Gələn ilin iyununda İranda növbəti prezident seçkisi keçiriləcək. İranın daxili işlər naziri Əbdülrza Rəhmani-Fəzli ölkənin hazırkı prezidenti Həsən Ruhaninin növbəti prezident seçkisində namizəd olacağını açıqlayıb. Nazir bildirib ki, H.Ruhani hökumətə seçkilərdə şəffaflığı təmin etmək üçün tapşırıqlar verib.
Qeyd edək ki, H.Ruhani 2013-cü ilin iyunun 15-də keçirilən seçkilərin ilk turunda seçicilərin yarısından bir az çoxunun (18 milyon 613 min 329 səs) səsini alaraq İran prezidenti seçilib. O, həmin ilin avqustun 3-də prezident kimi səlahiyyətlərinin icrasına başlayıb. Bəs, H.Ruhani seçkiqabağı dövrdə Güney Azərbaycan əhalisinə verdiyi vədləri yerinə yetiribmi? Onun bölgə əhalisindən yenidən səs almaq imkanları varmı?
Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Araz Aslanlı bildirib ki, H.Ruhani çox gərgin bir dövrdə vəzifəsinin icrasına başladı. Onun sözlərinə görə, həm İranın beynəlxalq mövqeyi, həm ölkənin daxili sosial-iqtisadi vəziyyəti, eləcə də milli azlıqların durumu ilə bağlı ciddi problemlər var idi: “Ruhani belə bir atmosferdə prezident seçildi. Təbii ki, müəyyən vədlər vermişdi. İrandakı qeyri-farslarla, eləcə də Azərbaycan türkləri və ölkənin xarici siyasəti ilə bağlı böyük gözləntilər var idi. Onların bir hissəsi reallaşdı. Hamısının reallaşması mümkün də deyildi və mən əslində tam reallaşacağını da gözləmirdim”.
A.Aslanlı qeyd edib ki, bunun bir neçə səbəbi var: “Əvvəla, Həsən Ruhanidən, yaxud digər İran prezidentlərinin özlərindən asılı olmayan məsələlər var. Bunlar İrandakı idarəetmənin mürəkkəbliyindən qaynaqlanan məsələlərdir. Yəni idarəetmə prosesində prezidentdən kənar qüvvələrin imkanları, onların mövqeləri çox əhəmiyyətlidir. Eyni zamanda biz bilirik ki, İranda prezident seçkilərində prezidentliyə namizədlərin xüsusən Güney Azərbaycanla bağlı verdikləri vədlər əksər hallarda qeyri-səmimi vədlər olur. Yəni, verilən bu vədlərin reallaşması həm onların imkanlarına uyğun deyil, həm də imkanları uyğun olsa belə fikirləşirlər ki, seçki dövründə vədlər verək, müəyyən dəstək alaq və ümumiran prizmasından da baxanda mümkün qədər sosial atmosferi yumşaldaq, gərginliyi azaldaq, ümumiran səviyyəsində bir partlayışa imkan verməyək. Bu baxımdan verilən vədlərin çox hissəsi reallaşmadı. Vədlərdən əlavə cəmiyyətin gözləntilərinin də çox hissəsi reallaşmadı. Ana dili ilə, ümumiyyətlə türk bölgələrinə baxışla bağlı, Urmiyə gölü ətrafında yaranmış ekoloji fəlakətlə əlaqədar cəmiyyətin böyük gözləntisi var idi. Bu gözləntilərin bir hissəsi Həsən Ruhaninin kampaniyası zamanı vəd şəklində idi, bir hissəsi konkret siyasi vəd kimi verilməmişdi, amma müəyyən işarələr verilirdi. Amma onların az hissəsi doğruldu. Səbəbini də az öncə qeyd etdim. Yəni, həm prezidentin imkanlarının məhdudluğu, həm də prezidentliyə namizədlərin ümumiyyətlə Güney Azərbaycana qeyri-səmimi yanaşması əsas səbəblərdir”.
Bəs, gələn il keçiriləcək prezident seçkisində Güney Azərbaycan seçicisi yenidən H.Ruhaniyə səs verəcəkmi? A.Aslanlı bu suala cavab olaraq deyib: “İstənilən seçkidə əvvəla cəmiyyətin ümumən seçkiyə marağı əhəmiyyətli rol oynayır, ikincisi də prezidentliyə namizədlərin, deyək ki, Həsən Ruhani namizəd olacaqsa onun alternativlərinin kimlər olacağı əhəmiyyətli olacaq. Güney azərbaycanlıların İrandakı seçki prosesində aktivliyi ilə bağlı “Güney Azərbaycanlılar ümumiran çərçivəsində gedən proseslərdə fəallıq göstərsinlərmi, göstərməsinlərmi?” mübahisələri var. Hətta xatırlayırsınızsa, Mirhəsən Musəvinin prezidentliyə namizədliyi dövründə də “seçkidə iştirak edib, Musəvini dəstəkləmək, yoxsa seçkiləri ümumilikdə boykot etmək” mübahisəsi olmuşdu. Bununla bağlı fikir ayrılığı var idi. Amma bilirsiniz ki, güney azərbaycanlılar seçkidə iştirak edəndə əsasən islahatçı namizədləri dəstəkləyirlər. Onlar ümumən İran cəmiyyətinin müasirləşməsinə çalışan, digərləri ilə müqayisədə azadlıqları nisbətən genişləndirəcək namizədə üstünlük verirlər. Yəni, bu amil güney azərbaycanlılar üçün əhəmiyyət daşıyır. Düzdür, daha mühafizəkar namizədi seçən müəyyən kütlələr də olur. Odur ki, gələn seçkidə də Ruhaninin rəqiblərinin kimlər olacağı əsasdır. Bəlkə, onun qarşısına bir Azərbaycan türkü, yaxud, Ruhanidən daha islahatçı və daha səmimi bir namizəd çıxacaq? Bəlkə də Əhmədinejad kimi bir şəxs namizəd olacaq? Yəni, seçkidə iştirak edən güney azərbaycanlıların kimə səs verməsi üçün ümumi mənzərə daha əhəmiyyətli olacaq. Şübhəsiz ki, bir hissəsi yenə boykot yolu tutacaq, ümumiran miqyaslı proseslərə qoşulmaq istəməyəcək. Amma qoşulmaq istəyən təbəqənin hamısı olmasa da, çoxu məncə namizədərin islahatçılıq, yaxud islahata meyillilik dərəcəsinə baxacaq”.
A.Aslanlı, həmçinin qeyd edib ki, İran Mahmud Əhmədinejaddan sonrakı dövrdə həm daxili siyasətlə, həm də beynəlxalq vəziyyəti düzəltməklə bağlı bir mərhələ başlatdı: “Neft ixracına embarqonun aradan qaldırılması, təbii qaz ixracı, ölkəyə sərmayə cəlb etməklə, xaricdə həbs qoyulmuş İran pullarının ölkəyə qaytarılması ilə bağlı planlar vardı. Yəni, bunların hamısı ilə bağlı bir proses başlayıb. Çox güman ki, İrandakı mövcud hakimiyyət bu prosesin davam etdirilməsində maraqlıdır. Yəni, İranın beynəlxalq aləmə inteqrasiya prosesi ən azı indiki formada davam etdiriləcək. Həm beynəlxalq vəziyyətlə bağlı ümumi atmosferi dəyişməyə, həm də istər iqtisadi, istər siyasi, istərsə də nüvə proqramı sahəsində praktiki nəticələr əldə etməyə çalışacaqlar”.
Səxavət HƏMİD