Müasir dövrdə bütün dünyada, o cümlədən Avrasiya məkanında müstəqillik əldə etmiş və beynəlxalq münasibətlərin subyektinə çevrilmiş hər bir dövlət özünün geosiyasi statusunu və fəaliyyət normalarını, milli inkişaf və təhlükəsizlik məsələlərini, milli maraq dairələrini və hədəflərini öyrənir, ölkəsinin daxili və xarici aləmdən qaynaqlanan geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlarının qorunması mexanizmlərini təklif edir, milli təhlükəsizlik və hərbi doktrinalarının yaradılması və s. strateji vəzifələrini reallaşdırır. Bütün bu və digər vəzifələr hər bir ölkənin müvafiq rəsmi strukturlarından, siyasi və elmi dairələrindən geniş geosiyasi tədqiqatların və strateji araşdırmaların aparılmasını, müxtəlif analitik geosiyasi mərkəzlərin yaradılmasını, dərsliklərin və elmi monoqrafiyaların hazırlanmasını və çap edilməsini zəruri edir.
Teleqraf.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Türkiyədə yenicə çapdan çıxmış üç kitabdan ibarət fundamental əsəri müasir dövrdə bu məsələlərin tədqiq olunması sahəsində yeni bir istiqamət açaraq dövlət siyasətinin elmi əsaslarının sistemli şəkildə öyrənilməsinin təməlini qoyub.
Azərbaycanın geosiyasi, geoiqtisadi və geostrateji vəziyyətinin, eləcə də Cənubi Qafqaz regionu və Xəzər-Qara dəniz hövzəsinin müqayisəli şəkildə tədqiq olunduğu üçcildlik əsərdə qeyd edilir ki, dünyanın geosiyasi reallıqlarına və təhlükəsizlik sistemlərinə ən çox təsir göstərən və fərqli xüsusiyyətlər gətirən amillərdən biri də Avrasiyada Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda yeni müstəqillik əldə etmiş dövlətlərin milli inkişaf və təhlükəsizlik sahəsində həyata keçirdikləri geosiyasət hesab olunur. Bununla yanaşı, yeni transmilli geosiyasi proseslərin, beynəlxalq və regional münasibətlərin, milli təhlükəsizlik, geosiyasi, hərbi-geostrateji və geoiqtisadi maraqlar sisteminin fərqli cəhətlərinin və xüsusiyyətlərinin öyrənilməsi zərurəti başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da getdikcə məxsusi geosiyasi tədqiqatlara ehtiyac yaradıb.
Müəllif əsərində haqlı olaraq göstərir ki, gənc müstəqil dövlət kimi ölkəmizin dünya birliyində tutduğu mövqe və qazandığı nüfuz onun beynəlxalq və regional səviyyələrdə reallaşdırdığı milli inkişaf strategiyasından, həyata keçirdiyi geosiyasətin çevikliyindən, səmərəliliyindən və beynəlxalq aləmlə yaratdığı geosiyasi münasibətlərdən asılıdır. Azərbaycanın region və dünya ölkələri ilə geosiyasi münasibətlərinin, milli inkişaf və təhlükəsizlik sahəsində yürütdüyü xarici siyasət strategiyasının əsas vəzifələrindən biri Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin müstəqilliyini möhkəmlətmək, davamlı inkişafını və suveren dövlət hüquqlarını təmin etmək, beynəlxalq münasibətlərin əksər subyektləri ilə qarşılıqlı faydalı əlaqələr yaratmaq və milli maraqlarını maksimum qorumaqdan ibarətdir.
Əsərin “Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsi və Azərbaycanın geosiyasəti” adlanan birinci cildində Azərbaycanın müasir milli inkişaf strategiyasının mahiyyəti açıqlanır, səciyyəvi cəhətləri, vəzifələri və hədəfləri öyrənilməklə yanaşı, əsas mərhələləri və xarakterik xüsusiyyətləri izah edilir. Bundan əlavə, ölkəmizin geosiyasi statusu, müasir geosiyasi inkişaf xüsusiyyətləri, geosiyasi fəaliyyət kodeksi, eləcə də XXI əsrdə Azərbaycanın qarşısında dayanan əsas geosiyasi vəzifələr və perspektivlər açıqlanır. Əsərin Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətlərinə həsr edilmiş hissəsində Avrasiyanın ümumi geosiyasi xarakteristikası və müasir vəziyyəti təhlil edilməklə yanaşı, Avrasiyanın regional geosiyasi vəziyyətinə təsir göstərən fərqli maraqlar sistemi, transmilli, regional və milli hədəflər göstərilir, ABŞ, Türkiyə, Rusiya, Avropa İttifaqı və digər aparıcı dünya dövlətlərinin Avrasiya siyasəti və Azərbaycanla geosiyasi münasibətlərinin xarakteristikası verilir.
