7 Noyabr 2016 14:55
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah ABŞ-da prezident seçkiləri keçiriləcək. Dünyanın diqqəti ABŞ-da baş tutacaq prezident seçkiləri, bu seçkilərin nəticəsi və kimin prezident seçiləcəyi ilə bağlı xəbərlərdədir. Xatırladaq ki, seçkilərdə Demokratlar Partiyasının namizədi Hillari Klinton, Respublikaçıların namizədi isə milyarder Donald Trampdır.

Teleqraf.com ABŞ prezident seçkiləri kampaniyası və kimin prezident seçiləcəyi haqda Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun keçmiş icraçı direktoru Fərda Əsədova sual ünvanlayıb.

Tarixçi alimin fikirlərini təqdim edirik:

“ Bu seçki kampaniyası zamanı ritorikanı izləyərkən təəssüf hissi keçirirəm. Çünki prezident Barak Obamanın seçki kampaniyasını Amerikanın özündən izləmişəm. Onda görürdüm ki, ABŞ-ı dərindən narahat edən bir çox məsələlər seçki kampaniyası zamanı müzakirə olunurdu. Məsələn, İsraillə strateji əməkdaşlıq, bunun nə dərəcədə vacib olduğu, ABŞ cəmiyyətinin qütvləri nə qədər bir-birinə yaxınlaşır və ya maraq toqquşması nə dərəcədə böhranlı mərhələyə səbəb olur, habelə ABŞ-da səhiyyə sistemi necə qurulmalıdır? Bax, bu məsələlər ciddi polemikaya səbəb olurdu. Ancaq təəssüflər olsun ki, indiki seçki kampaniyasında belə vacib və böyük məsələlər özünü ifadə etmir. Bu ,ola bilsin ki, namizədlərin xüsusiyyəti ilə bağlıdır. Məncə, Donald Trampın Respublikaçılar tərəfindən namizəd irəli sürülməsinə müəyyən qədər əsas vardı. Çünki belə epotajlı namizəd haradasa Amerika cəmiyyətinə yenilik gətirən, habelə cəmiyyətin radikal dəyişiklik gözləməsi səbəbindən ola bilərdi. Eyni zamanda Trampın özü müəyyən qədər bir təbəqəni təmsil edir. ABŞ seçicilərinin böyük hissəsi isə bu təbəqədən olan insanlara o qədər də etibar etmir. Seçkilərdə seçicilərin ənənəvi olaraq belə təbəqənin təmsilçisinin əleyhinə səs verdiyi hallarını görmək olur.

Eyni zamanda ola bilsin ki, Hillari Klinton idarəçilik və inzibati təcrübə baxımından güclü namizəddir. Amma xanım Klintonu ABŞ cəmiyyətinin iradəsi, istəyi və axtarışlarına cavab verən namizəd kimi görmürəm. Onun yeganə üstünlüyü xanım namizəd olmasıdır. Bəlkə də cəmiyyətdə yenilik hissi ondan ibarətdir ki, bu dəfə də qadın prezident olsun. Ancaq gördüyünüz kimi, yenilik axtarışında köklü məsələlərin qoyuluşu və bunların qarşıdurması kimi əhəmiyyətli məsələlər bu seçki kampaniyasında müşahidə olunmur”.

Bununla belə müsahibimiz kimin prezident seçiləcəyi haqda proqnoz verməkdən çəkinib: “Proqnoz verməyi sevmirəm. Əgər Klinton qələbə çalsa, bu o deməkdir ki, Demokratlar Partiyası üçüncü dəfədir ki, hakimiyyətdə qalır. Adətən ABŞ-da iki seçki müddəti demokratlar, iki müddət isə respublikaçılar hakimiyyətdə olur. Bu seçkilərdə bir tərəfdən narahat və daha ehtiyatlı olan seçicilərin Demokratlar Partiyasının namizədinə daha çox səs verəcəyi gözlənilir. Amma ABŞ seçkilərində hər şey ola bilər”.

Cavad


Müəllif:

Oxşar xəbərlər