“Azərbaycanın əksər ölkələrlə yaxşı ikitərəfli münasibətlərdə olması dövlətimiz üçün müsbət amildir. İsraillə münasibətlərin yüksək səviyyədə olması isə çox yaxşı haldır. İsrailin ciddi potensialı var və dünyada sayılıb-seçilən dövlətdir”.
Bunu İsrail baş naziri Benyamin Netanyahunun dekabrın ikinci ön günlüyündə gözlənilən Bakı səfərini Teleqraf.com-a şərh edən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
Hüquq müdafiəçisi əlavə edib ki, İsrail hərbi sənaye potensialı baxımından öndə gedən dövlətdir. Onun fikrincə, Aprel müharibəsi zamanı məhz bu ölkədən alınan silahlar özünü doğruldub: “İkincisi, biz yeganə müsəlman-türk dövlətiyik ki, İsraillə yüksək əlaqələrə malikik. Netanyahu Azərbaycandan sonra Qazaxıstana səfər edəcək. Bu çox müsbət haldır. İsrailə də sərfəlidir ki, müsəlman dövlətləri ilə normal əlaqələr qurur və bunu inkişaf etdirir. Mən hesab edirəm ki, bu səfər bizim üçün müsbət addımdır”.
Müsahibimizin fikrincə, biz İsraildən çox şey öyrənə bilərik: “İsrail oturuşmuş dövlətdir. İsrail həm hərbi, həm iqtisadiyyat, həm sosial-səhiyyə sahəsində, həm də kənd təsərrüfatı sahəsində inkişaf etmiş ölkədir. Mən istərdim ki, İsraillə həm də kənd təsərrüfatı sahəsində əməkdaşlıq edək, müqavilələr bağlansın. İsrail az sayda dövlətlərdən biridir ki, əksər ölkələrə kənd təsərrüfatı məhsulları təqdim edir. Bunlar ekoloji baxımdan təmiz məhsullardır. Mən İsraildə dəfələrlə olmuşam. Onlar sanki səhrada cənnət yaradıblar. Orada kənd təsərrüfatı inkişaf edib. Hesab edirəm ki, Benyamin Netanyahunun Bakı səfəri müsbət hadisədir”.
Bununla belə hüquq müdafiəçisi hesab edir ki, İsrailin yüksək dövlət adamının Azərbaycana səfəri qonşu ölkələri narahat etməməlidir: “Əlbəttə, İran-İsrail münasibətləri normal deyil. İran bu səfərdən narahat ola bilər. Amma İrandan soruşmaq olar ki, bizim düşmənimiz olan Ermənistanla niyə güclü iqtisadi və siyasi əlaqələrə malikdir? Biz Ermənistanla faktiki müharibə aparırıq. İran Ermənistana neft satır, bu ölkə ilə gözəl əlaqələrə malikdir. İsrail-İran arasında isə müharibə getmir. Biz İrana demirik ki, niyə müsəlman torpaqlarını işğal edən Ermənistanla belə əlaqələrə maliksən? O mənada İran da bizə bu səfərlə bağlı söz deyə bilməz”.
Novella Cəfəroğlu daha sonra əlavə edib ki, ərəb dövlətləri İsraillə dil tapırlar və bundan sonra da dil tapacaqlar: “Fələstinə gəldikdə deyim ki, bu məsələ dünya miqyasında olan problemdir. Məncə, İsrail və Fələstini tək buraxsalar, digər dövlətlər ora müdaxilə etməsələr, onlar dil tapıb gözəl yaşayarlar. İndiyə qədər İsrail-Fələstin müharibəsi var. Amma İsrail Fələstinə su, mavi yanacaq, ərzaq verir. İqtisadi əlaqələri yüksəkdir. Əgər terror qrupları olmasa fələstinlilərlə israillilər dil taparlar”.
NEMƏT