Professor Əli Həsənov Qara dəniz hövzəsinin beynəlxalq və regional maraqlar sistemində xarakteristikasını açıqlayaraq, müasir dövrdə Ukraynanın geosiyasi və hərbi-geostrateji mövqelərini, Azərbaycan-Ukrayna münasibətlərini, Qara dəniz hövzəsinin geosiyasətində Belarus və Moldovanın rolunu, eləcə də ölkəmizlə geosiyasi tərəfdaşlıq strategiyasını təhlil edir. Bununla yanaşı, Cənubi Qafqazın regional geosiyasi maraqlar sistemində Azərbaycan, Gürcüstan və Ermənistan arasındakı münasibətlərin, xüsusilə dinc yanaşı yaşamanın əsas şərtləri və tələbləri də əsərdə öz əksini tapıb.
Əsərdə müasir beynəlxalq münasibətlər sisteminin xüsusiyyətləri ilə yanaşı, Azərbaycan Respublikasının müasir dünya siyasətində iştirakı məsələləri tədqiq edilir. Eyni zamanda, beynəlxalq təhlükəsizlik sistemində, o cümlədən enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan Respublikasının yeri və rolu araşdırılır. Qeyd edilir ki, bu siyasətin nəticəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin həyata keçirilməsi və təhlükəsizliyinin təmin edilməsi mümkün olub. Avratlantik məkana inteqrasiyanın əhəmiyyətinin öyrənilməsi baxımından dəyərli olan kitabda Avropa təhlükəsizlik sisteminin etibarlı tərəfdaşı kimi ölkəmizin qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rolu açıqlanır.
Əsərin “Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikası: Azərbaycanın yeni neft siyasəti” adlı ikinci cildində dünyanın aparıcı ölkələrinin Xəzər hövzəsi və Cənubi Qafqazda geoiqtisadi maraqları və yürütdükləri geosiyasət fonunda Azərbaycan Respublikasının indiki və gələcək iqtisadi inkişaf məsələləri araşdırılır. Bununla yanaşı, Azərbaycanın milli mənafelərinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsasları şərh edilir, Xəzərin enerji resurslarının istismarı və dünya bazarlarına çıxarılması sahəsindəki rolu öyrənilir. Eyni zamanda, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması, təhlükəsizliyinin təmin edilməsi və s. kimi məsələlərdə dünyanın, eləcə də regionun əsas güc mərkəzləri ilə geoiqtisadi münasibətləri tədqiq olunur.
Bununla yanaşı, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikası beynəlxalq, regional, yerli maraqlar sistemində təhlil edilir, Azərbaycanın regional geoiqtisadi maraqları və enerji strategiyası araşdırılır. Kitabda transmilli dünya güclərinin və regional dövlətlərin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geoiqtisadi maraqları və fəaliyyətinin xarakteristikası verilir. Əsərdə, həmçinin Xəzərin hüquqi statusu probleminin tarixi, müasir geosiyasi yanaşmalar və Azərbaycanın geoiqtisadi maraqları tədqiq edilir. Bundan əlavə, kitabda Azərbaycanın Xəzər dənizinin karbohidrogen ehtiyatlarının sərbəst istehsalı və ixracı siyasətinin beynəlxalq və regional geoiqtisadi nəticələri öyrənilir.
Professor Əli Həsənov əsərində Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın transmilli enerji ixracı sistemini tədqiq edir, Xəzər hövzəsinin mövcud və perspektiv neft-qaz kəmərləri, region və dünya ölkələrinin transmilli enerji ixracı siyasətinin xarakteristikasını açıqlayır. Eyni zamanda, Azərbaycanın enerji ixracının şaxələndirilməsi siyasəti və onun regionun ümumi geoiqtisadi vəziyyətinə təsiri məsələlərini də araşdırır.
