Fransa ATƏT-in Minsk Qrupundakı həmsədrini dəyişib. Belə ki, Pyer Andruini Stefan Viskonti əvəzləyib. Qeyd edək ki, Ermənistan və Azərbaycan müstəqil dövlətlər kimi ATƏT-ə daxil olduqdan dərhal sonra, 1992-ci ilin martında ATƏT Qarabağ münaqişəsində vasitəçilik missiyasını öz öhdəsinə götürüb və Belerusun paytaxtı Minskdə sülh sazişi ilə bağlı konfrans təşkil etmək qərara alınıb. Münaqişənin eskalasiyası buna mane olub və Minsk Konfransı bu günədək keçirilməmiş qalır.
Bunun əvəzində ATƏT 1992-ci ildən Minsk qrupu mexanizmi ilə öz vasitəçilk səylərini həyata keçirməyə başlayıb. Öncə Minsk Konfransının hazırlayıcı orqanı kimi nəzərdə tutulmuş Minsk Qrupu sonradan əsas danışıqlar forumuna çevrilib. Vaxt ötdükcə Minsk Qrupunun tərkibi dəyişib, lakin Ermənistan, Azərbaycan, Belarus, Fransa, Almaniya, İtaliya, Rusiya, İsveç, Türkiyə və ABŞ daim qrupun tərkibində olub. Hazırda qrupun Finlandiya, Niderland və Potuqaliya da daxil olmaqla 13 üzvü var.
Minsk qrupunda həmsədrlik institutu 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt zirvə toplantısında təsis olunub və Rusiya ilə İsveç qrupun həmsədri olublar. 1995-ci ildə İsveçi Finlandiya əvəz edib. 1996-cı ildə Finlandiya öz səlahiyyətlərini başa çatdırdıqdan sonra, 1997-ci il yanvarın 1-dən ABŞ və Fransa Rusiyaya qoşulub “üçlük” yaradıblar. Format 1996-cı ildən indiyədək dəyişməz olaraq qalıb. Minsk Qrupun tərkibi və fəaliyyəti, yaxud fəaliyyətsizliyi Azərbaycanda indiyədək dəfələrlə tənqidə məruz qalıb.
Yeni həmsədrin təyinatı ilə bağlı fikirlərini Teleqraf.com-un əməkdaşı ilə bölüşən politoloq, diplomat Fikrət Sadıqov deyib: “İndiyədək digər həmsədrlər, o cümlədən Fransadan olan həmsədr Azərbaycan üçün nəsə edibmi ki, indi rotasiya qaydasında yeni təyin olunan da nəsə etsin? Bu dəyişiklikdə heç bir siyasi səbəb yoxdur. Nə də elə bir əsas yoxdur ki, buna sevinək. Sadəcə olaraq həmsədrlərin dəyişilməsi vaxtlı-vaxtında, mütəmadi olaraq baş verir. Biz çox istərdik ki, bizim bütün əsas məsələlərimiz bu cür vaxtlı-vaxtında, mütəmadi şəkildə həll olunsun. Amma təəssüflər olsun ki, onlar məşğul olmalı olduqları işdən daha çox protokol və rotasiya qaydasına daha çox üstünlük verirlər. Bax, reallıq budur”.
Yeni həmsədrlə bağlı məlumatsız olduğunu vurğulayan F.Sadıqov Minsk Qrupuna həmsədr göndərilən şəxslərin müxtəlif diplomatik sahədə çalışan insanlar olduğunu söyləyib: “Bəziləri bu vəzifəyə təyin olunanadək heç Qarabağ münaqişəsi barədə xəbərləri belə olmur. Onlar bəzən söhbətin nədən getdiyini belə bilmirlər. Ancaq təcrübəli diplomatın işin içində olması üçün qısa müddət tələb olunur. Amma bu hələ işin cüzi hissəsidir. Əsas məsələ o deyil. Əsas məsələ odur ki, yeni həmsədr problemin həlli ilə bağlı konkret məşğul olsun və beynəlxalq hüquq normalarına uyğun real təkliflərini versin, öz diplomatik addımlarını atsın”.
Bəs Minsk Qrupuna həmsədr təyin edilən şəxslərin şəxsi keyfiyyətləri, bilik və bacarığı, işgüzarlığı yüksək olarsa bunun nəticəsi olaraq danışıqlar prosesində hansısa nəticə əldə etmək mümkündürmü? Bu suala cavab olaraq F.Sadıqov deyib: “Həmsədrlər ilk növbədə öz ölkələrini təmsil edir və öz ölkələrinin siyasətini Minsk qrupu çərçivəsində icra edir. İstər təcrübəli, istərsə də təcrübəsiz diplomat olan həmsədr bu çərçivədən çıxmayacaq. Digər tərəfdən bunlar özləri təbii ki, müxtəlif şəxslərdir. Biri tutaq ki, Azərbaycanın maraqlarını nəzərə alıb bizim xeyrimizə bəzi ifadələr işlədir. Biri o qədər də fəal olmur. Məsələn, amerikalı həmsədr Ceyms Uorlik kifayət qədər fəaldır. O, “Tvitter”də çıxışlar edir, müxtəlif ifadələr səsləndirir, onun bir çox ifadələri reallığa uyğun deyil. Bu dövr ərzində reallığa uyğun olmayan, Azərbaycan cəmiyyətini qıcıqlandıran müxtəlif ifadələr işlədib. Amma eyni zamanda bunların hamısına baxmayaraq həmsədrlər ilk növbədə öz ölkələrinin siyasi prioritetlərini ifadə edirlər. Düşünürəm ki, Fransanın yeni həmsədr təyin etməsi ilə danışıqlar prosesində hansısa yenilik gözləməyə dəyməz”.
Səxavət HƏMİD