Kuba inqilabının lideri, dövlət, siyasi və partiya xadimi Fidel Aleksandro Kastro Rus noyabrın 26-da 90 yaşında vəfat edib. Sağlığında Fidelin tutduğu ideoloji siyasi xətti qəbul edənlərlə tənqid edənlərin olduğu kimi onun vəfatından sonra da bu ayrımçılıq qalmaqdadır. Bu məsələdə sadə insanlardan tutmuş böyük dövlətlərin başçılarına kimi fərqli fikirlərə malik insanlara rast gəlmək mümkündür. Kimi onu əfsanəvi lider, kimi də ABŞ-ın seçilmiş prezidenti Donald Tramp kimi amansız diktator adlandırır. Bəzi insanlar onun ölümünə sevinir, bəzi ölkələrdə isə 3, 7, yaxud 9 günlük matəm elan olunub.
Bütün bu ziddiyyətlərə baxmayaraq, bir şey həqiqətdir ki, F.Kastro pisi ilə də, yaxşısı ilə də XX əsr siyasi tarixində dərin iz salmış böyük dövlət xadimi, inqilab lideri, axına qarşı üzməyi bacarmış dəyanətli sərkərdədir. Təkcə bunu xatırlatmaq kifayətdir ki, o, dünya siyasi tarixində yeganə dövlət başçısıdır ki, bütün fəaliyyəti boyunca təhlükə altında fəaliyyət göstərib. Əleyhdarları – ABŞ hakimiyyəti, Kubadakı rəqibləri və inqilabdan sonra Havanadakı məşhur kazino və fahişəxanaları əllərindən alınmış amerikan mafioz qruplar tərəfindən ona 638 dəfə sui-qəsd planlaşdırılıb və həyata keçirilib. Ona qarşı Duayt Eyzenhauerin prezidentliyi dövründə 38, Con Kennedinin dövründə 42, Lindon Consonun dövründə 72, Riçard Niksonun dövründə 184, Cimmi Karterin dövründə 64, Ronald Reyqanın dövründə 197, Corc Buşun (ata) dövründə 16, Bill Klintonun zamanında isə 21 sui-qəsd cəhdi olub. Fidelin ölümü ilə böyük Ernesto Çe Geveranın kimi inqilabçılar nəslinin daxil olduğu böyük bir epoxa başa çatdı.
Teleqraf.com fəaliyyəti XX əsrin ən keşməkeşkli dövrünə təsadüf edən inqilabçı barədə fikirlərini bölüşmək üçün tanınmışlara müraciət edib.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə F.Kastronu “böyük insan, dahi siyasətçi” adlandırıb. O qeyd edib ki, F.Kastro haqqında ancaq yaxşı sözlər söyləmək mümkündür: “Ümumiyyətlə, XX əsr çox qəribə bir əsr idi. Bu əsrdə həm mənfi, həm də müsbət dahilər var. Siyasətdə olan həmin müsbət dahilərdən biri də Fidel Kastrodur. Baxmayaraq ki, o, varlı bir ailədən idi, amma Kuba xalqının necə əzab-əziyyət çəkdiyini görürdü. Kuba ABŞ-ın narkotik bazarı və rəsmi fahişəxanası idi. Fidel xalqı bundan xilas etdi. Deyirlər Kubada yaşayış çətindir və sair və ilaxır. Baxın, 1956-cı ildən ölkə iqtisadi sanksiyalar altında yaşayır. Ancaq onu diz çökdürə bilmədilər. Bir neçə dəfə dövlət çevrilişi etməyə çalışdılar, ona qarşı 600-dən çox sui-qəsd hazırladılar. Lakin heç nəyə nail ola bilmədilər. Bəzən də deyirlər, xalq yoxsulluq həddində yaşayır, bu inqilabın nə mənası var idi? Belə olanda mən deyirəm, YUNESKO-nun xoşbəxtlik reytinqinə baxın. Xoşbəxtlik reytinqinə görə Kuba xalqı dünyada birinci yeri tutur”.
A.Əlizadə qeyd edib ki, F.Kastro xalqına mənliyini qaytarıb: “Fidel diz çökmədi. ABŞ kimi nəhəngin lap qonşuluğunda öz dövlətini qurub yaratdı, insanlara təhsil verdi. Bu gün Kuba səhiyyəsinin səviyyəsinə görə dünyada ilk üçlükdə, təhsilin səviyyəsinə görə ilk beşlikdə dayanır. Bunlar hamısı Fidelin xidmətidir. Allah ona qəni-qəni rəhmət eləsin. Çox böyük insan idi. Heyf... Amma hamı bilir ki, gec-tez bütün insanlar dünyasını dəyişir”.
Bundan sonra Kubada proseslərin hansı məcrada inkişaf edəcəyinə dair sualımızı cavablandıran A.Əlizadə deyib: “Nə qədər ki, Raul hakimiyyətdir, orda da islahatlar gedir. Amma Qorbaçovsayağı islahatlar getmir. Düşünürəm ki, Kubanın gələcəyi yaxşı olacaq. Çünki savadlı və vətənpərvər gənc nəsil var. Kuba xalqı isə çox zəhmətkeş xalqdır”.
A.Əlizadə F.Kastro və Ernesto Çe Gevaranı əfsanəvi inqilabçılar adlandırıb: “XX əsrin inqilabçıları deyəndə bu iki adamın adı yada düşür. Fidel Kastronun dövründə cinayətlər olmayıb. Çünki o, ölkənin qapılarını açdı və dedi ki, kim istəyir gedə bilər”.
ASDP ABŞ-ın seçilmiş prezidenti Donald Trampın F.Kastronu diktator adlandırmasına da münasibət bildirib: “Trampdı da. Əgər Tramp diktator axtarırsa, ABŞ-ın ən yaxın müttəfiqlərinə – Səudiyyə Ərəbistanına, Küveytə baxsın. O zaman diktatorları görər. Diktatorların vaxtında ölkə inkişaf etmir, diktatorların vaxtında pulsuz təhsil olmur, diktatorun vaxtında xalq xoşbəxtlik reytinqinə görə birinci yerdə gedə bilməz”.
Politoloq Elşən Manafov bildirib ki, F.Kastro 1959-cu il inqilabının baş verməsindən sonra iqtidara gəlmiş şəxsdir. O qeyd edib ki, F.Kastronun hakimiyyətinin ilk illərində Kubanın hansı inkişaf yolunu seçəcəyi məlum deyildi: “Lakin 1961-ci ildə Havanada məşhur mitinqdən sonra Fidel Kubanın sosialist ölkəsi olacağını bəyan etdi. Bununla da Qərb yarımkürəsində ilk sosialist ölkəsinin qurulmasına nail oldu. Bildiyiniz kimi Kastronun iqtidarı dönəmində Kubada həyata keçirilən islahatlar SSRİ-də mövcud olan modelin Kubaya transfer edilməsi cəhdləri ABŞ-ın bir neçə dəfə Fideli devirməyə cəhd göstərməsi ilə nəticələndi. Ancaq məsələ burasındadır ki, Fidelin hakimiyyətə gəldiyi dövrdə – Fulxensio Batista dövründə Kubada sosial-iqtisadi vəziyyət kifayət qədər fərqli idi. Kuba daha çox Mayamidən olanların istirahət etdiyi bir məkan idi. Amerikalı turistlərin Kubaya axını bu ölkəyə milyardlarla dollar vəsait gətirirdi. Kastronun rejimi dövründə Kubada vətəndaşların iqtisadi fəaliyyət azadlığına yasaq qoyuldu, Kubada açıq-aşkar diktatura üsul-idarəsi yaradıldı. Kastronun islahatları nəticə etibarilə Kubanın Qərb yarımkürəsində ən acınacaqlı vəziyyətdə olan ölkələrdən birinə çevrilməsinə səbəb oldu”.
E.Manafov qeyd edib ki, SSRİ-nin hərbi-siyasi və maliyyə dəstəyi olmasaydı, Kuba rejimi uzun müddət duruş gətirə bilməzdi: “Sovet İttifaqının çökməsindən sonra Kubadakı rejimin duruş gətirməsi Fidelin özünün siyasi idarəsi və dövləti idarəetmə bacarığı sayəsində mümkün oldu. Bu ölkədə yaradılmış diktatura rejimi və Fidelin şəxsiyyətinə pərəstiş, bu pərəstişin formalaşdırılması istiqamətində illərlə aparılan məqsədyönlü siyasət Kastro rejiminin bugünədək duruş gətirməsinə səbəb oldu. Ancaq mən bir daha qeyd etmək istəyirəm ki, Batistanın hakimiyyətdə olduğu dönəmdə Kubada əhalinin sosial-iqtisadi durumu Fidelin idarə etidiyi Kubadan kifayət qədər fərqli idi. Bu amilə diqqət yetirməmək olmaz”.
E.Manafov onu da bildirib ki, Fidellə Çe Gevara arasında münasibətlərdə müəyyən məqamlar olub: “Əslində, Kuba inqilabının həyata keçirilməsində Çe Gevaranın özünəməxsus rolu olub. Bu gün dünya sosialist gənclərinin böyük əksəriyyəti Çe Gevaranın özlərinə kumir seçiblər. Bu mənada Çe Gevaranın dünya sosialist hərəkatındakı rolu və yeri Fidellə müqayisədə xeyli yüksəkdir. Yeri gəlmişkən, Çe Gevara sosialist ideyaları naminə Boliviyada öz canını qurban verməyə hazır idi və belə də oldu. Fidel isə Kubada klan hakimiyyətinin qurulmasına nail oldu. Unutmaq lazım deyil ki, 2008-ci ildə keçirdiyi insultdan sonra Fidel hakimiyyəti qardaşı Raula verdi. Güman edirəm ki, Fidelin ölümündən sonra onun uzun illər ərzində qurduğu dövlət öz ampluasında qalmayacaq. Yaxın perspektivdə biz Kubada da sosial motivli xalq həyəcanlarının yaşandığını görəcəyik. Çünki bir daha qeyd etmək istəyirəm ki, Kuba əhalisinin maddi durumuna və adambaşına düşən gəlirlərin səviyyəsinə görə Mərkəzi və Cənubi Amerika ölkələri arasında ən axırıncı yerlərdən birini tutur. Bu baxımdan mən Fidelin ölümü ilə Kubadakı rejimin mahiyyət etibarilə yaxın gələcəkdə dəyişəcəyini istisna etmirəm.
Güman edirəm ki, ABŞ adada arzuolunmaz rejimin aradan qaldırılması, rəngli və ya geosiyasi inqilabların həyata keçirilməsi üçün maliyyə məsrəflərindən də imtina etməyəcək. Bu mənada bəşəriyyət Kastro rejiminin yaxın vaxtlarda iflasa uğramasını görəcək”.
“Fidelin kim olduğunu bilmək istəyirsizmi? Onun ölümünə kədərlənənlərin kimliyinə, sonra da çevrilib bu ölümə sevinənlərin kimliyinə baxın. Bütün əzilənlər, ədalət axtarışında olanlar, humanizmə inananlar üçün Fidelin gedişi böyük itki və səmimi dərddir. Harada olmasından – Mayamidəmi, Vaşinqtondamı, ya Bakıdamı? – asılı olmayaraq bu itkini bayram edənlər isə “Mauqli”də “Akello yayındı” söyləyən çaqqallara bənzəyir”. Bunu isə publisist Məmməd Süleymanov bildirib.
M.Süleymanov daha sonra deyib: “Dəhşətli diktator” Fidel Qərbin yalnız demokratik bombalar və azadlıq napalmı göndərdiyi yerlərə yardım üçün həkim, müəllim briqadaları göndərirdi.
“Şöhrətpərəst və oğru” Fidelin bank hesablarında 1 senti də yox idi – vaxtilə “Forbes” onun bank milyonlarından yazanda Fidel “Axtarın. Tapsanız, hamısını sizə bağışlayıram. Tapmasanız, üzr istəyin” demişdi. Tapmadılar. Və üzr istəmədilər.
“İstismarçı” Fidel 50 ildir blokadada olan (Blokadanı Kuba elan etməmişdi, Kubaya elan etmişdilər) ölkəsində dünyada ən güclü pulsuz səhiyyə və ən keyfiyyətli pulsuz təhsil yaradıb. Bunların sönük kölgəsini yaradın, sonra nifrinlər yağdırın.
Fidel Kuba xalqına qürurunu, dünya xalqlarına isə inqilab enerjisini qaytardı. Onun barəsində ən güclü tərifləri Qarsia Markes, Xulio Kortasar, Oliver Stoun söyləyib.
Fidel və Raul Kolumbiyada 60 ildir davam edən vətəndaş müharibəsinə son qoydu (Düzdür, Nobeli onlara vermədilər). Fidel intellekual etalondur. Hakimiyyətlərə dalbadal klounların, əqli kasadların, təşəxxüslü balaqan aktyorlarının yiyələndiyi son 30 illik və indi də davam edən ən yeni tarixdə onun miqyasında da yox, bu miqyasın dəfələrlə kiçildilmiş ölçüsündə belə siyasətçi qalmayıb”.
M.Süleymanov qeyd edib ki, F.Kastro dünyanın dörd yanında insanlıq və sivilizasiya uğrunda savaşanların ümid yeri, nümunəsi və mayakıdır: “Onun ömrü sol ideyaların praktik şəkildə yenidən dirçəlməsini görməyə çatdı. Latın Amerikasındakı sol dönüş bu bircəcik titanın (tiran kimi oxumayın!) şəxsi nümunəsinin verdiyi enerjinin nəticəsi idi. Fidel əzilən xalqlara dəstəyini heç vaxt əsirgəmədi – bu cəhətdən o, əsl beynəlmiləlçi idi: Nikaraqua, Salvador, Anqola, Mozambik...
Fidelin yoxsul ölkəsi bizə Marksdan qalma “Az şeyi olan, ancaq çox şeyə dəyən insan” obrazının əyani nümunəsini verdi. Mayamidə rəqs edən insani kasıbların çoxlu maddiyyatı ilə necə də böyük dissonans.
Və humanizm, həmrəylik, qardaşlıq, Ədalət prinsiplərini gülə-gülə təslim edən, “cəhənnəmə sevinə-sevinə gedən” bəşəriyyət üçün Fidel həmişə yenidən insanlığa qayıtmağın mümkünlüyü, alternativin mövcudluğu üçün əl yeri olacaq.
Tarix ona bəraəti çoxdan verib. İndiki bitli-sirkəli siyasətçilərin mizantropiya əkib-becərdiyi bu qaranlıq illər nə qədər çox davam etsə, Fidel də aktuallığı günbəgün artan nümunə olacaq... XX əsrin sonuncu Böyük İnsanı getdi...”
Səxavət HƏMİD