14 Noyabr 2016 17:00
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət düşərgəsində tanınmış şəxslərin bir-birini ittiham etməsi prosesi davam edir.

Teleqraf.com xəbər verir ki, bu proses iqtisadçı alim, ADR hərəkatının sədri Qubad İbadoğölunun “Mədən sənayesində şəffaflıq təşəbbüsü” (MSŞT) üzrə beynəlxalq idarə heyətinin 35-ci iclasından sonra verdiyi açıqlama səbəb olub.


Bundan sonra Qubad İbadoğlu ilə bağlı müxalifət düşərgəsində polemika başlayıb. Əvvəlcə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə Qubad İbadoğlu arasında qarşıdurma müşahidə olunub. Bundan sonra Müsavata yaxın media və şəxslər Qubad İbadoğluna qarşı hücuma keçiblər, vaxtilə cəbhəçilərin bu şəxsi müdafiə etdiklərini, hətta Müsavatın dağılmasına kənardan sevinclə baxdıqlarını xüsusilə vurğulayıblar. Hazırda müxalifət düşərgəsində Q.İbadoğlu əleyhinə ittihamlar davam edir.

Jurnalist Xədicə İsmayıl sosial şəbəkədə bəyan edib ki, bu günlərdə Qubad İbadoğlu ilə görüşüb: “Ayaqüstü söhbət elədik. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı mövqeyi barədə soruşdum. Dedi ki, mənim dediklərimi olduğu kimi çap edən media qurumları varsa, “müstəqil mətbuat yoxdur” fikrini söyləyə bilmərəm. Turan, Meydan TV və Azadlıq Radiosu var. Onlar mənim fikirlərimi çatdırırlar. İzah etməyə cəhd elədim ki, Turan agentlikdir, çox məhdud sayda adama çıxışı var, Meydan və Azadlıq Radiosu da xaricdədirlər və yenə də yalnız online olduğu üçün dairəsi məhduddur, razılaşmadı. İndi düşünürəm, bu adamların reallığı anlaması üçün nə etmək lazımdır? Həmkarlarım nəticə çıxarsınlar. Biz qınamırıq deyə onlar da özünü çox rahat hiss edir, deyəsən”.

Yaranan münasib durumdan Müsavat Partiyasının funksionerləri də yararlanmağa çalışırlar. Çünki onlar məhz Müsavatın zəifləməsinin bir səbəbi kimi də Qubad İbadoğlunun son qurultaydakı fəaliyyətini, partiyadan ayrılmasını, özü ilə birgə ziyalı təbəqəsini də aparmasında görürlər.

Müsavat Partiyasının funksioneri Osman Kazımov isə vaxtı ilə cəbhəçilər də daxil olmaqla çoxlarının məhz Q. İbadoğlunu dəstəklədiyini xatırladır və artıq həqiqətin üzə çıxdığını bəyan edir: “Müsavata hücum edənlər indi bir-birinə hücum edir. Axı vaxt vardı, bu yaramazlıqları bizlər açıq deyəndə utanmadan Müsavatı hakimiyyətlə iş birliyində suçlayırdınız. Zaman hər şeyi yerinə qoyur. Müsavatı məhkəməyə verənlər ifşa olundu. Palaz-palaz müsahibələrini verirdiniz, reklam edirdiniz. Ən ağır vaxtlarınızda yanınızda olan bizləri şər hədəfinə çevirməkdən belə çəkinmirdiniz. Xalqın müdrikliyinə inanırıq. Sizlərə isə sadəcə yazıqlar olsun”.

Qubad İbadoğlu şəxsinə olan hücumlara cavab verib. ADR Hərəkatının sədri bununla əlaqədar “Feysbuk”da status yazıb: “Siz ey Vətən, millət, dövlət anlayışlarına gizli nifrətini zaman-zaman büruzə verən, əlacsız qalanda son çarə kimi “Çamur at, izi qalsın” prinsipi ilə mövcudluğunu sürdürən prinsipsizlər - yalançı müxaliflər, saxta vətənpərvərlər! Qulaqlarınızı açın və eşidin: Mən təmsil olunduğum istənilən beynəlxalq və yerli platformada əsaslandırılmış müstəqil mövqedən çıxış edirəm, mövqeyim həmişə Azərbaycan dövlətinin və müstəqil vətəndaş cəmiyyətinin maraqlarının müdafiəsi üzərində qurulub. Şəxsiyyətimə və beynəlxalq arenadakı uğurlu fəaliyyətimə qarşı qərəzinizi boğub içinizdə gömün, əvvəlcə MSŞT-nin açılışının nə olduğunu öyrənin, sonra bu platformanın fəaliyyəti barədə fikir bildirin!

Bilin ki, kirli təfəkkürünüzün məhsulu olan böhtan, hədyan və uydurma ssenarilər məni ali prinsiplərimdən geri döndərə bilməz və bundan sonrakı fəaliyyətimdə də müstəqil vətəndaş cəmiyyətinin maraqlarından çıxış edərək, həm təmsil olunduğum düşərgənin haqlı mövqeyini, həm də Azərbaycan dövlətinin mənafeyini müdafiə edəcəyəm!

Sözümün sonunda üzümü bütün sağlam müzakirə imkanlarına malik insanlara tutur və onları 17 noyabr 2016-cı il tarixində saat 13:00-14:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək MSŞT ilə bağlı açıq müzakirəyə dəvət edirəm”.

CAVAD


Müəllif:

Oxşar xəbərlər