22 Oktyabr 2016 13:59
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com Milli Məclisə istinadən xəbər verir ki, spiker qonağı parlamentin girişində qarşılayıb.
O, ali qonağı salamlayaraq onun Venesuela prezidenti kimi ölkəmizə ilk rəsmi səfərinin münasibətlərimizin inkişafına təkan verəcəyinə inamını ifadə edib.

Bildirilib ki, vaxtilə Venesuela Milli Assambleyasına rəhbərlik etmiş bir şəxsin bu gün Milli Məclisdə görüş keçirməsi parlamentlərarası münasibətlərə də öz təsirini göstərəcək: “Azərbaycan Venesuela ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında siyasi əlaqələr yaxşı səviyyədədir. Mütəmadi olaraq qarşılıqlı səfərlərin həyata keçirilməsi, müxtəlif səviyyələrdə aparılan danışıqlar xalqlarımızın bir-birinə yaxınlaşmasına xidmət edəcək”.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Venesuela prezidenti Nikolas Maduro ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söyləyib. O, qeyd edib ki, ölkəsi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafında maraqlıdır: “Neft ölkəsi kimi tanınan Venesuela OPEK-ə daxil olan və təşkilatdan kənar neft hasilatı ilə məşğul olan ölkələrlə əlaqələrin inkişafını, təcrübə və informasiya mübadiləsini önəmli hesab edir. Səfərdə məqsəd də qlobal iqtisadi böhranın dünya iqtisadiyyatına təsirləri fonunda neftin qiymətinin tənzimlənməsi üçün bu ölkələrin rəhbərləri ilə fikir mübadiləsi aparmaqdır”.

Qonaq ölkəsinin Azərbaycanla təkcə siyasi deyil, iqtisadi, humanitar sahələrdə də əlaqələrin genişləndirilməsi niyyətində olduğunu ifadə edib.

Nemət


Müəllif:

Oxşar xəbərlər