6 Noyabr 2016 09:35
2 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, sabiq xarici işlər naziri Vilayət Quliyevlə müsahibənin ikinci hissəsini təqdim edir:

Birinci hissə burada: http://teleqraf.com/news/115089

- Vilayət müəllim, Macarıstan dövləti və cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi nədən ibarətdir?
- Görüşdüyüm, fikir mübadiləsi apardığım əksər macar rəsmiləri ümumən münaqişə barəsində məlumatlıdırlar və Azərbaycanın uğradığı işğalın miqyası, məruz qaldığı itkilərin əhatə dairəsi barəsində təsəvvürləri var. Bir az qəribə görünsə də, Ramil Səfərov hadisəsi Dağlıq Qarabağ haqqında sıravi insanların təsəvvürlərinin genişlənməsinə yardımçı oldu. Əslində macarlar ölkəmizin düşdüyü vəziyyəti, keçirdiyimiz hissləri yaxşı anlayırlar. Çünki Birinci Dünya müharibəsi nəticəsində bağlanan Trianon sazişinə əsasən torpaqlarının 40 faizini itiriblər, Transilvaniyada etnik macarlara qarşı soyqırımı həyata keçirilib. Ukrayna, Serbiya, Slovakiya, Rumıniya, Xorvatiya kimi qonşu dövlətlərdə macar azlığının üzləşdiyi problemlər cəmiyyətin diqqət mərkəzində dayanır. Dağlıq Qarabağa gəldikdə, macar dövləti də Azərbaycanın ərazi bütünlüyünü tanıyır, münaqişənin dinc yolla, beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinə tərəfdar çıxır. Sadəcə bu qədər! Eyni zamanda hökumət də, parlament də münaqişələrlə bağlı məsələlərdə neytral mövqe tutmağa çalışır. Məsələn, 2012-ci ildə biz Macarıstan Parlamentinin Beynəlxalq əlaqələr komitəsinə Xocalı soyqırımının tanınması ilə bağlı sənəd təqdim etmişdik. O zaman qanunverici məclisin sədri Laslo Köverlə görüşüm oldu. Spiker açıq mətnlə bildirdi ki, Macarıstan Azərbaycan xalqının faciəsini başa düşsə də, belə həssas məsələlərdə həkəm rolunu üzərinə götürmək istəmir. Eyni münasibəti oxşar tələblərlə ortaya atılan ermənilərə də göstərir. Doğrudan da son iki il ərzində erməni milli azlığının və bəzi siyasi partiyaların uydurma erməni soyqırımının tanınması ilə bağlı Macarıstan Parlamentinə etdikləri müraciətlər eyni alibi əsas gətirilərək komitə səviyyəsində rədd edilib.

- Vilayət müəllim, vaxtı ilə xarici işlər naziri kimi Dağlıq Qarabağla bağlı yüksək səviyyəli danışıqlarında iştirak etmisiniz. Necə düşünürsünüz, bu münaqişənin ən optimal həll variantı hansıdır?
- Mənə elə gəlir ki, ən optimal həll variantını hər birimiz bilirik – bu da işğalçı ilə onun öz dilində danışmaqdır. Tarixi Azərbaycan torpaqlarına silah gücünə sahiblənmək istəyənlər yalnız və yalnız silah gücünə də bu torpaqlardan birdəfəlik qovulmalıdır. Bu sadə həqiqəti anlamaq üçün səfir, yaxud nazir olmağa ehtiyac yoxdur. Ancaq necə? Şekspirin qəhrəmanı demiş, budur məsələ! Müharibə, hərbi güc tətbiqi ilə bağlı populist çağırışlar etmək asandır. Savaşın arxasındakı dəhşətləri, ölkəmizə düşmən kəsilən güclərin məkrli planlarını da diqqətə almaq lazımdır. Mən dörd il mərhum prezident Heydər Əliyevin rəhbərliyi altında işləmişəm. Dəfələrlə onun Dağlıq Qarabağ müşkülünü çözmək üçün bütün mümkün vasitələrə baş vurduğunun, ən cüzi imkanlardan da yararlandığının şahidi olmuşam. Əlbəttə, hər bir həqiqi azərbaycanlı üçün Dağlıq Qarabağı işğal altında qoyaraq dünyadan köçmək ağırdır. Bəs nə etməli? Düşünürəm ki, saatımızı gözləməli və güc toplamalıyıq. Dünya hər zaman belə qalmayacaq.

- Mümkünsə, fəaliyyətinizin başqa bir sahəsinə keçək. Siz diplomatiyaya elmdən gəlmisiniz. Dil və ədəbiyyat üzrə mütəxəssis, filoloq olmağınız yüksək peşəkarlıq tələb edən səfir fəaliyyətində sizə əlavə şanslar yaradırmı?
- Düşünürəm ki, yaradır. Həm də kifayət qədər. Səfir, ümumiyyətlə, hər bir diplomat dilini, tarixini, ədəbiyyatını, mədəniyyətini nə qədər yaxşı bilsə, ölkəsini də o qədər tanıda və ona dostlar qazandıra bilər. Şəxsi təcrübəmdən bir epizod danışmaq istəyirəm. Macarıstanda işə başladığım gündən məşhur macar türkoloqu, akademik Georq Xazai (1934-2016) ilə dostluq edirdim. Təbii ki, bizi birləşdirən ilk növbədə elmi maraqlarımızın yaxınlığı idi. Nəticədə böyük alim 2012-ci ildə şəxsi kitabxanasının böyük bir hissəsini (təxminən 1700 kitab və məcmuə) təmənnasız olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Əsaslı Elmi Kitabxanasına hədiyyə etdi. Bir neçə gün bundan öncə alimin qızı Sesiliya Xazainin, macar və Azərbaycan alimlərinin, diplomatların iştirakı ilə AMEA kitabxanasında Xazai Fondunun təntənəli təqdimat mərasimi keçirildi. Diplomatlarımızın bir hissəsi rusdillidir. Burada pis şey görmürəm. Rus dilini də, başqa dilləri də bilmək lazımdır. Ancaq Azərbaycan diplomatlarının başqalarının yanında öz aralarında rusca danışmalarını məqbul saymıram. Bu, ana dilimizə, dövlətçiliyə hörmətsizlikdir. Üstəlik də indiyə qədər imperiya təsirindən qurtula bilməməyin əlamətidir. Halbuki müstəqilliyimizin 25 yaşı var! Bu münasibətlə bir ibrətamiz hadisəni xatırlatmaq istəyirəm. XİN-də işlədiyim dövrdə bir dəfə Türkiyənin o zamankı xarici işlər naziri mərhum İsmayıl Cem mənə müraciət edib Ankaradakı səfirliyimizin əməkdaşlarının öz aralarında rusca danışmamaları haqqında göstəriş verməyimi istədi. Nazirin dediyinə görə, türklər həmişə bundan rahatsızlıq duyur, bəzən isə əleyhlərinə nə isə danışıldığını, yaxud məsxərəyə qoyulduqlarını düşünürmüşlər...

- Dünya ədəbiyyatının bir sıra diqqətəlayiq nümunələrini dilimizə çevirmisiniz? Hazırda hansısa tərcümə üzərində işləyirsinizmi? Yaxın gələcəkdə hansı məşhur müəlliflərin çapını zəruri və faydalı sayırsınız?
- Tərcüməçilik mənim üçün get-gedə həyatımın ayrılmaz hissəsinə çevrilən hobbidir. Əvvəllər sadəcə orijinal bir şey yazmayanda, yaxud yaza bilməyəndə tərcümələrə üz tuturdum. İndi isə hiss edirəm ki, bu iş mənim üçün daxili tələbata çevrilməkdədir. Bu yaxınlarda məşhur polyak yazıçısı və publisisti, “magik jurnalistikanın” banisi kimi tanınan Rışard Kapuçinskinin “Şahənşah” kitabı üzərində işi başa çatdırmışam. Polşada yiyələndiyim polyak dilini unutmamaq üçün əsəri orijinaldan çevirmişəm. Son dərəcə maraqlı üsluba, cəlbedici təhkiyəyə malik kitab 1979-cu il İran islam inqilabından və sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin həyatından bəhs edir. Hazırda macar yazıçısı, tarixçi və etnoqraf Pobert Gyula Cey-Bertin təkidli xahişinə əsasən tərcümə məqsədi ilə onun “Atilla” romanı ilə tanış oluram. Çox maraqlıdır. Macar dilini bilmədiyimdən bu əsəri türk, yaxud ingilis versiyasından çevirmək lazım gələcək. Hansı xarici müəlliflərin əsərlərinin tərcüməsinin zəruriliyi və faydalılığı məsələsinə gəldikdə isə burada böyük bir siyahı verə bilərəm. Ancaq ölkəmizdə tərcümə siyasətini müəyyən edən qurum, yaradıcı təşkilatlar var. Məncə, onlar uzun illərə hesablanmış belə siyahı hazırlamalı və bura daxil edilən əsərlərin tərcüməsi üçün ən yaxşı mütəxəssisləri bir araya gətirməlidirlər. Yoxsa kiminsə öz zövqünə, yaxud tanışlıq əlaqələrinə əsaslanıb tərcümə etdiyi əsərlərin dağınıq, sistemsiz nəşri insanlarımızın dünya ədəbiyyatının inciləri ilə tanışlığı üçün heç vaxt həqiqi bələdçi ola bilməyəcək.

- Azərbaycan Xalq Cümhuriyyəti və siyasi mühacirətlə bağlı 1990-cı illərdən başlayaraq ardıcıl araşdırmalar aparırsınız. Ötən 25 il ərzində bu sahədəki tədqiqatları necə dəyərləndirirsiniz?
- Bu yaxınlarda AMEA Nizami adına Ədəbiyyat İnstitutunda II Mühacirət ədəbiyyatı konfransı keçiriləndə düz 25 il əvvəl – 1991-ci ildə I konfransı necə böyük çətinliklər bahasına ərsəyə gətirdiyimizi xatırladım. Həmin dövrdə Ədəbiyyat İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışırdım. Sovet rejimi son aylarını yaşasa da, hələ mövcud idi. İşin bütün ağırlığı İnstitutun direktoru, bu günlərdə 80 illik yubileyi qeyd olunan mərhum Yaşar Qarayevlə mənim üzərimə düşmüşdü. Artıq həmin dövrdə nəcib fəaliyyəti ilə diqqəti çəkən “Vətən” cəmiyyəti də bizə fəal yardım edirdi. 1992-ci ildə başqa bir mühüm elmi-siyasi tədbir – Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı böyük elmi konfrans keçirdik. Onun materialları mənim tərtib, tərcümə (bəzi mətnlər rusca təqdim olunmuşdu) və redaktəmlə ayrıca kitab şəklində çıxdı. Bu Cümhuriyyət haqqında Azərbaycanda ilk kitab idi! Sonrakı illərdə də mövzu ilə bağlı axtarışlarımı davam etdirməyə çalışmışam. Azərbaycan və rus dillərində bir neçə kitabım, onlarla məqaləm çıxıb. Son olaraq bu il görkəmli ziyalı və diplomat, Polşadakı səfirimiz Həsən Həsənovla birlikdə Cümhuriyyətin ideya atalarından biri olan Əlimərdan bəy Topçubaşovun “Seçilmiş əsərləri”nin 4 cildliyini hazırlayıb çap etdirdik, A zərbaycDiplomatiya Akademiyasında təqdimatı keçirildi. Ötən dörddə bir əsr ərzində Cümhuriyyət irsinin toplanması, tədqiq və təbliği istiqamətində xeyli iş görülüb. Hətta deyərdim ki, vətənpərvər alimlərimizin nəzərində bu fəaliyyət sahəsi bir vicdan borcuna çevrilib. Amma öz tədqiqini gözləyən hadisə və şəxsiyyətlər, siyasi proseslər də az deyil. Eyni zamanda düşünürəm ki, tələsik hazırlanmış və bir sıra yanlışlıqların yer aldığı Cümhuriyyət Ensiklopediyası da XX əsrdəki ilk milli dövlətimizin 100 illiyi ərəfəsində yenidən, daha əhatəli və təkmilləşdirilmiş halda təkrar nəşr olunmalıdır.

- Hələ də Türkiyədə, Polşada, İranda, Fransada, Almaniyada Azərbaycan mühacirlərinə dair tədqiq edilməmiş arxiv materialları, şəxsi kolleksiyalarda yatan sənədlər, itmiş məzarlar var. Sizcə, bu sahəyə maraq niyə yüksək deyil?
- Bu siyahıya bir sıra başqa ölkələri də əlavə etmək olar. Məsələn, elə qonşu Gürcüstan, Ukrayna, Rusiya, Mərkəzi Asiya respublikaları və s. Məncə, dediyiniz maraq yüksək və əhatəli səviyyədə olmasa da, artıq yaranıb və ildən-ilə öz əhatə dairəsini daha da genişləndirir. Amma bir sıra hallarda o, sadəcə diletant səviyyəsindədir. Elmi araşdırma təcrübəsi, hadisə və şəxsiyyətləri dövrün kontekstində tədqiq etmək səriştəsi çatmır. Ən böyük bəlamız isə düşünürəm ki, laqeydlikdir. Baxın, Ukraynada yüz minlərlə azərbaycanlı yaşayır, aralarında imkanlı adamlar da az deyil. Ancaq həmvətənimiz, Azərbaycan Cümhuriyyətinin dövlət xadimlərindən biri, mühacirət dövründə Lvov universitetinin professoru olmuş şərqşünas və general Sadıq bəy Ağabəyzadənin məzarı lap bu son vaxtlara qədər bərbad, uçulub-dağılmış vəziyyətdə idi. Mən ümumən, mühacirət irsinə marağın olmaması fikrində deyiləm. Maraqlananlar var və gənclər arasında xüsusən çoxdur. Amma onlar maddi imkandan məhrumdurlar. Molla Pənah Vaqif demişkən, “zər əhlində kərəm yox, əhli-kərəmdə zər!” Məncə, bu marağı koordinasiya etmək, onu konkret tərcümələrə, tədqiqatlara, kino-filmlərə, abidələrə çevirmək üçün Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan MEA-nın humanitar institutları birlikdə fəaliyyət göstərməli, maliyyə qaynaqları tapmalıdırlar.

- Tədqiqatlarınızda xüsusi toxunduğunuz bir ailə var – Ağaoğlular. Zamanında bu barədə kitabınız çıxıb. Vaxtı ilə Əhməd Ağaoğlunun “Seçilmiş əsərləri”ini, təzəlikcə isə Səməd Ağaoğlunun “Atamın dostları” kitabını yayımlamısınız. Ağaoğlu ailəsinin Azərbaycan tarixindəki önəmi nədən ibarətdir? Bu ailə ilə bağlı yeni tədqiqatlarınız varmı? Yeni kitablarınızın, yaxud tərcümələrinizin çapı gözlənilirmi?
- Əhməd Ağaoğlu mənim nəzərimdə təkcə Azərbaycanın və Türkiyənin deyil, bütünlükdə türk dünyasının və müsəlman Şərqinin XIX əsrin sonu – XX əsrin əvvəllərində yetişdirdiyi böyük şəxsiyyətlərdən, son ensiklopedistlərdən biridir. Ağaoğlular nəsli həm Türkiyənin, həm də Azərbaycanın fikir həyatında, mədəniyyət və dövlətçilik tarixində mühüm izlər qoyublar. Bu nəslin nümayəndələrinin (Əhməd bəy, oğlu Səməd, qızı Tezer Taşqıran, gəlini Zəhra Nəriman Ağaoğlu) səsi 70 ildən çox Türkiyə Böyük Millət Məclisindən gəlib. Onilliklər boyu Türkiyədə intellektual həyatın mərkəzində dayanıblar. Atatürklə, Adnan Mendereslə sıx dostluq münasibəti saxlayıblar. Türkiyəyə ilk qadın hüquqşünası, ölkənin siyasi həyatında çoxpartiyalılığa yol açan Demokrat partiyasının qurucularından birini, sosial-demokrat ideyalarının səbatlı davamçısını Ağaoğlular ailəsi verib. Siyasətçilər, dövlət xadimləri, yazıçılar, şairlər, rəssamlar, diplomatlar yetirib. Maraqlıdır ki, həm də çağdaş türk ədəbiyyatının görkəmli simalarından biri kimi tanınan Səməd Ağaoğlu Türkiyədə baş nazirin müavini olduğu dövrdə əmisi Hüseyn bəyin qızı Sara xanım Ağayevanın əri, görkəmli alim və ictimai-siyasi xadim Vəli Axundov Azərbaycan KP MK-nın birinci katibi idi. Yəni nəsil Əhməd bəydən qalma ənənəni – həm Azərbaycanın, həm də Türkiyənin həyatında öncül rol oynamaq funksiyasını bu məqamda da davam etdirmişdi. Yeni araşdırmalara gəldikdə isə çoxdandır ki, Əhməd Ağaoğlunun zəngin, çoxşaxəli ömür yolu, intəhasız yaradıcılığı haqqında böyük bir kitab üzərində işləyirəm. Amma arxivlərdə uzun müddətli axtarış aparmaq zərurəti yarandığından indiyə qədər tamamlaya bilməmişəm.

