Noyabrın 1-də Azərbaycanda səfərdə olan Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramovanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.
Teleqraf.com xəbər verir ki, əvvəlcə Türkmənistan nümayəndə heyəti Milli Məclis sədrinin müavini Valeh Ələsgərov ilə görüşüb.
Vitse-spiker ölkələrimiz arasında dərin dostluq əlaqələrinin mövcud olduğunu söyləyib. Bildirib ki, ölkələrimiz nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyirlər.
Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramova bildirib ki, nümayəndə heyətinin bu səfəri BMT-nın layihəsi çərçivəsində həyata keçirilir və torpaq islahatları ilə bağlıdır. “Biz torpaq idarəçiliyi sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və ondan bəhrələnmək niyyətindəyik”.
Valeh Ələsgərov deyib ki, hələ ulu öndər Heydər Əliyevin rəhbərliyi zamanında ölkəmizdə torpaq islahatlarına başlanılıb. Bu yaxınlarda “Kooperasiya haqqında” qanun qəbul edilib. Ölkəmizdə fermer təsərrüfatları ilə yanaşı, böyük aqroholdinqlər yaradılır.
Parlament sədrinin müavini iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin, Hökumətlərarası Komissiyanın daha aktiv fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.
Həmin gün Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Türkmənistan nümayəndə heyəti ilə görüşüblər.
Sədr Aqiyə Naxçıvanlı bildirib ki, rəhbərlik etdiyi komitənin əsas fəaliyyət istiqaməti ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsidir. Bu sahəyə dövlət tərəfindən də hər zaman böyük diqqət və qayğı göstərilib.
Sonra parlamentin aqrar siyasət komitəsi üzvlərinin Türkmənistan nümayəndə heyəti ilə görüşü olub.
Komitə sədri Eldar İbrahimov Milli Məclisin strukturu, tərkibi, fəaliyyəti, habelə qanunların hazırlanması və qəbulu barədə qonaqlara məlumat verib. Diqqətə çatdırılıb ki, dünyanın müxtəlif ölkələri, o cümlədən Türkmənistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Ölkələrimiz arasında münasibətlər həmişə dostluq və qarşılıqlı anlaşma şəraitində inkişaf edib.
Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramova bildirib ki, Azərbaycanın aqrar sahədəki təcrübəsi Türkmənistan üçün çox maraqlıdır. O deyib ki, ölkəsində kənd təsərrüfatının əsas istiqamətləri pambıqçılıq və toxumçuluqdur. Bununla belə, meyvə istehsalı, heyvandarlıq və digər sahələr də sürətlə inkişaf edir.