Müəllif Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz ölkələrinin bölgənin alternativ Trans-Avrasiya nəqliyyat-kommunikasiya sistemlərinə münasibəti, maraqları və iştirakı məsələlərini tədqiq etməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmlə sərbəst və təhlükəsiz kommunikasiya siyasəti, eləcə də onun bölgənin ümumi geoiqtisadi vəziyyətinə təsiri məsələlərini də nəzərdən keçirir.
“Cənubi Qafqazın hərbi-geostrateji vəziyyəti və Azərbaycanın təhlükəsizlik siyasəti” adlanan üçüncü cilddə Cənubi Qafqazın təhlükəsizlik mühiti öyrənilir, Azərbaycanın beynəlxalq və regional maraqları geniş təhlil edilir. Əsərdə dünya siyasətinin müəyyənləşdirilməsində mühüm rol oynayan Rusiya və ABŞ-ın regional təhlükəsizliyə təsiri, eləcə də Cənubi Qafqazda yürütdükləri siyasət, Azərbaycanın hərbi geostrateji maraqları ətraflı tədqiqata cəlb olunur. Xüsusilə, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın apardığı təhlükəsizlik siyasəti, eləcə də Türkiyə və İranın ayrı-ayrılıqda regiona yanaşması məsələləri tədqiq olunur, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda yürütdüyü regional təhlükəsizlik siyasəti sahəsində Azərbaycan, Gürcüstan və Türkiyənin birgə tərəfdaşlıq platforması öyrənilir. Həmçinin Cənubi Qafqazda hərbi geostrateji bloklaşma meyilləri təhlil edilməklə yanaşı, bununla bağlı proqnozlar da irəli sürülür.
Cənubi Qafqazın hərbi-siyasi problemləri və Azərbaycanın təhlükəsizlik siyasətinin geniş təhlil olunduğu əsərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun əsas təhlükəsizlik problemi kimi göstərilir. Müəllif haqlı olaraq qeyd edir ki, ölkəmizin əsas təhlükəsizlik problemi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin davam edən işğalı və onun ağır sosial-iqtisadi nəticələridir.
Professor Əli Həsənov Ermənistanın Azərbaycana təcavüzünün araşdırılmasına Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinin təhlili ilə başlayır və elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verir. Eyni zamanda, əsərdə erməni millətçilərinin ərazi iddiaları, azərbaycanlılara qarşı müxtəlif vaxtlarda həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasətindən ətraflı bəhs olunur.
Müəllif, həmçinin müasir dövrdə qloballaşmanın, eləcə də regionda gedən transmilli geosiyasi proseslərin tələbləri və çağırışları fonunda ölkənin hərbi-geostrateji, siyasi, iqtisadi, enerji, demoqrafik, ekoloji, informasiya və digər həyati əhəmiyyətli sahələrində müşahidə olunan prosesləri araşdırır, bütün bu sahələrdə yürüdülən təhlükəsizlik siyasətinin səviyyəsini, səmərəliliyini tədqiq edir və qiymətləndirir, gələcəkdə daha çevik təhlükəsizlik siyasəti yürüdülməsinin zəruriliyini əsaslandırır.
Əsərin yazılması zamanı Azərbaycanda və xaricdə nəşr edilmiş müxtəlif elmi ədəbiyyatlardan, sənəd və materiallardan, dövri mətbuat və rəsmi internet resurslarından geniş istifadə edilib ki, bu da təqdim olunan nəşrin dərin təhlilə, eləcə də elmi əsaslara söykəndiyinə sübutdur.
Ümumilikdə, beynəlxalq münasibətlər sahəsində çoxsaylı monoqrafiyaların müəllifi olan tarix elmləri doktoru, professor Əli Həsənovun Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda nəşr edilmiş elmi-siyasi əsərləri sırasında geosiyasətin kompleks şəkildə tədqiqi, xüsusilə müasir dövrdə aktuallığı ilə seçilən və Türkiyənin nüfuzlu “Ötüken” nəşriyyatı tərəfindən türk dilində nəşr olunan üçcildlik əsəri – sayca beşinci kitabı Azərbaycan həqiqətlərinin dost və qardaş dövlət olan Türkiyənin elmi-akademik dairələrinə, eləcə də beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.