22 Oktyabr 2016 21:07
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-Yorkda səfərdə olan gənc fəal Ramin Hacılı ABŞ-dakı prezident seçkiləri ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb:

- Ramin bəy, hazırda ABŞ-dasınız, ölkədə seçki-ab havası necədir?
- ABŞ-ın Nyu-York şəhərindəyəm, bu şəhər siyasiləşməyib. Şəhərə daha çox turistlər axın edir. Burada yerli amerikalılardan çox gəlmələr var. Ona görə də Nyu-Yorkda seçki əhval-ruhiyyəsi bir o qədər hiss olunmur. Bütün mediada ciddi seçki kampaniyası, rəqabət var, hər yerdə prezident seçkilərindən danışırlar. Demokratların Barak Obamanın başçılığı ilə son 8 ildəki fəaliyyəti yüksək qiynmətləndirilir. Sosial dövlət prinsipinə keçid olduğundan ölkədə iş yerləri çoxalıb, imkanlar genişlənib, bu da miqrantların Amerikaya axınına səbəb olub. Respublikaçılar isə bunu əllərində bayraq edib miqrantların gəlişini tənqid edir. Ancaq doğrudan da Amerikada iş yerlərinin sayı artıb, elə buna görə də miqrantlar ölkəyə üz tutur.

- Sadə amerikalılar Donald Trampın, yoxsa Hillari Klintonun prezident olmasını istəyir?
- Sadə amerikalılar arasında belə bir fikir var ki, Donald Trampın tənqidləri bir müxalifətçinin qaldırdığı problemlərdir, bunlar da şəksiz həllini tapmalıdır. Ancaq onun problemlərin həll yolu ilə bağlı təklif etdiyi üsullar qeyri-real gəlir. Məsələn, meksikalı miqrantların rüsum ödəməsi üçün Meksika dövlətindən pul alacağı barədə fikri real deyil. Onsuz da Meksika dövləti pul ödəməyəcək. Trampı dəstəkləyənlərin beynində suallar ortaya çıxdı ki, təkliflərini hansı formada reallaşdıracaq? Cavab tapa bilmədikləri üçün insanlar Hillari Klintonun üzərinə qayıtdılar və onu dəstəkləməyə başladılar.


- ABŞ vətəndaşlarının bu ölkənin Mosul əməliyyatlarına başlamasına reaksiyası necədir?
- Respublikaçılar iddia edirlər ki, onların qazanmış olduğu uğurlar, xüsusən də qan bahasına İraq, Əfqanıstanda əldə etdiyi nailiyyətlər Demokratların hakimiyyəti zamanı uğursuzluğa məruz qaldı və onlar əraziləri terrorçulara təhvil verib bu ərazilərdən çıxdılar. ABŞ bəyan etmişdi ki, Əfqanıstan və İraqı terrorçu Səddam Hüseyndən, “Əl-Qaidə”dən alırıq. Bu əməliyyatlara görə 11 sentyabr hadisələri oldu, daha sonra demokratlar o əraziləri tərk etməyə başladılar, onların yerini İŞİD aldı. “Əl-Qaidə”nin başqa forması ortaya çıxdı və geriyə dönüş başladı. Respublikaçılar demokratlara haqlı olaraq bu iradı bildirirdi ki, qan töküb qazandığımız əraziləri siz yenidən terrorçulara verirsiniz. Bu isə növbəti 11 sentyabra bənzər hadisələrin yaşanmasına gətirib çıxaracaq. Demokratlar isə sübut etməyə çalışır ki, onlar terrorizmə qarşı mübarizə aparırlar, Mosulu, Kərkükü terrorçulara vermək fikrində deyillər. Deyirlər ki, sadəcə olaraq bir müddət terrorçularla danışıq apardılar, itki vermədən diplomatik yolla problemi çözməyə çalışdılar, alınmadı deyə güc tətbiq edəcək, nəyin bahasına olursa olsun, problemləri həll edəcəklər. Bu əməliyyat demokratların nüfuzunu qaldıracaq və sübut edə biləcəklər ki, heç də dünyanın hər hansı bir hissəsini terrorçulara verib geri çəkilmək niyyətində deyillər.

