22 Noyabr 2016 18:51
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinkin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında iqtisadiyyat, enerji, terrorizmə qarşı mübarizə, sülhməramlı əməliyyatlar və digər sahələrdə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının vacibliyi qeyd olunub.

Bricet Brink Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını bildirib. O, ABŞ-ın Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini və mövcud əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb. Diplomat ABŞ hökumətinin Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyaya yardımı və terrorizmə qarşı mübarizədə töhfəsini yüksək qiymətləndirdiyini deyib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında geniş məlumat verib. Status-kvonun qəbuledilməzliyini vurğulayan nazir ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə ABŞ tərəfindən münaqişənin həlli istiqamətində səylərin artırılmasının vacibliyinə diqqəti çəkib.

Nazir Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrindən söz açdı və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu deyib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər