“Çox təəssüf ki, Azərbaycan tarixi SSRİ dövründə saxtalaşdırılıb. Müstəqillik dövründə də hər kəs tarixi öz adına bağlamağa çalışır. Təsəvvür edin ki, milyonlarla insanın iştirak etdiyi, canlı şahidi olduğu hadisələri öz adlarına bağlamaq istəyirlər.
Milli azadlıq hərəkatında iştirak edən nəslin 20 faizi vəfat edib, 80 faiz xalq bu hadisələrin canlı şahidi olub. Təbii ki, milli azadlıq hərəkatını boğmaq üçün Moskva hər cür addıma əl atdı. Mən Lenin meydanının adını Azadlıq meydanı qoymaq istəyəndə, istiqlalı bəyan edəndə özünü istiqlalın banisi kimi təqdim edən adamlar mənim yaxamdan tutub deyirdilər ki, sən təxribatçısan, xalqı məhvə aparırsan, Azərbaycanı yer üzündən silərlər, amma müstəqillik verməzlər.
Çalışırdılar bizə sübut etsinlər ki, müstəqillik, azadlıq haqda danışmaq təxribatdır. 20 Yanvarda SSRİ ordusu Azərbaycan xalqını qan içində boğdu. Ondan sonra imperiyaya nökərçilik edən Demblok yaradıldı”.
Bunu Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı deyib.
Teleqraf.com-un əməkdaşı müstəqilliyin bərpası günü münasibətilə Nemət Pənahlı ilə əlaqə saxlayaraq, ondan bu müqəddəs günlə bağlı fikirlərini almaq istəyib. Lakin Pənahlı müstəqilliyin 25-ci ildönümündə 43 nəfər istiqlalçı deputatı və Azərbaycan Xalq Cəbhəsini (AXC) ittiham edib:
“AXC-nin əsasnaməsinə diqqət edin. Biz məkanı Azadlıq meydanı adlandırmışıq, müstəqilliklə bağlı fikirlər demişik, xalq bunu dəstəkləyib. Bütün bunlardan 1 il sonra AXC yaranır və onun nizamnaməsində yazılır ki, AXC yenidənqurmaya yardım məqsədilə yaradılan ictimai təşkilatdır. Ancaq indi AXC müstəqilliyi öz adına çıxır, baxmayaraq ki, o dövrdə müstəqilliklə bağlı bunların ağzından bir kəlmə söz də çıxmayıb.
Üstəlik, 20 Yanvar hadisəsinə görə bizi SSRİ imperiyasından daha çox bunlar ittiham edirdi. İndi bu adamlar iddia edirlər ki, Milli Azadlıq Hərəkatının əvəzsiz nümayəndələrdirlər. Əslində bütün metodlara əl atsalar da, Milli Azadlıq Hərəkatını boğa bilməyiblər. SSRİ dağılandan sonra müstəqillik məcburən elan edilib. Demblok Milli Azadlıq Hərəkatını boğmaq məqsədilə yaradılıb. Sovet imperiyası dövründə bir adam tanımıram ki, SSRİ "KQB"nin razılığı olmadan deputat seçilsin. Həmin 43 deputat da 100 faiz "KQB"nin razılığı ilə seçilmişdi.
Bir anlıq təsəvvür edin, sovet imperiyası 20 Yanvarda ölkəni qan içində boğub, fövqəladə vəziyyət elan elədi. Və belə vəziyyətdə kimlərsə deputat seçildi... Əvəzində Xəlil Rza kimi şəxsiyyət deputat seçilə bilmədi. Mənim namizədliyim isə qeydə alınmadı.
Həmin vaxt gəlib mənimlə açıq danışdılar. Dedilər ki, bizimlə razılaş, həbsdə ikən deputat edək, gələcəkdə Ali Sovetin sədri qoyarıq, sonra prezident üsul-idarəsi təsis ediləndə prezident olarsan. Mən bununla razılaşmadığım üçün namizədliyimi qeydə almadılar. Mən Milli Azadlıq Hərəkatının başında duran insan olmuşam, fəalların da mütləq əksəriyyətini tanıyırdım. 20 Yanvara qədər nə Arif Hacılını, nə də Mirmahmud Mirəlioğlunu tanımışam. Xəlil Rza kimi adam deputat seçilə bilmədi, necə oldu ki, Arif Hacılı və ya Mirmahmud Mirəlioğlu deputat ola bildi?”
Nemət Pənahlı daha sonra bildirib ki, onlar meydan hadisələri zamanı Babəkin, Səttar Xanın, Xiyabani və Rəsulzadənin şəkilləri ilə meydana çıxıblar: “Ancaq təsəvvür edin ki, QKÇP oyunundan sonra AXC Boris Yeltsinin şəkilləri ilə meydana çıxırdı. Bu, tarixi həqiqətdir. Bu adamlar bizə şər-böhtan atıblar, Kremli, Qarbaçovu ittiham etməyiblər. Bunun da nəticəsində deputat seçiliblər”.
Müsahibimiz daha sonra iddia edib ki, istiqlalçı deputatların bəziləri 1988-ci ildə onunla bağlı "KQB"yə donos yazıb: “Hətta mən həbs ediləndə üzümə durublar. Bunun da nəticəsində bəziləri deputat seçiliblər. Mən demirəm ki, hamısı belə olub, onların içərisində milli hərəkatda təmiz olan şəxslər də var. Ancaq iddia etmək ki, müstəqillik bizimlə bağlıdır - bu, artıq cəfəngiyyatdır.
Müstəqillik bəyan edilib, onlar sadəcə imza atıblar. Üstəlik də bizi sıradan çıxarıb onları Milli Azadlıq Hərəkatının təmsilçisi qismində parlamentə salıblar. Bunlar çılpaqlığı ilə deməyəcəkdilər ki, Moskvanın agentiyik. SSRİ dağılmazdan əvvəl bu natiqlərin Moskvanın əleyhinə bir fikri belə yoxdur”.
NEMƏT