18 Noyabr 2016 16:56
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupu ilə Prezident İlham Əliyevin görüşünün sonunda maraqlı dialoq yaşanıb. Teleqraf.com xəbər verir ki, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal deyib:

– Cənab Prezident, iclasa yekun vurmaq üçün TASS agentliyinin baş direktoru Sergey Mixaylova söz verməzdən əvvəl mən Sizə imkan yaratmaq istəyirəm. Burada dünyanın hər yerindən insanlar var – Cibuti, Meksika, Koreya, Avstraliya, ABŞ, Kanada və Rumıniyadan. Sizin bizə vermək istədiyiniz sual varmı?

– Prezident İlham Əliyev: Fikirləşirəm ki, verəcəyim sual hamımız, xüsusilə də jurnalistlər üçündür. Bu sual ABŞ-dakı son prezident seçkiləri ilə bağlıdır. ABŞ-ın bütün aparıcı qəzetləri, o cümlədən “Vaşinqton Post”, “Nyu-York Tayms”, xəbər agentlikləri və başqaları xanım Klintonun qələbəsini proqnozlaşdırırdılar və ümumiyyətlə, mətbuatın bu məsələni necə işıqlandırması bizə məlumdur. Lakin nə baş verdi? Onların hamısı yanlışlığa yol verdi, yoxsa onların qiymətləndirməsi siyasi motivasiya daşıyırdı? Seçkilərin mətbuatda işıqlandırılmasına müəyyən göstərişlər verilməsi ilə bağlı siyasi müdaxilə var idimi? Yoxsa həmin mətbu orqanlar proqnozda çox böyük yanlışlığa yol verdilər və müəyyən mənada onlara olan etimadı itirdilər. Təbii ki, ABŞ-ın burada iştirak edən nümayəndəsi bu sualı birinci cavablandıra bilər.

Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski: Fikrimcə, bu, müəyyən dərəcədə sübut edir ki, bu, demokratiyadır və insanlar seçki məntəqəsinə gedərək öz seçimlərini edirlər. Bəzi ölkələrdən fərqli olaraq ABŞ-da bilmirsən ki, seçki nə ilə nəticələnəcək. ABŞ-da doğrudan da seçkilər keçirilərkən bilmirsən kim qalib gələcək və seçkilərin nəticələri bəzi xəbər agentliklərini çaş-baş saldı. Bir çox agentliklərin xəbərləri diqqəti latın amerikalılarının, afroamerikalıların səs verdiyi bəzi ştatlara yönəltmişdi və onlar görmədilər ki, Tramp qalib gələcək. Onlar görmürdülər ki, iqtisadi cəhətdən çətinlik çəkən təbəqələr Trampa səs verəcək. Lakin deyə bilərəm ki, hər hansı bir namizədi dəstəkləmək və ya ona ziyan vurmaqla bağlı heç bir xüsusi səbəb yox idi. Tam əksinə, ədalətli qaydada, mübahisəli bir mühitdə işıqlandırmağa çalışırdılar. Misal üçün, bir gün Associated Press Klinton haqqında tənqidi yazı dərc etmişdi və biz Trampı dəstəkləyənlərdən xeyli cavablar almışdıq. Ertəsi gün Tramp haqqında tənqidi yazı yazdıqda eyni axın Klintonun tərəfdarlarından daxil olmuşdu. Fikrimcə, bu, hamı üçün gözlənilməz oldu. Bəlkə də sorğu məlumatlarına həddən artıq etibar edirdik və onların etibarsız olduğu ortaya çıxdı. Lakin siyasi nəzarət yox idi.

Jose Antonio Vera Gil: Cənab Prezident, mən İspaniyanın EFE xəbər agentliyinin prezidentiyəm. Sizin Tramp haqqındakı şəxsi fikrinizi öyrənmək istərdim.

Prezident İlham Əliyev: Şəxsi fikrim çox müsbətdir. Keçirilən sorğulara və Amerikanın aparıcı media qurumlarının gözləntilərinə baxmayaraq, ona qarşı aparılan aqressiv kampaniyaya baxmayaraq, Amerika xalqı ona böyük dəstək göstərdi, o, seçkilərdə qalib gəldi. Bu seçkilərə görə o, ancaq özünə borcludur. O, böyük hörmətə layiqdir. Ümid edirik ki, əvvəlki illərdə ABŞ ilə Azərbaycan arasında inkişaf edən əlaqələr onun prezidentliyi dövründə uğurla davam edəcək. Əməkdaşlıq üçün bir çox sahə, o cümlədən siyasi, iqtisadi, enerji və başqa sahələr var. Dünyada da onun siyasəti üçün çox böyük gözləntilər var. Bunun üçün də Azərbaycan olaraq ona uğurlar arzulayırıq və düşünürəm ki, Azərbaycan xalqı seçkilərdə baş verənləri qiymətləndirir.

Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov: Cənab Prezident, Sizə xüsusi sualım yoxdur. Çünki birinci müavinim Azərbaycan haqqında hər bir kiçik şeyi hər gün mənə danışıb. Artıq hər şeyi bilirəm. Cənab Prezident, qonaqpərvərliyinizə görə bir daha təşəkkür edirəm. Üç gündür ki, buradayıq və Sizinlə iki dəfə görüşmüşük. Bir daha təşəkkür edirəm. Cənab Prezidentin ingilis dilində gözəl danışmağının sirrini bilirəm. Çünki biz eyni institutun – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunuyuq. Buna görə cənab Prezidentin ingiliscəsi çox yaxşıdır. Burada olmaq imkanı yaratdığınız üçün təşəkkür edirəm.

Prezident İlham Əliyev: Buraya gəldiyiniz üçün təşəkkür edirəm. Bir daha deyim ki, bu əhəmiyyətli tədbiri təşkil etmək bizim üçün qürurvericidir. Əminəm ki, Azərbaycandan xoş təəssüratlarla qayıdacaqsınız.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər