“Bilirsiniz ki, Avropa Şurasına üzv ölkələr ölüm hökmünü qadağan ediblər. Şuraya üzv olan ölkələrin heç birində ölüm hökmü icra olunmur. Buna görə də bəzi avropalı siyasətçilər Türkiyədə ölüm hökmünün bərpası istiqamətində səslənən fikirləri məhz Avropaya qarşı addımlar kimi qəbul edirlər. Bu baxımdan az öncə bərpa olunan danışıqlar yenə də dayandırılıb”.
Bunu Teleqraf.com-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı 2005-ci il oktyabrın 3-də başlanan müzakirə prosesinin müvəqqəti dondurulması haqqında qərarını şərh edən A.Mollazadə, danışıqların mövcudluğuna baxmayaraq uzun müddətdir Avropanın qapılarının Türkiyə üçün bağlı olduğunu vurğulayıb:
“Əslində bu qərar Avropa İttifaqının real siyasətinin necə olduğunu nümayiş etdirir. Mənə elə gəlir ki, Avropa öz marağından irəli gələrək Türkiyə ilə çoxşaxəli münasibət formalaşdırmalıdır. Türkiyə də əbəs yerə Avropanın qapılarını döyməməlidir. Daha yaxşı olardı ki, Türkiyə Azərbaycanla, region ölkələri ilə hazırkı ciddi əməkdaşlığı daha da gücləndirəydi. O zaman zənginləşmiş Türkiyə Avropa üçün daha böyük əhəmiyyət kəsb edərdi”.
Bəs, bu qərar Türkiyənin hansı addımlar atacağını şərtləndirəcək? Bu sualı da cavablandıran A.Mollazadə bu qərarın Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatı kimi təşkilatlarla əməkdaşlığının gücləndirilməsinə gətirib çıxaracaq: “Mənə elə gəlir ki, Türkiyə türk dövlətləri ilə də münasibətləri fərqli formatda inkişaf etdirsəydi, bu da Avropa üçün çox maraqlı siqnal olardı. Bununla yanaşı mən əminəm ki, Türkiyə NATO ilə müttəfiqliyini davam etdirəcək və Amerika Birləşmiş Ştatları ilə öz münasibətlərini münasibətlərini daha da sıxlaşdıracaq, daha da möhkəmləndirəcək. Mənə elə gəlir ki, bu istiqamətdə işlər davam etdiriləcək”.
R.T.Ərdoğanın ölkədən tranzit kimi istifadə edən miqrantlar üçün sərhəd qapılarının Avropanın üzünə açıla biləcəyinə dair bəyanatına toxunan A.Mollazadə bu istiqamətdə də danışıqların davam etdirilməsinin zəruri olduğunu vurğulayıb: “Təəssüflə deməliyəm ki, Avropa da Türkiyəyə miqrantlarla bağlı əməkdaşlıq istiqamətində verdiyi vədlərin bir çoxunu yerinə yetirməyib. Ona görə də bu istiqamətdə danışıqlar davam etdirilməlidir”.
Deputat bildirib ki, Avropa Parlamentinin bu qərarı Türkiyə üçün ilk növbədə iqtisadi və ticarət sahəsində problemlər yarada bilər: “Çünki Avropa ölkələri Türkiyənin ticarət sahəsində ən əsas tərəfdaşlarıdır. Avropa bazarı Türkiyə üçün çox böyük əhəmiyyət kəsb edir. Lakin, prinsip olaraq uzun illərdir danışıqlar heç bir şeylə nəticələnməyib. Avropa İttifaqı Türkiyə üçün qapıları çoxdan bağlamışdı. Heç açmamışdı ki, indi danışıqların kəsilməsi nəyəsə səbəb olsun”.
Bəs, Avropa Parlamentinin bu qərarı ilə Türkiyənin ölüm hökmünü bərpa etməsi mümkündürmü? Bu suala cavab olaraq A.Mollazadə deyib: “Müzakirələrin dayandırılmasının səbəbi də elə Türkiyədə ölüm hökmünün bərpasına dair aparılan müzakirələrdir. Düşünürəm ki, Türkiyə hakimiyyəti ölüm hökmünün tətbiqi barədə qərarı ölkədə referendum keçirilməsindən sonra verə bilər. Hələlik belə bir qərar yoxdur”.
Səxavət HƏMİD