- Prezidentliyə namizədlərin imkanlarını necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, Tramp Hillari Klintonla müqayisədə zəif namizəddir. Respublikaçıların qalib gəlmək imkanları geniş idi, çünki demokratlar nə qədər uğur qazansa da, beynəlxalq aləmdə uğursuzluq var. Amerikanın daxili siyasətindəki nailiyyətlər, xüsusən iş yerlərinin artması, sosial vəziyyətin düzəlməsi, dolların çəkisinin artması, ölkənin iqtisadi böhrandan çıxması, inkişaf tempinin yüksəlməsi və paralel olaraq dünyadakı iqtisadi və siyasi böhranların Amerikaya sirayət etməməsi daxili iqtisadiyyatın və siyasətin demokratlar tərəfindən düzgün qurulmasının nəticəsidir. Amma eyni zamanda bir çöküş var, ABŞ-ın nüfuzu dünyada düşməyə başlayıb, bəzi məsələlərdə mövqe sərgiləyə, xarakter nümayiş etdirə bilmir. Terrorçular aktivləşməyə başlayıb, Rusiya sərhəd ölkələrində hegemonluq edir. Bir çox siyasətçilərin ABŞ dövlətinə qarşı sərt fikirlər səsləndirməsi, Obamanın təhqir olunması xalq tərəfindən xoş qarşılanmır. Amerikalılar xarici siyasətdə də uğurlara nail olmaq istəyirlər. Amma bütün bunları Trampla etmək fikirində deyillər. O, xaricdə uğur qazansa belə, daxili siyasətdə zəif olacaq və geriyə dönüş başlayacaq. Belə olan halda yenidən demokratlardan bir şəxs hakimiyyətə gəlib daxili siyasəti düzəltməlidir. Elə bir şəxs prezident olmalıdır ki, daxildə uğurları qoruyub saxlamalı, xaricdəki uğurları davam etdirməlidir. Bu şəxs Tramp ola bilməz. Bir çoxları düşünür ki, Hillari Klinton dövlət katibi olub, dövlət katibləri də, adətən, daha çox xarici siyasətlə məşğul olur, o cümlədən Klintonun birinci xanım kimi xaricə yönəlik siyasi fəaliyyəti olub. Bu təcrübələr ona imkan verəcək ki, Amerikanın daxildə qazanmış olduğu uğurları qoruyub saxlasın və paralel olaraq xaricdə də Birləşmiş Ştatların nüfuzunu qaldıra bilsin. Trampın namizəd olması isə süni yolla baş verməyib, o, kifayət qədər nüfuzlu mövqeyə sahibdir, respublikaçıların daxilində maddi dayağı güclü olan qüvvələr onu dəstəkləyir, onlarla bərabər və bir cəbhədədir.

- Eyni zamanda Respublikaçıların nüfuzlu nümayəndələri Trampı qəbul etmir...
- Amerika cəmiyyəti fikirlərə açıqdır, bütün kəsimlərə bərabər imkan tanıyır, uğurlarının ən böyük səbəbi odur ki, yüz dəfə düşünüb, ölçüb-biçib qərar verirlər. Respublikaçılar içərisində Trampı qəbul etməyənlər daha çox sadə respublikaçılardır. Respublikaçıların yüksək eşolonda təmsil olunan şəxsləri Tramp üzərində dayanıblar, çünki eyni çevrədə təmsil olunurlar. Respublikaçıların geriyə dönüş etməsi çətin olacaq, bir məsələ də var ki, respublikaçılar bütün seçkilərdə qalib olur. Klinton qələbə çalsa da, bu, o demək deyil ki, demokratlar ölkə idarəçiliyini tam əllərində saxlayacaqlar. Amerika tarixində az hallarda olur ki, həm Senat, həm Konqres, yaxud qubernator və bələdiyyə seçkilərini bir partiya udsun. Bu hal oğul Buşun hakimiyyəti dövründə, 15 ildən bir dövrdə 2-3 illik period olur ki, hansısa partiya bütün mövqelərdə qalib gələ bilir. Bu da amerikalıların arzuladığı bir şey deyil. Çünki bir partiya bütün mövqelərə hakimdirsə, onun diktator mövqeyindən çıxış etmək imkanı olur, bu isə qəbuledilməzdir. Prezident demokratdırsa, çalışırlar ki, digər mövqelərdə respublikaçılar təmsil olunsun və ya əksinə. Bununla da balansın qorunmasına nail olurlar.

- Mediada Rusiyanın ABŞ seçkilərinə müdaxilə edəcəyi barədə məlumatlar yer alır. Belə müdaxiləni mümkün sayırsınızmı?
- Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı təbliğatdan Hillari Klintonun komandası Trampa qarşı istifadə edir. Amma reallıqda Rusiyanın Amerikaya heç bir təsir etmək imkanı yoxdur. ABŞ ən azı 10 addım Rusiyadan qabaqdadır. Hətta Rusiyadan Amerikaya üz tutan insanların bir çoxu Birləşmiş Ştatların gələcəyinə daha çox inanır və bu ölkənin inkişafı üçün çalışır. Ona görə də öz gələcəyini ABŞ-da qurur, Rusiyanın xoşbəxt gələcəyinə ümidli deyil. Bu baxımdan Rusiyanın seçkilərə müdaxilə edəcəyi inandırıcı görünmür.

- Sizcə, namizədlərdən hansı Cənubi Qafqaz regionuna maraq göstərə bilər? Trampın, yoxsa Klintonun prezident olması Qarabağ münaqişəsi ilə bağlı passiv müzakirə formatını hərəkətləndirər?
- ABŞ-da prezidentin kimliyinin fərqi yoxdur, istər Klinton, yaxud Tramp və ya Buş olsun, Qarabağ münaqişəsinin həlli ABŞ üçün prioritet deyil. ABŞ-ın Qarabağ münaqişəsi ilə bağlı atacağı hər hansı ciddi addım Rusiya-Amerika qarşıdurmasına gətirib çıxara bilər. ABŞ Rusiya ilə açıq döyüşə girmək istəmir. Çünki Rusiya Qafqazı Birləşmiş Ştatlara vermək fikrində deyil. Rusiya haqlı olaraq Amerikaya deyir ki, dünən Yuqoslaviyada idim, Almaniyanın yarısı məndə idi, dünyada 2 qütbdən biri idim, sovetləri dağıtdın və bütün torpaqlarımı itirə-itirə gəldim və bu gün qonşuluğumdakı Ukraynanı da, Gürcüstanı da məndən alırsan. Təkcə Orta Asiya dövlətləri, Ermənistan, Belarus, Şimali Koreya ilə münasibətlər qalmaqdadır. Dünyanın yarısına sahib olan Rusiyanın bu gün qonşuluğundakı cəmi 4-5 ölkə üzərində təsiri var. Bu, təbii ki, Rusiyanı qıcıqlandırır və bu halla razılaşmaq istəmir. İtkilərə görə ABŞ-a qarşı çox aqressivdir. Suriyadakı döyüşlərdə iştirak da zənnimcə, Rusiyanın məğlubiyyəti ilə bitəcək. Çünki boşuna savaş idi, Rusiyanın bu savaşda iştirak səbəbi yalnız ona görədir ki, öz cəmiyyətinə hələ də Ərəb dünyasına raket atıb nəzarət etdiyi, dünyada söz sahibi olduğu mesajını verməkdir. Məğlub tərəfin yanındadır, Bəşər Əsəd ölkə idarəçiliyini itirib, onun tərəfində durmaq gələcək məğlubiyyətə imza atmaq deməkdir. Bu gedişlə bir neçə il sonra ABŞ-da daxili uğurlar xarici uğurlarla davam edəndə Rusiya böyük itkilər verəcək. Dünya dövlətləri də ABŞ-ın tərəfində olacaq. Ölkənin başında xanım prezident dayanacaq, mülayim görünən siyasət arxasınca güclü dalğa gətirəcək. Dünyanın bir çox yerlərini ABŞ öz nəzarətinə götürəcək, artıq öz valyutası ilə təzyiq etməyə başlayıb. Dollar hesabına bütün bazarları silkələyəcək. Silkələnən bazarlar təklif gözləyir. Təklifi isə demokrat prezident verəcək, böhranda olan ölkələrin bazarlarına ciddi təkliflər irəli sürəcək, bütün ölkələrin bazarlarını bir əldə cəmləşdirməyə başlayacaq. Bu, növbəti iqtisadi fəthetmə olacaq. Marşall planını ABŞ bir dəfə həyata keçirib, indi daha başqa metodla təkrar etməyə başlayıblar. Plan nəticəsində Amerikaya qarşı olan ölkələr ciddi əziyyət çəkməyə başlayacaqlar.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər