İraq ordusunun bu ilin martın 24-dən başlatdığı hərbi əməliyyatlar oktyabrın 16-dan etibarən geniş miqyas alıb. Hücumda məqsəd özünü “İslam Dövləti” adlandran terror təşkilatının (İŞİD) 2014-cü ilin iyunundan zəbt etdiyi Nineviya bölgəsi və bu bölgənin mərkəzi, eyni zamanda İraqın ikinci böyük şəhəri Mosulu terrorçulardan geri almaqdan ibarətdir.
Bəs, bu əməliyyatlarla bağlı ümumi mənzərə necədir? Türkiyənin bu əməliyyatlardan kənarda saxlanılmasında məqsəd nədən ibarətdir? İŞİD-i bölgədən çıxarmaq mümkün olacaqmı? Bununla İraqda terrorun kökünün kəsiləcəyini söyləmək mümkündürmü?
Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran siyasi şərhçi Vüqar Zifəroğlu bildirib ki, Mosul İraq ərazisində İŞİD-in əlində olan ən böyük və ciddi strateji əhəmiyyətə malik məntəqədir. Hazırda İraq ordusunun Mosulun terrorçulardan təmizlənməsi üçün irimiqyaslı hərbi əməliyyatlar apardığını vurğulayan V.Zifəroğlu qeyd edib ki, əslində əməliyyatlarda kifayət qədər müxtəlif qüvvələrin iştirakı var: “Nəzərə alsaq ki, bu gün İraqda 62 ölkənin əsgəri var, o zaman vəziyyətin nə qədər qarışıq olması ilə bağlı tam təsəvvür yaratmaq olar. Hərbi birləşmələr Mosula doğru üç istiqamətdə – “Hazır cəbhəsi”, “Güvər cəbhəsi” və “Qeyyara cəbhəsi” istiqamətində hücuma keçmişdilər. “Hazır cəbhəsi”ndə peşmərgə və türkiyəli hərbçilərin təlim keçdiyi silahlılar, “Güvər cəbhəsi” ilə “Qeyyara cəbhəsi”ndə isə ordu qüvvələri və İranın qeyri-rəsmi silahlı dəstələri, şiə qruplaşmaları mövqe tutmuşdular. ABŞ hərbçiləri də terrorçuların mövqelərini Mosul ovasından atəşə tuturdu”.
V.Zifəroğlunun sözlərinə görə, Mosul əməliyyatında birbaşa iştirak edəcək hərbi qüvvələrin seçilməsi zamanı ABŞ Türkiyə üçün həlledici rol müəyyənləşdirmədi ki, bunun da səbəbləri var: “Mosul İraqın ikinci ən böyük şəhəridir. Onun türklərin ixtiyarına verilməsi münaqişədə marağı olan tərəflərdən heç birinin, hətta indiki dönəmdə müttəfiq kimi görünən Rusiyanın da maraqlarına cavab vermir. Qardaş ölkənin bu əməliyyatdan kənarda saxlanılmasında yalnız ABŞ və ya Qərb deyil, İran da maraqlıdır”.
Ancaq ekspert qeyd edib ki, Ankara İraqdakı proseslərdə yaxından və birbaşa iştirak qətiyyətini dəfələrlə bəyan edərək, mühüm regional mübarizədə kənar müşahidəçi kimi qalmayacağını diqqətə çatdırıb: “Lakin proseslərin gedişatından da göründüyü kimi, həm Qərbin, həm də İraq hökumətinin bütün cəhdlərinə baxmayaraq, Türkiyənin bu ölkədəki proseslərdən kənarlaşdırılması mümkün deyil. Türkiyənin Mosulla bağlı Başikadakı hərbi bazasında təlim keçdiyi 2000-dək silahlı hazırda Mosul əməliyyatında iştirak edir. Eyni zamanda onu da unutmaq olmaz ki, Mosul Türkiyənin keçən ayın əvvəlində özü üçün prioritet elan etdiyi Misaki-Milli sərhədləri daxilində yerləşir”.
V.Zifəroğlu bildirib ki, İŞİD-in bölgədən çıxarılması, problemlərin həlli demək olmadığı kimi, terrorun da kökünün kəsiləcəyi anlamını ifadə etməz: “Belə təşkilatların genezisinə nəzər yetirərkən görmək olar ki, onlar mütləq hansısa əvvəlki bir təşkilatın xələfi olaraq yaranıblar. Məsələn, konkretləşdirsək İŞİD də “Əl-Qaidə” təşkilatının xələfidir. Zamanı gəldikdə də onlar xələf funksiyasını yerinə yetirərərək yerlərini fərqli bir adda yaradılmış, lakin eyni proqram və hədəflərə görə fəaliyyətini quran təşkilata dövr edəcək, özləri də onun içində əriyəcəklər.
Digər məqam isə, bu tip radikal terror təşkilatlarının yaranmasına səbəb olan münbit şərait, hazırlanan zəmindir. Regionda iri güclərin maraqları kəsişdiyi müddətdə belə təşkilatlar da var olacaq. Bu qaçılmazdır. Əsədin getməsi isə siyasi məsələdir. Bu gün Əsədin hakimiyyətdə qalmasının səbəbi yalnız İŞİD deyil. Bu həm də Suriya münaqişəsinə öz maraqları çərçivəsindən baxan iri dövlətlərin, Əsəddən sonrakı dövr üçün aydın və biri-biriləri ilə razılaşdırılmış baxışlarının olmaması ilə əlaqədardır. Həmin güclərin – Qərbin, Rusiyanın, Səudiyyənin, İranın və Türkiyənin – Suriyanın gələcəyi ilə bağlı fikir ayrılıqları var olduğu müddətdə Əsədin getməsi inandırıcı deyil”.
Səxavət HƏMİD