Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov oktyabrın 28-də İsveçrənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Stalderi Nazirlər Kabinetində qəbul edib. Teleqraf.com-un məlumatına görə, baş nazirin müavini Ə.Əhmədov ölkəmizin İsveçrə Konfederasiyası ilə ikitərəfli əlaqələrinin bütün sahələr üzrə dərinləşməsində maraqlı olduğunu bildirib və bu əlaqələrin qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası və nümunəviliyi ilə seçilən tərəfdaşlıq münasibətləri kimi səciyyələndirildiyini qeyd edib.
Ə.Əhmədov iki ölkə arasında iqtisadi, humanitar sahələrdə əsaslı iş birliyinin mövcudluğunu vurğulayıb, ticari-iqtisadi münasibətlərin yüksək templə inkişafından məmnunluğunu ifadə edib və bu əlaqələrin durmadan inkişaf etdirilməsinin əməkdaşlığımıza xüsusi töhfə verdiyini diqqətə çatdırıb.
Ölkəmizin inkişafının onda yaxşı təəssürat yaratdığını qeyd edən səfir F.Stalder iki dövlət arasında əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirdiyini, ikitərəfli əlaqələrin dostluq xarakteri daşıdığını, intensiv olduğunu və gələcəkdə daha da dinamik ola biləcəyini vurğulayıb. Qonaq enerji sahəsi ilə yanaşı, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyət göstərən İsveçrə şirkətləri üçün yaradılmış əlverişli şəraitin bu münasibətləri yeni müstəviyə çatdırdığını bildirib.
Səfir F.Stalder yüksək səviyyəli siyasi təmasların həyata keçirilməsində Davos İqtisadi Forumunun vacib platforma kimi xüsusi rolunu vurğulayaraq, bu çərçivədə Azərbaycan Prezidenti İlham Əliyevin isveçrəli rəsmilərlə keçirdiyi mütəmadi ikitərəfli görüşlərin iki ölkə arasındakı siyasi dialoqun davamlılığı və fəallığı baxımından müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Səxavət