“Ermənistanın hazırki və keçmiş 3 vətəndaşı – Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və “Meridian” qeyri-hökumət təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyanın Bakıya gələrək Qarabağ mövzusunda təşkil olunan konfransda iştirakı xüsusi əhəmiyyətə malik idi”.
Teleqraf.com-un məlumatına görə, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik materialda öz əksini tapıb.
Qeyd olunur ki, birincisi, hər üç erməni Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyib: “Onlar Dağlıq Qarabağın Azərbaycan tərkibində ən yüksək muxtariyyat statusuna razı olduqlarını dedilər. Bu, Prezidenti İlham Əliyevin Rusiyanın “Sputnik” agentliyinə verdiyi son müsahibədə “Dağlıq Qarabağa muxtar respublika statusu verilə bilər” fikri ilə də üst-üstə düşür.
İkincisi, Bakıya gələn ermənilər Xocalı soyqırımı abidəsini ziyarət etdilər. Bu, Ermənistan hərbi hissələrinin yerli separatçılarla birgə Azərbaycan ərazisində soyqırım törətməsinin etirafı idi.
Üçüncüsü, Bakıdakı konfransda iştirak edən ermənilər prezident Serj Sərkisyanın Ermənistanı uçuruma apardığını və bu şəxsin dövlət başçısı olduğu müddətdə ölkələrinin vəziyyətinin daha da ağırlaşacağını bildirdilər”.
“Atlas” Araşdırmalar Mərkəzi bildirir ki, erməni fəalların iştirakı ilə Bakıda keçirilən konfrans Azərbaycanın uğurlu piar gedişidir: “Ermənilərin Bakıya dəvət edilərək fikirlərini sərbəst bildirmələri Ermənistan hakimiyyətinin illərdir apardığı “azərbaycanlılar bütün ermənilərə nifrət edirlər, ona görə də iki xalqın Qarabağda birgəyaşayışı mümkün deyil” təbliğatını alt-üst etdi. Azərbaycanlılar bütün ermənilərə nifrət etmirlər. Azərbaycanlılar ölkənin ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycan tərkibində varlığını qəbul edən, o cümlədən Xocalıda soyqrımını baş verdiyini etiraf edən ermənilərlə ünsiyyət qurmağa və onları Bakıya dəvət edib müxtəlif konfranslarda iştirak etməsinə şərait yaratmağa hazırdırlar.
Üç erməni fəalın Bakıya gələrək konfransda çıxış etmələri İrəvana o dərəcədə təsir edib ki, Ermənistanın heç bir mediası bu haqda xəbər yaymayıb. Məsələ burasındadır ki, ermənilərin Bakıya gələrək “Dağlıq Qarabağ əvvəllər olduğu kimi Azərbaycanın tərkibində olmalıdır və bununla iki dövlət normal münasibətlər qurmalıdırlar” demələri Ermənistanın siyasi dairələrində şok effekti yaradıb. Çünki, Ermənistan hakimiyyəti artıq qorxmağa başlayacaq ki, Ermənistanda Bakıya gələn ermənilər kimi düşünənlər az deyil və onlar da gələcəkdə Bakıya gələn ermənilərə qoşula bilərlər. Ermənistanda başqa ermənilər də var ki, Dağlıq Qarabağın Azərbaycan tərkibində varlığını mümkün sayırlar, sadəcə repressiyaya uğrayacaqlarından bunu açıq deməyə qorxular. Bunun əksi mümkün deyil. Azərbaycanın hətta hakimiyyətə qarşı ən qatı müxalif olan fəalı İrəvana gedib “Dağlıq Qarabağ müstəqil və ya Emənistana aid olmalıdır” deməz.
Rəsmi Bakının bu siyasəti genişləndirməsinə ehtiyac var. Ermənistanda Sərkisyana qatı müxalif olan fəallar çoxdur. Dağlıq Qarabağın Ermənistana yük olduğunu dərk edən həmin fəallarla da dialoq qurmağa ehtiyac var. Doğrudur, onlar Dağlıq Qarabağla bağlı qəti fikir söyləməkdə çətinlik çəkirlər, ancaq onlar da bilirlər ki, Azərbaycanla müharibə şəratində yaşamaq Ermənistanı uçuruma aparır”.
Hesabatda daha sonra bildirilir ki, Bakıya gələn ermənilərin açıqlamaları beynəlxalq aləmə və həmsədr dövlətlərə də ciddi mesajdır: “Dağlıq Qarabağda yaşayan ermənilər separatçıların hərbi-siyasi təzyiqi altında olmasalar onlar Azərbaycanın tərkibində yaşamağa hazırdırlar. Çünki onlar anlayırlar ki, daim Azərbaycanla müharibə qorxusu altında yaşamaq olmaz. Bütün hallarda onlar bu müharibədə qalib olmayacaqlar, Azərbaycan isə heç bir halda Dağlıq Qarabağın “müstəqilliyinə” seyrçi qalmayacaq. Digər tərəfdən hazırki şərtlər daxilində Dağlıq Qarabağda referendum keçirmək mümkündür. Çünki, separatçıların nəzarəti altında keçirilən referendumda ermənilərin sərbəst fikir bildirmələri onların həyatı üçün risklidir. Məhz bu riskə görə Bakıdakı konfransda iştirak edən 3 ermənidən ikisi fikirlərini sərbəst bildirklərinə görə Ermənistan hakimiyyətinin təzyiqi ilə üzləşib və xaricdə sığınacaq alıblar”.
Səxavət HƏMİD