3 Noyabr 2016 16:55
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 1-dən Misir Ərəb Respublikasında rəsmi səfərdədir. Səfərdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də iştirak edir.

Nazir səfər ərəfəsində Misirin “MENA” (Middle East News Agency) – Yaxın Şərq İnformasiya Agentliyinə müsahibəsində iki ölkə arasında tarixi, siyasi, iqtisadi, enerji, təhsil, mədəniyyət və humanitar sahələrdə qurulmuş əməkdaşlıqdan söz açıb və əczaçılıq, turizm, yüngül sənaye, informasiya texnologiyaları, kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb. Azərbaycanla Misir arasında müqavilə-hüquq bazasının geniş olduğunu qeyd edən E.Məmmədyarov ikitərəfli əsasda müxtəlif sahələri əhatə edən 40-dan artıq sənədin imzalandığını bildirib və yüksək səviyyəli səfərlərin əhəmiyyətindən danışıb.

Səfər müddətində E.Məmmədyarov misirli həmkarı Sameh Şükri və ölkənin baş naziri Şərif İsmayıl Məhəmmədlə görüşüb, prezident Əbdül Fəttah əs-Sisi tərəfindən qəbul olunub.

Qeyd edək ki, E.Məmmədayrovun səfəri 2013-cü ilin iyulunda Misirdə baş vermiş hakimiyyət dəyişikliyindən sonra Bakıdan Qahirəyə edilən ən yüksək səviyyəli rəsmi səfərdir. Həmin dəyişikliklər Azərbaycanın ən yaxın müttəfqi olan Türkiyə hakimiyyəti tərəfindən kəskin tənqid olunmuşdu. Türkiyə Misirin yeni seçilmiş hökumətini tanımaqdan bugünədək imtina edir. İki ölkə arasında münasibətlər gərgin olaraq qalmaqdadır. Qahirə iyulun 15-də Türkiyədə baş verən hadisələri hərbi çevriliş cəhdi kimi pisləməkdən imtina etdi. Eyni zamanda Misir ötən ay Daşkənddə keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-cü sessiyasında Türkiyənin təşəbbüsü ilə müzakirəyə çıxarılan FETÖ-nü terror təşkilatı kimi tanımaqla bağlı qətnamənin əleyhinə səs verən yeganə dövlət oldu. Bu baxımdan E.Məmmədayrovun səfəri böyük maraq doğurur. Ehtimal etmək olar ki, E.Məmmədyarovun Qahirəyə səfərindən öncə Ankara da bu barədə məlumatlandırılıb. Azərbaycanın hər iki dövlətlə yüksək səviyyəli münasibətlərini nəzərə alsaq, yaxın perspektivdə Bakının Qahirə ilə Ankara arasında münasibətlərin normallaşması üçün vasitəçilik edə biləcəyini də proqnozlaşdırmaq olar.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, Misir ərəb dünyasının və Şimali Afrikanın əsas dövlətlərindəndir. O qeyd edib ki, doğrudur, son illər Misirdə baş verən qanlı hadisələr bu ölkənin xarici siyasətdəki fəallığını xeyli azaldıb. Məsələn, bu gün Səudiyyə Ərəbistanı, hətta Qətərin bölgədəki olaylara təsir imkanları Misirin imkanlarından üstündür. E.Şahinoğlu bildirib ki, Misir hazırda yaşamaq uğrunda mübarizə aparır: “Prezident Sisi üçün ölkədə sabitliyin bərqərar olması hava-su kimi lazımdır. Çünki, son illərin rəngli inqilabları, mitinq və küçə döyüşləri Misiri taqətdən saldı, iqtisadi zəmində xeyli geri düşdü, Qahirənin vaxtilə əsas gəlir mənbələrindən biri olan turizmdən qazancı xeyli azaldı”.

E.Şahinoğlu qeyd edib ki, buna baxmayaraq, general-prezident Sisi ölkəsinin əvvəlki statusunu bərpa etməyə çalışır: “Bu mənada Elmar Məmmədyarovun Misirə səfəri təqdirəlayiqdir. Bir gün Misir yenidən özünə gələcək və söz sahibi olacaq. Ona görə də həmin günü gözləmədən inqilablar səbəbi ilə Misirlə fasilə verilən əlaqələri bərpa edib gücləndirmək lazımdır. Elmar Məmmədyarov misirli həmkarı ilə Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin səviyyəsini və müxtəlif sahələr üzrə əməkdaşlığın vəziyyətini müzakirə edib. Tərəflər enerji sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı haqqında danışaraq, bu xüsusda 6 ildən artıq müddətdə SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında faydalı əlaqələrin qurulduğunu qeyd ediblər. Görüşdə həmçinin noyabr ayının sonunda keçirilməsi planlaşdırılan hökumətlərarası müştərək komissiyanın iclasında müzakirə olunacaq məsələlər ətrafında fikir mübadiləsi olub. Səfər zamanı SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb”.

Politoloq bildirib ki, beləliklə, E.Məmmədyarovun Qahirəyə səfəri iki ölkə arasındakı münasibətləri yenidən canlandırmağa hədəflənib: “Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ancaq bu ölkədə erməni diasporunun olduğunu da unutmamalıyıq. Harda ki, erməni diasporu var, orda Azərbaycana və Türkiyəyə qarşı suyu bulandırmaq var. Ona görə də Misirdəki səfirliyimizin üzərinə böyük yük düşür”.

E.Şahinoğlu bildirib ki, necə ki, rəsmi Bakı Ankara ilə Moskva arasında münasibətlərin normallaşmasında bəlli bir rol oynadı, münasibətləri soyuq olan Ankara ilə Qahirə arasında da vasitəçilik missiyasını həyata keçirə bilər: “Bundan əvvəl isə Misir və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərinin reallaşdırılması aktualdır”.

Səxavət HƏMİD


Müəllif: