17 Noyabr 2016 15:05
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün seçki keçirilsə, Timoşenko qalib gələr”

Ukraynada vəziyyət yenidən gərginləşib. Bir neçə gün öncə paytaxt Kiyevdə kütləvi etiraz aksiyaları keçirilib. Beş yüz etirazçı Milli Bankın, 3 min nümayişçi Prezident Aparatının, 400-dən çox insan isə Ali Radanın qarşısında etiraz aksiyalarına qoşulub.

Qeyd edək ki, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko noyabrın 15-də xalqı Kiyevin mərkəzində etiraz aksiyası keçirməyə çağırıb. Onun sözlərinə görə, prezident Petro Poroşenko və Milli Bank korrupsiyaya dəstək verir, dövlət rəhbəri əsas vəzifələrə biznes həmkarlarını təyin edib: “Bu gün ancaq insanlarımız haqqı bərpa edə və hökumətə yerini göstərə bilərlər. Bu gün bütün vətəndaşlar, o cümlədən təqaüdçülər Kiyevin mərkəzində müddətsiz aksiyalar başlayacaq. Etirazlara səbəb qrivnanın məzənnəsinin enməsi, qiymət artımı və bank əmanətlərinin qaytarılmamasıdır”.

Onu da bildirək ki, “Batkivşina” sentyabrın sonlarında payızda Kiyevin mərkəzindəki “Maydan”da genişmiqyaslı etiraz aksiyaları keçirməyi planlaşdırdığını açıqlamışdı. Bildirilirdi ki, etiraz aksiyalarında kommunal xidmətlərin yüksək tariflərinə etiraz olunacaq. Y.Timoşenkoya dəstək verən ictimai təşkilatlar aksiyaların kütləviləşməsi üçün 500-ə qədər çadır alıb. Aksiyaların noyabr və dekabr aylarında keçirilməsi nəzərdə tutulub. Gələcəkdə etiraz aksiyalarının əsas tələbi vaxtından əvvəl parlament və prezident seçkilərinin keçirilməsi ilə bağlı olacaq.

Картинки по запросу elxan şahinoğlu

Ukraynadkı son durumu Teleqraf.com-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bildirib ki, ölkə hakimiyyətindən narazılıq getdikcə artır. Onun sözlərinə görə, Poroşenkonun reytinqi də get-gedə aşağı düşür: “Bu da ondan irəli gəlir ki, vəd edilən islahatlar yerinə yetirilmir. Həm də hazırda Ukraynada baş verənlər bu ölkədəki siyasi münasibətlərin xarakterinə uyğundur. Yəni, Ukraynada siyasi proseslər həmişə bu cür cərəyan edib. Bir liderə inam əvvəlcə böyük olur, sonra o inam o qədər aşağı düşür ki, artıq ona qarşı mübarizə başlayır. Məsələn, Viktor Yuşşenko rəngli inqilab nəticəsində hakimiyyətə gəlmişdi. Ancaq o, ikinci dəfə prezident seçkisində cəmi 5 faiz səs toplaya bildi. Sonra insanlar Poroşenkoya dəstək oldu, onu prezident seçdilər, amma hazırda onun reytinqi xeyli aşağı düşüb. Bu o deməkdir ki, belə davam etsə, hətta növbədənkənar seçki olmasa belə, yəni ikinci dəfə namizədliyini versə, Poroşenko böyük ehtimalla prezident seçilməyəcək”.

Mərkəz rəhbəri bildrib ki, növbəti prezident seçkisini gözləmədən Ukrayna cəmiyyətində böyük narahatlıq yaranıb: “Müxalifət də fəallaşıb. Hazırda Yuliya Timoşenkonun reytinqi yüksəkdir. Əgər bu gün parlament seçkiləri keçirilsə, onun partiyası böyük əminliklə qələbə çala bilər. Ona görə də o, artıq hakimiyyəti xəbərdar edir ki, üçüncü “Maydan hərəkatı” başlayacaq. Üstəlik, Mixail Saakaşvili Poroşenkoya qarşı qəti müxalifətçiliyə başlayıb. O öz hərəkatını partiyaya çevirəcək. Üzü qışa doğru gedirik və bilirik ki, qışda Ukraynada sosial-iqtisadi vəziyyət daha da dərinləşir. Ukraynanın az qala 1/3-nə elektrik enerjisi də verilmir. Belə şəraitdə bəli, inqilaba bənzər müəyyən hadisələr baş verə bilər.

Digər tərəfdən, Ukraynanın millətçi qüvvələri də indiki durumdan narazıdır. Bütün bunları bir yerə topladıqda üçüncü “Maydan hərəkatı”nın başlaması o qədər də az ehtimal olunan hadisə deyil. Ancaq üçüncü “Maydan”dan sonra Ukrayna elə dərin yara ala bilər ki, bir daha özünə gələ bilməz”.

E.Şahinoğlu qeyd edib ki, xalqın Poroşenko iqtidarından gözləntiləri çox böyük idi. Ancaq bu gözləntilər özünü doğrultmadı: “İkinci “Maydan”dan sonra böyük gözləntilər var idi ki, Ukrayna Avropanın tərkib hissəsi – Avropa İttifaqına üzv olacaq. Bu və digər gözləntilərin heç biri özünü doğrultmadı. Əksinə, Ukraynanın indiki iqtisadi vəziyyəti Viktor Yanukoviçin dövründəki iqtisadi vəziyyətdən dəfələrlə aşağı səviyyədədir. Yanukoviçi nəyə görə devirdilər? Həyat şəraiti düzəlsin, ölkə Avropaya inteqrasiya olsun. Bunların heç biri baş vermədi. Əksinə, Yanukoviçin dövründə Ukrayna ixracdan 50-60 milyard dollar həcmində gəlir götürürdüsə, indi bu rəqəm iki dəfədən çox aşağı düşüb, qiymətlər artıb. Yəni, ikinci “Maydan”ın nəticələri xalqı qane etmədi. Ona görə də xalq yenə etiraz edir, həyat şəraitinin dözülməz olduğunu vurğulayır. Aydındır ki, müxalif siyasi qüvvələr bu şəraitdən istifadə etmək istəyirlər. Bir tərəfdə Timoşenkonun partiyası, başqa tərəfdən ruspərəst müxalifət fəallaşıb. O biri tərəfdən Saakaşvili və milli qüvvələr. Bütün bunlar dörd istiqamətdə mübarizəyə başlasalar, hökumətin və Poroşenkonun məğlub olma ehtimalı getdikcə artacaq”.

Analitik ölkədəki kriminogen durumun da insanları narahat etdiyini vurğulayıb: “Daxili işlər naziri Arsen Avakov kriminogen durumun normallaşması istiqamətində faktiki olaraq ciddi addımlar atmır və üç gün öncə Ukrayna Milli Polisinin rəisi, milliyyətcə gürcü olan Xatiya Dekanoidze də istefa verdi. O da gördü ki, həm kriminogen vəziyyət çox mürəkkəbləşib, həm də bununla mübarizə düzgün aparılmır. Bu faktın özünü də situasiyaya əlavə etsək, görərik ki, Ukraynada yeni inqilabi şərait yetişib”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər