29 Noyabr 2016 16:09
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnanıram ki, gec də olsa, Ermənistan cəmiyyətində sülhün nə qədər vacib olduğunu anlayan qüvvələr siyasətə gələcək. Bəlkə o zaman Azərbaycanla Ermənistan arasında anlaşma mümkün oldu”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev Dağlıq Qarabağ münaqişəsinin həllinin dalana dirənməsi və erməni tərəfinin son provokasiyalarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanla Ermənistan arasındakı qarşılıqlı düşmənçilik münasibətləri artıq 3-cü onillikdir ki, davam edir: “25 il ərzində davam edən danışıqların məzmununa diqqət yetirəndə münaqişənin başlanğıcından bu günə kimi Azərbaycanın həmişə konstruktiv mövqedən çıxış edərək problemin sülh yolu ilə həll olunmasına cəhd göstərdiyi aydın görünür. Dəfələrlə istər beynəlxalq vasitəçilərin köməyi ilə baş tutan görüşlərdə, istərsə də hər iki ölkənin siyasi hakimiyyətləri və xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlərdə Azərbaycan sülhə can atdığını, hətta müharibədən zərər çəkmiş insanların öz torpaqlarına qayıtması üçün Azərbaycan hökuməti müxtəlif kompromislərə getməyə hazır olduğunu dəfələrlə bəyan edib. Beynəlxalq vasitəçilərin, xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin tərəflərə təqdim etdiyi təkliflər bir çox hallarda Azərbaycan tərəfindən qəbul olunsa da, Ermənistan tərəfindən qəbul edilməyib. Hətta təklifləri qəbul etdiyini bəyan etsələr belə Ermənistan digər mərhələdə danışıqlardan yayınmağa və danışıqları pozmağa cəhdlər göstərib və əslində buna nail də olub. Ona görə də bu günə qədər aparılan danışıqlar nəticəsiz olaraq qalmaqdadır. Belə hesab edirik ki, beynəlxalq vasitəçilər, xüsusilə münaqişənin həlli üçün səfərbər olunmuş və ya mandat qazanmış ATƏT-in Minsk qrupu həmsədrləri hadisələrə tam obyektiv yanaşaydılar, münaqişə bu günədək çoxdan həllini tapmışdı və 1 milyon qaçqının da problemi həll olunardı. Təəssüf ki, biz bütün beynəlxalq vasitəçilər, o cümlədən Minsk qrupunun həmsədrləri tərəfindən münaqişəyə yanaşmada ikili standartları görürük”.

Deputat hesab edir ki, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə Ermənistan tərəfi təcavüzkar adlandırılsa da, onların Azərbaycan torpaqlarını işğal etdiyi vurğulansa da, həmsədr dövlətlər təcavüzkara, işğalçıya hər hansı təzyiq metodundan istifadə etməkdən çəkinir: “Bu da bizim üçün anlaşılmazdır. Çünki beynəlxalq hüquq normaları, ədalət prinsipləri mövcuddur. Təcavüzkar ya təcavüz faktından , öz iddiasından əl çəkməli, ya da beynəlxalq qurumlar tərəfindən hüquq normalarına uyğun olaraq cəzalandırılmalıdır. Lakin 20 ildən artıq dövr ərzində Ermənistanın qeyri-konstruktiv davranışına görə ona təzyiq olunması məqamına çatanda beynəlxalq təşkilatlar tərəddüd edirlər. Bu isə Azərbaycanı məyus edir və qıcıqlandırır. Çünki münaqişənin həll olunması təkcə Azərbaycana lazım deyil, eyni zamanda bütün region və dünyada sabitliyin təmin olunmasına xidmət edir. Əgər super güc sayılan dövlətlər və beynəlxalq təşkilatlar bu münaqişənin həllində maraqlı deyillərsə, belə anlamaq olar ki, onlar dünyada sülh və sabitliyin bərqərar olmasında da maraqlı deyillər. Əlbəttə, bu cür yanaşdıqda ortaya bir çox suallar çıxır: bəs bu təşkilatlar niyə yaradılıb? Demək olar ki, bütün dövlətlər həmin təşkilatların üzvləridir. Bu təşkilatların yaranmasının əsasında sülhü və təhlükəsizliyi qorumaq məqsədi dayanırdı. Onların istənilən təcavüzkara, beynəlxalq hüquq normalarını pozan dövlətlərə qarşı sanksiya səlahiyyətləri də var. Lakin bu səlahiyyətlərdən istifadə olunmaması Azərbaycan tərəfini məyus edir və Azərbaycan hökuməti sonadək öz tələblərində israrlı olacaq və ölkəmizin ərazi bütövlüyünü heç bir şərtlərə görə güzəştə getməyəcək. Ona görə münaqişə uzanır. Biz əminik ki, Azərbaycanın bu danışıqlarda tutduğu mövqe və davam etdiyi yol ədalətlidir, beynəlxalq hüquq prinsiplərinə uyğundur. Bu səbəbdən Azərbaycan dövləti bu xətti sonadək davam etdirəcək”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər