“Soyuq müharibə” illərində (1946-1991) Qərblə sosialist bloku ölkələri arasında qarşıdurma nöqtələri əsasən Mərkəzi Amerika (Kuba, Nikaraqua), Cənub-Şərqi Asiya (Vyetnam, Laos, Koreya, Kamboca), Asiya (Əfqanıstan) kimi ölkələr idisə, SSRİ-nin süqutundan sonra Baltikyanı ölkələr, Şərqi Avropa, Ukrayna, Moldova, Cənubi Qafqaz, həmçinin, Yaponiya iki siyasi qüvvənin qarşıdurmasının yeni meydanına çevrilib. Xüsusilə, Baltikyanı ölkələr (Latviya, Litva və Estoniya) bu məsələdə xüsusi önəm daşıyırlar. Krımın ilhaqından və Donbasın bir hissəsinin işğalından sonra Qərblə Rusiyanın qarşıdurması açıq müstəviyə keçdi. Bəs, Rusiyanın bu ölkələri vaxtaşırı hədələməsinin praktiki nəticələri ola bilərmi? Proseslərin necə inkişaf edəcəyi proznozlaşdırılır?
Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Mehdiyev bildirib ki, Rusiyanın Cənubi Qafqaza münasibəti Baltikyanı ölkələrə dair münasibətindən çox fərqlidir. Onun sözlərinə görə, Rusiya Cənubi Qafqaz ölkələrində gedən proseslərə daha böyük həssaslıqla yanaşır və buranı özünün daha həyati maraq dairəsinə daxil region hesab edir: “Çünki Rusiyada Baltikyanı ölkələrin müstəqilliyinin, sonra da NATO-ya daxil olmasının əleyhinə olsa da sonradan bununla razılaşdılar və faktiki olaraq bu gün Moskvanın onlara hər hansı müdaxiləsi, yaxud daxili işlərinə qarışması prosesi yox dərəcəsindədir. Sadəcə olaraq müstəqillik qazanandan sonra Rusiyanın o ölkələrdəki rus milli azlığının hüquqları ilə bağlı problemləri olub. Bu problemlər indi də qalmaqdadır. Baltikyanı ölkələr bu məsələləri Avropa institutlarında qaldırmışlar. Avropa ölkələri isə bundan heç də həmişə şad olmurlar. Çünki bu ölkələr rus azlığına bir çox yerlərdə diskriminasiya törədirdilər. Hərbi-təhlükəsizlik baxımından isə bu ölkələr NATO-nun üzvləridir. Yadınızdadırsa, Vladimir Putin Rusiyanın bu ölkələrə heç bir müdaxiləsinin olmayacağını bildirmişdi. Putin bununla digər NATO üzvləri kimi Baltikyanı ölkələrin də hüquqlarına hörmət etdiyini nümayiş etdirmişdi. Bu baxımdan düşünürəm ki, Rusiyanın Baltikyanı ölkələrlə bağlı siyasəti bir qədər şişirdilmiş formada təqdim olunur”.
E.Mehdiyev qeyd edib ki, Rusiyanın Baltikyanı ölkələrə müdaxiləsinə dair fikirlər bu gün daha çox həmin ölkələrin daxili siyasətləri ilə bağlı olaraq siyasi liderlər tərəfindən səsləndirilir: “Təkcə Baltikyanı ölkələrdə deyil, əhalisinin sayına görə onlardan 50 dəfə böyük ölkə olan Polşada da belə çağırışlar səsləndirilirsə, o zaman Baltikyanı ölkələrdə edilən çağırışları başa düşmək olar”.
Ancaq faktdır ki, Ukrayna böhranından sonra – 2014-cü ilin yazından etibarən Rusiya Baltikyanı ölkələrin, o cümlədən Polşanın hava səmasına, eyni zamanda Baltik dənizinin sözügedən ölkələrə məxsus akvatoriyasına müdaxilələr edirdi. Həmçinin, İsveç və Polşa səmasında da rus hərbi təyyarələrinin uçuşları qeydə alınmışdı. Bu baxımdan Qərblə Rusiya arasında növbəti gərginlik olacağı təqdirdə ilk növbədə bu ölkələrin hücuma məruz qalacağını düşünmək mümkündürmü? E.Mehdiyev qeyd edib ki, Rusiya ABŞ-ın, Kanadanın, İngiltərə və Norveçin də hava sərhədlərini pozub: “Rusiyanın hərbi təyyarələrinin səmada hərəkət edərkən bu ölkələrin səmasına yaxınlaşması, müəyyən hallarda hava sərhədinin pozulması halları baş verir. Bunu heç kim inkar etmir. Amma bu heç də o demək deyil ki, Rusiya Baltikyanı ölkələrə, yaxud Polşaya girmək istəyir. Putin bunu dəfələrlə ağılsız adamların fikri adlandırmışdı. Çünki o, Rusiyanı NATO ilə müharibəyə sürükləməyi, nüvə dövlətlərinin üz-üzə gəlməsini əlbəttə, istəmir”.
Qeyd edək ki, Baltikyanı ölkələrdə NATO-nun güclənməsi də vaxtaşırı gündəmə gəlir. Alyansın bu ölkələrdə öz hərbi varlığını artırmaq istəyi hər zaman gündəmdə olub. E.Mehdiyev isə deyir, bu ölkələr NATO-ya daxil olanda Brüssel Moskva ilə şifahi anlaşmışdı ki, həmin ölkələrə əlavə NATO qüvvələri yeridilməyəcək: “Amma Rusiyanın Ukraynaya müdaxiləsindən sonra vəziyyət dəyişdi. NATO Baltikyanı ölkələrə, həmçinin, Rumıniya və Polşaya hərbi təyyarələr, indi isə quru qoşunları yollayır. Bu ölkələrdə özünün hərbi varlığını daha da artırır. Bu da təbiidir. Çünki NATO Rusiyanın Ukraynadakı addımlarından çəkinərək özünün şərq sərhədlərini möhkəmləndir. Bu da ittifaqın siyasətinə tamamilə uyğun bir haldır və sözügedən ölkələrin təhlükəsizliyi, müstəqilliyi və əminliyi baxımından önəmlidir. Rusiya da yaranmış vəziyyətdə, yəni Krımı ilhaq etməsi, Donbasdakı fəaliyyəti kontekstində və dünyada izolyasiyada qaldığı bir dönəmdə NATO-nun bu addımlarını da sakit qarşılayır. Əgər bu hallar olmasaydı, Rusiya onlara böyük etiraz edərdi. Amma indi Rusiya da NATO-nun bu addımlarını normal qarşılayır”.
Bəs, Baltikyanı ölkələrin xalqlarının, o cümlədən polyakların və çexlərin, finladların və isveçlilərin rus etnosuna münasibəti necədir? E.Mehdiyev deyir, məsələ heç də etnik ruslara münasibətdən getmir. Bu ölkələrdə daha çox Rusiyanın rəhbərliyinə baxışdan söhbət gedir: “Onlar daha çox tarixi keçmişə söykənərək Rusiya rəhbərliyini hər zaman təcavüzkar kimi qəbul edirlər. Ukrayna hadisələrindən sonra hesab edirlər ki, onların əvvəl gətirdikləri arqumentlər doğru imiş. Amma o ölkələrdə rus etnosuna qarşı siyasi müstəvidə heç də diskriminasiya halları qeydə alınmır. Çünki o ölkələrdə artıq qanunun aliliyi hökm sürür. Yəni, nə qədər mümkündürsə, bir o qədər də yüksək səviyyədə qanunun aliliyi mövcuddur. Bu da digər məsələlərin qarşısını alır. O ki qaldı Baltikyanı ölkələrdə rus azlığına münasibət məsələsinə, orda vətəndaşlıq məsələləri ilə bağlı ruslara qarşı diskriminasiya hələ də mövcuddur. Bu heç də onlara qarşı hər hansı zorakılığa, yaxud izolyasiyaya gətirib çıxarmır”.
Səxavət HƏMİD