstək verən bir ölkəyə çevrilib. Aydın məsələdir ki, həmin dövrdə yaranan ATƏT-in Bakı Ofisinin qarşısında Azərbaycana daha çox dəstək verilməsi kimi vəzifələr dururdu. Dövr və şərait dəyişib. Bu şəraitdə artıq təşkilatla dövlət arasında münasibətlər yeni bir səviyyəyə qalxır. Bu baxımdan hər iki tərəfin razılığı ilə Ofis artıq bir informasiya mərkəzinə çevrilmişdi”.

Onun fikrincə, Ofisin yenidən bərpası ilə bağlı təşkilat tərəfindən təklif gələrsə, Azərbaycanın Xarici işlər Nazirliyi ilə müvafiq danışıqlar aparılaraq müəyyən nəticəyə gəlmək olar. Bu məsələdə iki tərəfə uyğun gələn variant tapılmalıdır. Azərbaycan istənilən halda beynəlxalq təşkilatlarla geniş əməkdaşlıqda maraqlıdır. ATƏT də bunların içərisində istisna təşkil etmir”.

ATƏT PA-nın Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafanın sözlərinə görə, ATƏT-in Bakı Ofisinin formal qurum kimi fəaliyyət göstərməsinin və ya dəqiqə başı ofisi bağlayıb yenidən açmağın bir mənası yoxdur: “ATƏT-in Bakı Ofisinin fəaliyyəti Azərbaycan hakimiyyətini hər hansı bir şəkildə qane etmirsə, ölkəmizin daxili işlərinə qarışırsa, həddini aşırsa, buna izin verilməməlidir. Əgər ofis yenidən bərpa olunursa, o zaman demokratiyaya fayda verəcəyi istiqamətində müəyyən yol xəritəsi cızılmalı və bu istiqamətdə fəaliyyət göstərməlidir. Amma qurumun burada gəlib maaş almasının və baş qatmasının nə mənası var? ATƏT özü də faktiki olaraq problemlərin həllinə təsir edə biləcək qurum deyil. Ona görə də bu məsələdə bu cür qərarın real nəticəsinin olacağını düşünmürəm”.

Nərgiz


Müəllif: