14 Oktyabr 2016 19:39
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda quruma üzv dövlətlərin başçıları, o cümlədən Rusiya prezidenti Vladimir Putin də iştirak edib. İclasda beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə, KTMT-nin cavabdeh olduğu ərazilərdəki vəziyyət, təşkilatın kollektiv təhlükəsizlik sisteminin perspektivləri müzakirə olunub. Şuranın iclasında təşkilata sədrlik Ermənistandan Belarusa keçib.

Qeyd edək ki, KTMT sıralarında postsovet məkanının 6 dövləti birləşib. Bunlar Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistandır. KTMT-nin birləşmiş qərargahı Moskvada yerləşir. Təşkilatın baş katibi Nikolay Bordyujadır.

İclasla bağlı fikirlərini Teleqraf.com-un əməkdaşı ilə bölüşən Konfliktlərin Həlli Mərkəzinin rəhbəri, konfliktoloq Elxan Mehdiyev deyib ki, Ermənistan bu təşkilatın sıralarında olmasaydı, KTMT-nin toplantısı bizim üçün maraq kəsb etməzdi. Onun sözlərinə görə, Ermənistan bu təşkilatda Rusiya ilə birgə olmaq üstünlüyündən istifadə edərək artıq 23-24 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayır: “Bu təşkilatın sıralarında olması Ermənistana bir sıra üstünlüklər verir, onu daha arxalı edir. Bu baxımdan KTMT-də olmaq Ermənistan üçün çox önəmlidir. Ümumilikdə isə, Ermənistan istisna olmaqla Azərbaycanın KTMT-nin üzvü olan bütün ölkələrlə normal münasibətləri var. Ona görə də bu təşkilat Azərbaycan üçün heç bir təhlükə və qorxunu təmsil etmir. Amma Ermənistan KTMT-də olmaqla həm Rusiyanın daxili qiymətləri ilə, yaxud ianə kimi pulsuz silahlar alır. Rusiya da gördüyünüz kimi hər dürlü modern silahları onlara hədiyyə edir. Bu ondan irəli gəlir ki, Ermənistan bilavasitə həmin təşkilatın üzvüdür, Rusiya ilə hərbi təhlükəsizlik və Ermənistanın təhlükəsizliyinin təminatçısı müqaviləsi imzalayıb. Onun hərbi bazasını öz ərazisində saxlayır. Bu baxımdan bütövlükdə KTMT yox, Rusiya-Ermənistan müqaviləsi Azərbaycan üçün təhlükəsizlik qayğısıdır”.

Rusiya prezidenti V.Putinin iclasda iştirak etməsinə də münasibət bildirən E.Mehdiyev bunun rəsmi Moskvanın bu təşkilata verdiyi önəmin göstəricisi olduğunu vurğulayıb: “Rusiya Amerika və digər NATO ölkələri ilə qarşıdurma yarandığı zaman keçmiş SSRİ ərazisini nəzarətdə saxlayan bu sistemə böyük önəm verir, onu gücləndirməyə çalışır. Çünki bu təşkilatın üzvlərinin hamısı lazımı anda Rusiyanın hərbi sahəsinə çevrilir”.
Qeyd edək ki, KTMT-nin İrəvan toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iştirak etməməsi bir sıra müzakirələrə yol açıb. Düzdür, N.Nazarbayev oktyabrın 12-də Bakıya planlaşdırılan səfərini də təxirə salıb və hər iki səfərin təxirə salınması prezidentin xəstələnməsi ilə əsaslandırılıb. Ancaq bəzi müşahidəçilər hesab edirlər ki, N.Nazarbayevin İrəvan toplantısında iştirak etməməsi üçün belə bir yalan uydurulub. Qazaxıstan prezidentinin iclasdan dərhal sonra ictimaiyyət önündə görünməsi, bu gün ölkənin baş prokuroru Jakip Asanovu qəbul etməsi bu fikrin qüvvətlənməsində mühüm rol oynayır.

E.Mehdiyev isə deyir ki, bu barədə dəqiq bir söz söyləmək mümkün deyil, reallığın nədən ibarət olduğunu yalnız N.Nazarbayev və yaxın ətrafı özü bilir: “Ancaq o da məlumdur ki, Nazarbayev postsovet məkanında Azərbaycanın sözünü deyən yeganə kişi olaraq bilinir. Eyni ilə aprel ayında KTMT-nin İrəvanda keçirilən iclası da Qazaxıstan tərəfinin boykot etməsi səbəbindən baş tutmamışdı. Bundan bir neçə il öncə isə Avrasiya İqtisadi İttifaqının Astanada keçirilən sammiti zamanı Ermənistanın bu təşkilata qoşulması məsələsində də Nazarbayev xüsusi mövqe ortaya qoymuşdu. Bu baxımdan düşünmürəm ki, Nazarbayevin İrəvana gəlməyə elə bir həvəsi var. Amma digər tərəfdən xəsətəlik səbəbindən də bu səfər təxirə salına bilər”.

Onu da bildirək ki, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov ötən həftə Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycanı KTMT ilə yaxından əməkdaşlıq etməyə dəvət edib. Bu çağırışa da münasibət bildirən konfliktoloq deyib: “Bu o zaman mümkün ola bilər ki, Rusiya erməni işğalının aradan qaldırılmasında həlledici rol oynasın. Ondan sonra Azərbaycanın bu ittifaqda olması da necə deyərlər, müzakirə edilə bilər. Amma əsas məsələ Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir. Hansı ki, bu da Rusiyanın tutacağı yoldur. İndiyədək edilən səylər hələ ki buna yola açmayıb”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər