Terrorçular yenə İstanbulu ürəyindən vurdular.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu istanbuldakı son terakta münasibət bildirərkən deyib. O vurğulayıb ki, “Reina” klubu İstanbulun ən məşhur və bahalı gecə klubudur və terrorçular yeni il gecəsində bu kluba imkanlı insanların, o cümlədən xarici vətəndaşların toplaşacağını biliblər.
Politoloq həmçinin qeyd edib ki, bu hadisə Türkiyə MİT-in buraxdığı səhvlərin nəticəsidir:
“İstanbuldakı olaya görə polisi günahlandırmaq çətindir. Polis İstanbuldakı minlərlə gecə klubundan, ticarət mərkəzindan, restorandan hansı birini qorusun? Türkiyə hakimiyyəti 3 milyon suriyalıya qapılarını açmasını humanitar amillə izah etdi, hətta onlara Türkiyə pasportu verə biləcəyini də açıqladı. Ancaq bu 3 milyonun içində nə qədər terrorçu var – bunu heç kim bilmir. Ən böyük problem də elə bundadır. Üstəgəl, Türkiyə vətəndaşları içində İŞİD-ə rəğbət bəsləyənlərin sayı nə qədərdir? Bu da məlum deyil”.
Qeyd edək ki, "Reina" klubuna terrorçunun silahlı hücumu nəticəsində 39 nəfər həlak olub, 69 nəfər isə yaralanıb.