Hamburqda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin planlaşdırılan görüş formatı hələ dəqiqləşdirilməyib.
Teleqraf.com erməni mətbuatına istinadən xəbər verir ki, bu haqda Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib. Onun sözlərinə görə, nazirlər səviyyəsində görüşün olub-olmayacağı barədə hələlik dəqiqləşmə aparılmayıb.
Qeyd edək ki, Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək. Toplantıda Azərbaycan, Ermənistan xarici işlər nazirləri və Minsk qrupunun həmsədrləri iştirak edəcək.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu ayın əvvəlində jurnalistlərə açıqlamasında bildirmişdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Hamburqda ATƏT XİN Şurası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkilini təklif edir.
Nazir Azərbaycanın bu görüşə razılıq verdiyini söyləmişdi: “Sankt-Peterburq görüşündən sonra biz irəliləyişə ümid edirdik və Sankt-Peterburq ab-havasının bərpa olunmasını istərdik. Lakin erməni tərəfi prosesə mane olur”.
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan isə b qeyd etmişdi ki, yalnız vasitəçilərlə görüş olacağı məlumdur. Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin səviyyəsində görüşün olub-olmayacağı sual altındadır.
Nərgiz