Xarici işlər naziri Elmar Məmmədyarov Mərakeşin Azərbaycana yeni təyin olunmuş səfiri Adil Embarkı qəbul edib. XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.
Görüşdə Azərbaycanla Mərakeş arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadiyyat, humanitar, turizm, alternativ və bərpa olunan enerji kimi sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanların və əhatəli müqavilə-hüquq bazasının olduğu diqqətə çatdırılıb. Ticarət əlaqələrinin genişləndirilməsi üçün biznes dairələri arasında əlaqələrin təşviq edilməsinin və biznes forumlarının keçirilməsinin vacibliyi vurğulanıb.
E.Məmmədyarov Mərakeşin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar ədalətli mövqeyinin, Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupuna qoşulmasının təqdir edildiyini bildirib.
Səfir A.Embark iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Səxavət