- Bəs Macarıstana Azərbaycandan mühacirət axını olubmu? Oradakı arxivlərdə bizə aid hansısa materiallar varmı?
- Birmənalı demək olar ki, yox. Bunun bir neçə səbəbi var. 1920-1944-cü illərdə hakimiyyəti dəmir əllə idarə edən diktator Mikloş Xorti Macarıstanı demək olar ki, qapalı ölkəyə çevirmişdi. Əcnəbilərin, xüsusən də siyasi mühacirlərin bura gəlib məskunlaşmaları qeyri-mümkün idi. Fikrimcə, dil amilinin və 150 il türk ağalığı altında olmuş bir ölkədə türk əsilli insanlara xoş münasibət bəslənməyəcəyi düşüncəsinin də bəlli təsiri istisna edilməməlidir. Nəhayət, Macarıstan rahat və nisbətən təminatlı həyat üçün də cəlbedici deyildi. Yalnız 1960-cı illərdən sonra tək-tük azərbaycanlılar gəlib Budapeştdə və ölkənin digər şəhərlərində yerləşsələr də, bütünlükdə güclü icma halında birləşə bilməyiblər. Arxivlərə gəldikdə isə, unutmaq olmaz ki, Macarıstan tarixən elmi türkologiyanın mühüm mərkəzlərindən biri kimi tanınıb. Avropada ilk türk dilləri kafedrası 1876-cı ildə məşhur şərqşünas-alim Armin Vamberinin təşəbbüsü ilə indi ELTE kimi tanınan Budapeşt universitetində açılıb. Azərbaycan türkologiyasının yaradıcılarından biri – professor Bəkir Çobanzadə bu universitetdə təhsil alıb, məşhur macar alimi Dyula Nemetin tələbəsi olub. Yaxud başqa bir diqqətəlayiq fakt – Azərbaycan əsilli görkəmli türk alimi Əhməd Cəfəroğlu 1944-cü ildə Macarıstan EA-nın müxbir üzvü, habelə altaistika və dilçilik məsələləri mərkəzinin- Körösi-Skoma Cəmiyyətinin üzvü seçilib. Bu faktları nə üçün xatırlatdım? Sadəcə demək istəyirəm ki, Macarıstanın elmi arxivlərində türkoloq-alimlərimizi maraqlandıra biləcək sənəd və materiallar kifayət qədərdir.

- Polşada uğurlu diplomatik fəaliyyətinizlə bir sırada “Polyaklar Azərbaycan Demokratik Respublikasında”, “Polşa tatarları Azərbaycanda”, “Polşadakı Azərbaycan siyasi mühacirətinin irsindən” kitablarını yazıb bu ölkədə rus və polyak dillərində nəşr etdirdiniz. Bəs Macarıstandakı elmi axtarışlarınız və nəşr olunmuş kitablar barədə nə deyə bilərsiniz?
- Əvvəldə hələ çap etdirə bilmədiyimiz “Budapeşt, 1956 – Bakı, 1990” kitabı haqqında dedim. “Bəkir Çobanzadə Budapeştdə” adlı kiçik kitabım macar dilində çap olunub. M.F.Axundzadənin, Ə.Haqverdiyevin, Anarın, A.İmanquliyevanın, Z.Səfərlinin, K.Abdullanın və b. Azərbaycan müəlliflərinin macarca çıxan kitablarına ön söz yazmışam. Yazı həyatında ən əlamətdar hadisə isə Budapeştin “L`Harmattan” nəşriyyatında “Rusiya şərqşünaslığında Azərbaycan məktəbi (XIX əsrin birinci yarısı)” monoqrafiyamın ingilis dilində nəşri olub. Bir sözlə, həm əsas işimdə – diplomatik xidmət sahəsində, həm də bütün boş vaxt və enerjimi sərf etdiyim elmi yaradıcılıqda mümkün qədər fəal, məhsuldar olmağa çalışmışam.

- Sizə hər iki fəaliyyət sahəsində bundan sonra da böyük uğurlar və yeni müvəffəqiyyətlər arzulayırıq. Gərgin iş qrafikinizə rəğmən Teleqraf.com saytına müsahibə üçün vaxt ayırdığınıza görə minnətdarlığımızı bildiririk...
- Sağ olun. Mən də saytınızın daim oxucu marağı və diqqətinin mərkəzində dayanmasını, hamını düşündürən məsələləri birincilər sırasında, yüksək peşəkarlıq və prinsipiallıqla işıqlandırmasını arzu edirəm.

Müsahibəni apardı: Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər