22 Noyabr 2016 17:45
1 968
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya bataqlığa doğru sürətlə irəliləyir”

Teleqraf.com tanınmış jurnalist, “Yeni Nəsil” Azərbaycan Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə müsahibəni təqdim edir.

- Arif bəy, hazırda dünya mediası Donald Trampın ABŞ prezidenti seçilməsi və onun atacağı addımlar barədə yazır. Sözsüz ki, çoxları xanım Klintonun prezident seçiləcəyini gözləyirdi. Siz necə, gözləntinizdə yanılmadınız?
- Trampın seçiləcəyi əvvəlcədən bir çox mütəxəssislərə fantastik görünürdü. Hətta mən ciddi KİV-lərdə proqnozlar oxumuşdum ki, seçkiqabağı ölçülərdə Klintonun irəlidə olmasına baxmayaraq, Trampın seçilməsi daha gözləniləndir. Ümumiyyətlə, ABŞ cəmiyyətində Hillari Klintonun obrazı mürəkkəbdir və ona qarşı dəyişməz mənfi münasibətdə olan qruplar çox idi. Bu da sonra məlum nəticəni ortaya qoydu.

- Tramın seçilməsindən sonra Amerika siyasətində hansı dəyişikliklər gözləniləndir?
- Əlbəttə, orada nəzərəçarpacaq dəyişikliklər gözləniləndir. Ondan əvvəlki prezident də bir çox istiqamətdə fərqli yanaşmalar ortaya qoymuşdu. Ancaq hesab etmirəm ki, Trampın prezidentliyi dövründə ABŞ siyasətində köklü dəyişikliklər baş verə bilər. Seçkilərin özü də göstərdi ki, ABŞ dövləti dünya siyasətində nə dərəcədə güclü mövqeyə malikdir. Bura maliyyə siyasətindən tutmuş ayrı-ayrı ölkələrin mövqeyi, qlobal və regional siyasətə təsirlər və s. daxildir. Bu qüvvəni artırmaq Tramp üçün əlahiddə məsələ olacaq. Məncə, bu siyasət Reqyanın dövründə olduğu kimi aqressivləşəcək. Amma böyük mənada köklü dəyişikliklərin baş verəcəyini güman etmirəm.

- Çoxları Donald Trampı həm də Reyqanla müqayisə edir. Sizcə, niyə?
- Həm zahiri oxşarlıq var, həm prezidentliyə gəlişlərinin bir qədər gözlənilməz olması məsələsi var, həm də siyasi aqressivlik hər ikisində müşahidə olunub. Yəqin buna görə onları bir-birilə müqayisə edirlər. Amma mən bu sahədə, habelə xarici siyasətdə özümü mütəxəssis hesab etmirəm.

- Suriya probleminin taleyi necə olacaq?
- Mən Trampın Rusiyaya sıcaq münasibətinin şahidi oldum. Söhbət seçkilər dönəmində verilən bəyanatlardan gedir. Ancaq Suriyada ciddi irəliləyişin baş verə biləcəyi böyük sual altındadır. Çünki Putin götürdüyü istiqamət nəinki sağlam məntiq, həm də ABŞ-ın xarici siyasət prioritetləri ilə ziddiyyət təşkil edir. Suriyada isə ciddi dəyişikliklər yalnız ABŞ və Rusiya arasında razılıq əldə ediləcəyi təqdirdə müşahidə oluna bilər. Mən hələ daxili siyasi situasiyanı demirəm. İndi birmənalı deyə bilmərəm ki, Trampın xətti Rusiyaya yaxınlaşmaqdır və bu yaxınlaşma nəticəsində Suriya böhranı ilə bağlı razılıq əldə ediləcək. Bununla belə Suriyada artıq elə böyük daxili mənfi potensial cəmləşib ki, müsbət dəyişikliklər əldə etmək çətin olacaq. İnfrastruktur dağılıb, xalqın təfəkküründə psixoloji dəyişikliklər olub, intellektual potensial dağılıb. Bu bəlkə də bu proseslər Suriyanı 50 il geri atıb. Bu vəziyyətin region ölkələri, xüsusilə Türkiyə üçün yaxın illərdə problem olacağını düşünürəm.

- Siz də hesab edirsiniz ki, Amerika-Rusiya münasibətləri yaxşılığa doğru dəyişmyəcək?
- Mən Moskvada təhsil almışam. Rusiyanın bir sıra ciddi informasiya vasitələrində baş redaktordan tutmuş aparıcı mütəxəssislərə qədər çoxsaylı dostlarım var və bizim əlaqələrimiz qalır. Bu məsələni son aylardakı söhbətlərimiz zamanı çox müzakirə etmişik. Mən onların mövqelərinə inanıram, çünki dostların sırasında çox ciddi şəxslər var. Onların fikirləri qənaətimi möhkəmləndirib ki, Tramp və Klintonun prezident olmasından asılı olmayaraq, ABŞ-Rusiya mövqelərinin yaxınlaşması mürəkkəb məsələdir. Bəlkə də Hillari Klintonun yürütdüyü siyasi xətlə münasibətləri normallaşdırmağa daha çox şans var idi. Belə ifadəni də, tez-tez eşidirəm ki, yaxın vaxtlarda Tramp Putinin qorxunc yuxularına çevriləcək. Mən düşünmürəm ki, Rusiyanın xarici siyasət kursunda elə ciddi dəyişikliklər olar ki, Rusiya-ABŞ və ya Rusiya-Avropa arasında ziddiyyətlər nisbətən yumşalsın. Mənim fikrimcə, bu o zaman mümkün ola bilər ki, Rusiyada daxili dəyişikliklər baş versin və nəticədə Putinin iştahası bir qədər azalsın, burnunu da bir qədər ovsun. Ancaq hələlik bu istiqamətdə hər hansı bir yenilik sezilmir.

