Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması üçün ölkəyə dəstək olacaq. Bu məqsədlə Avropa İttifaqı "Bakı Dəniz Ticarət Limanı" QSC- yə texniki yardım göstərəcək. "Report"xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.
"Bu layihənin məqsədi Azərbaycanda yaradılan Dəniz Ticarət Limanının rəhbərliyi ilə möhkəm əməkdaşlığın bərqarar olmasıdır. Avropa İttifaqı dünyada mövcud olan beynəlxalq təcrübəni Azərbaycana gətirməyi nəzərdə tutur. Bakı limanının inkişafına dəstək vermək üçün beynəlxalq və yerli ekspertlərdən ibarət işçi qrupu yaradılacaq", - deyə M.Mard əlavə edib.
Qeyd edək ki, Aİ-nin Bakı limanına texniki yardım layihəsinin müddəti 12 ay olacaq. Layihənin büdcəsi isə 262 min avro təşkil edir.