"25 il Azərbaycan üçün tərəqqi və inkişaf illəri olub".
APA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyası təşkilatçılığı ilə keçirilən "Müstəqilliyin 25 ili: Müstəqilliyin yaşıdları" konfransında çıxış edən baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov 25 il ərzində yetişən nəslin ən vətənpərvər və fədakar nəsil olduğunu bildirib: "Azərbaycanın müstəqillik tarixini 1991-ci ildən Heydər Əliyevin qayıdışına qədər olan dövrə, müstəqilliyin qorunduğu dövrə və prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin inkişafı dövrünə bölmək olar. 1991-ci ildə ən mühüm hadisə 18 oktyabrda Müstəqillik Aktının qəbul edilməsidir. Ancaq sonrakı proseslər, anarxiya müstəqilliyimiz üçün ciddi təhlükəyə çevrilmişdi. Digər tərəfdən, müstəqillik o qədər də düzgün olmayan postulat üzərində qurulmuşdu. "Ac olaq, müstəqil olaq!" şüarı üzərində müstəqil dövlət qurulacağı bəyan edilirdi. Xalq müstəqilliyini rifahı üçün arzu edir, ac olmaq üçün müstəqillik uğrunda mübarizə aparılmır. İnsanlar müstəqilliyin bəhrəsini görməlidirlər, əks halda, müstəqillik əl çatmayan, sonu dumanlı bir xəyala çevrilirdi. Heydər Əliyevin hakimiyyəti dövründə insanlar dərk etdi ki, müstəqillik xalqa xidmət edən bir gerçəklikdir. Heydər Əliyev sabitliyi, əmin-amanlığı bərpa etdi, erməni təcavüzünün qarşısını aldı, iqtisadi islahatlar həyata keçirdi. Prezident İlham Əliyevin dövründə isə Azərbaycanın dövlət müstəqilliyi daha da gücləndi, bütün sahələr inkişaf etdi".
Ə.Əhmədov deyib ki, bundan sonrakı dövrdə iqtisadiyyatın daha da inkişaf etməsi müstəqilliyimizin əbədi olması üçün əsas şərtdir: "İnsanların daha yüksək səviyyədə yaşaması istiqamətində vacib işlər görüləcək. Azərbaycanın müasirləşməsi, modernləşməsi prezidentin yürütdüyü siyasətin əsas parametrlərindən biridir. Yeni iqtisadi modelin ortaya qoyulması Azərbaycan iqtisadiyyatının, cəmiyyətinin inkişafı üçün dəyərli fundament yaradacaq".
Baş nazirin müavini bildirib ki, ötən 25 il, bu günlər "Azərbaycan tarixinin qızıl dövrü"dür: "Azərbaycan xalqının həyat səviyyəsi, rifahı bundan da yüksək olacaq. Müstəqillik qazananda 7 milyon əhalimiz vardı, yaxınlarda 10 milyon olacağıq. Bu da inkişafın bir göstəricisidir. Ermənistanda 1990-cı illərdə 3 milyon əhali vardısa, indi hardasa 2,5 milyon əhalisi var. Bu da inkişaf fərqini göstərir. Bundan sonrakı illərimiz daha gözəl olacaq".