Milli Məclisin deputatı Tahir Mirkişili ABŞ-ın hazırki prezidenti Barak Obamanın və yeni seçilən dövlət başçısı Donald Trampın iqtisadi platforması haqqında danışıb.
Teleqraf.com-un məlumatına görə, deputat bildirib ki, hazırkı prezident Barak Obamanın son 10 ildəki iqtisadi dəyişiklikləri ölkəyə əslində heç nə vermədi. Onun fikrincə, varlılar daha da varlandı, kasıblar daha da kasıblaşdı: “Bu mənada əhali dəyişiklik gözləntisi içərisində idi. Donald Tramp seçkiqabağı çıxışlarında Amerika dövlətinin iqtisadi strukturunu tam dəyişmək haqda bəyanatlar verdi. Bu məqsədlə Trampın iqtisadi proqramını təhlil edərkən bir neçə istiqamətin xüsusi seçildiyini görmək olar. Birinci istiqamət qloballaşmadan “amerikanlaşma”ya keçmək idi. Bu ideya ABŞ-ın digər ölkələrə dəstək verməsini kəsməyi və öz iqtisadiyyatını prioritet olaraq dəstəkləməsini nəzərdə tutur”.
Millət vəkili ikinci istiqamətin vergi inqilabı olduğunu bildirib: “Bu ideya kiçik və orta sahibkarlığın vergilərinin 35%-dən 15%-ə endirilməsini nəzərdə tutur. Tramp hesab edir ki, vergilərin endirilməsi bu sektorun inkişafına təkan verəcək. Həmçinin, əhalinin bütün qrupları üçün, gəlirlilik səviyyəsindən asılı olaraq hamı üçün vergilərin azaldılması nəzərdə tutulur. Eyni zamanda çoxuşaqlı və aztəminatlı ailələr üçün vergi güzəştlərinin tətbiqi planlaşdırılır”.
T.Mirkişili qeyd edib ki, Trampın platformasındakı digər məqam qlobal iqtisadi yeniliklə bağlıdır: “Bu ideya dövlət tənzimlənməsi prinsiplərinin sadələşdirilməsi, xarici investorların cəlb edilməsi, vətəndaşların iqtisadi təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur. Eyni zamanda enerji istehsalının artımını planlaşdırır. Burada əsas məqsəd ABŞ-ın enerji müstəqilliyini təmin etmək, 2 milyon iş yeri yaratmaq, təmiz enerjini dəstəkləkdir”.
Deputat hesab edir ki, ABŞ-ın 45-ci prezidenti beynəlxaq ticarət müqavilələrinə yenidən baxacaq: “Bu ideya ABŞ-ın beynəlxalq ticarət təşkilatlarında (NAFTA, TTİP) üzvlüyünün şərtlərinə yenidən baxılmasını və şərtləri ABŞ-ın iqtisadi tələbatlarına uyğunlaşdırmağı nəzərdə tutur”.
Onun fikrincə, Donald Trampın iqtisadi proqramın əsas məqsədi iqtisadi islahatlar vasitəsilə ABŞ-ı öz kapitalını ucuz işçi qüvvəsi axtarışı ilə xaricə çıxartmağa ehtiyacı olmayan tamamilə müstəqil ölkəyə çevirməkdir: “Qısacası, Trampın iqtisadi proqramı daha çox “iqtisadi proteksionizmi” dəstəkləyir, son 100 ildə ABŞ-ın dəstəklədiyi əsas ideya olan “azad ticarət”i məhdudlaşdırmağa yönəlib”.
Nərgiz