- Ancaq Donald Tramp seçkini udanda Rusiya cəmiyyətində sevinc sezilirdi...
- Geniş təbəqədə bu sevinc hiss olunurdu. Amma ciddi ekspert təbəqəsində deməzdim ki, böyük eyforiya mövcud idi. Ümumilikdə sevinc hiss edilirdi, çünki ABŞ-a münasibətdə Rusiyanın aparıcı mediasının uzunmüddətli təbliğatında xüsusilə Klintona Obama siyasətinin davamçısı kimi baxılırdı. Bunun da müəyyən təsirləri olmamış deyil.

- Qərb ekspertləri NATO-a haqqında müzakirələr açır, çoxları düşünür ki, ABŞ-ın təhlükəsizliyi üçün NATO-ya ehtiyac yoxdur. Vaşinqton iki və üçtərəfli danışıqlarla təhlükəsizlik problemlərini həll edə bilər. NATO-nun bir alyans kimi sıradan çıxmaq ehtimalı nə dərəcədə realdır?
- NATO-nun sonuncu tədbiri və NATO rəhbərinin çıxışları göstərir ki, bu alyansın gücləndirilməsi, yeni dövlətlərin bura daxil olması, maliyyənin artırılması istiqamətində ciddi planlar mövcuddur. Hətta NATO-nun maliyyə mexanizminin yenidən qurulması haqda söhbətlər gedir. Və Avropa dövlətlərinin rolunu bu maliyyə yükündə artırmaq, hər şeyi ABŞ-ın boynuna qoymamaq məsələsi var. Üstəlik NATO rəhbərinin çıxışında ciddi mesajlar var idi. Bura yaxın dövrdə NATO-nun təkcə hərbi deyil, siyasi və təbliğat sahəsində öz fəaliyyətini genişləndirmək planları daxildir. Mən xüsusilə təbliğat sahəsini qeyd edərdim. Burada söhbət ictimai münasibətlərə daxil olmaqdan gedir. Mən bu planda Baltik ölkələrdə baş verənləri sezirəm və bu barədə məlumatlıyam. Ona görə də düşünmürəm ki, NATO sıradan çıxmağa hazırdır və ya öz işini bitmiş hesab edir. Əksinə, planların inkişaf etdiriləcəyinə göstərilən səylər daha çox nəzərə çarpır.

- Ancaq biz həm də fərqli prosesləri müşahidə edirik. Məsələn, Gürcüstanda son parlament seçkilərini, habelə Moldova və Bolqarıstanda prezident seçkilərini Rusiyaya loyal mövqedə duran qüvvələr qazanıb. Sizə elə gəlmirmi ki, Rusiya son illərdə ilk dəfə ciddi revanş götürür?
- Rusiyanın mövqeyinin deyil, daha çox təsirinin güclənməsi sezilir. Həm ərəb coğrafiyasında, həm Türkiyə ilə baş verən insident, sonrakı yaxınlaşma, həm Qafqaz regionunda, həm də Şərqi Avropaya cəhdlərdə bu görünür. Hər halda Rusiyanın getdikcə pisləşən və ağır vəziyyətdə olan iqtisadiyyatının fonunda mən Rusiyanın buna uzun müddət davam gətirəcəyinə inanmıram. Qənaətimə görə, Rusiya Sovet İttifaqının son dövrlərində girmiş olduğu bataqlığa doğru sürətlə irəliləyir. Hansı ki, ABŞ, NATO və Avropa ilə hərbi yarış sonda SSRİ iqtisadiyyatının dağıdılmasına gətirib çıxardı. Bu da sonda SSRİ-ni xeyli dərəcədə zəiflətdi, siyasi sistemi iflic etdi. İndi bu proses yenidən müşahidə olunur. Bəzən informasiya texnologiyalarından və ya başqa qıcıqlardan istifadə etməklə Rusiyanın indiki yolunu davam etməsi üçün əsas yaradılır. Sanki ABŞ və Avropanın bunda marağı var. Çünki bu yarışda Rusiyanın zəif cəhətləri həddən artıq çoxdur. Ancaq eyni zamanda ətraf ölkələr, Azərbaycan və Gürcüstan da daxil olmaqla bir çox ölkələr bu təsirin müvəqqəti olsa da, güclənməsi ilə hesablaşmaqdadır. Bir sıra hallarda Rusiyaya göstərilən reveranslar zahiri xarakter daşıyır. Bilirsinizmi, Gürcüstanda seçkilər nəticəsində yeni qüvvələr hakimiyyətə gələndə Rusiya ilə münasibətlərin yaxşılaşacağı haqda mülahizələr var idi. O zamanda çoxları düşünürdü ki, bu, baş verməyəcək və verə də bilməz. Çünki Gürcüstan siyasəti Saakaşvilinin timsalında radikal formada dəyişirdi. Həqiqətən də Rusiya ilə münasibətlər yaxşılaşmadı. Saakaşvilinin dövründə aparılan siyasətdə müəyyən çalarlar var idi ki, rəngi həqiqətən qatılaşdırırdı. Bunları əlbəttə, bir qədər açmaq lazım idi və bu da baş verdi. Bundan sonra Rusiya silahı başı üzərinə qaldırdıqca, hərbi qüdrəti ilə öyündükcə, heç kim ona dost münasibət bəsləməyəcək. Çəkinirlər, amma bu daxildə sevginin deyil, əks münasibətin güclənməsinə səbəb olur. Zahirən yaxınlaşma görüntüləri daxildə yaxın gələcək üçün daha çox mənfi enerji toplayır. Bu enerji nə zamansa üzə çıxacaq.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər