2 Yanvar 2017 15:27
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı il dünyada bir sara siyasi, iqtisadi hadisələr, eləc də dəhşətli terror aktları ilə yadda qalıb.

Teleqraf.com dünya gündəmini zəbt edən həmin hadisələrin ən mühümlərini təqdim edir:

1. Dördgünlük müharibə

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə baş verdi. Daha dəqiqi, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən 2 nəfər şəhid oldu, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdi. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak oldu, 1 Mi-24 helikopteri vuruldu və 1 tank mina partlayışı zamanı sıradan çıxdı. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, 320 döyüşçüsü öldürüldü və 500-dən artıq döyüşçüsü yaralandı.

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında əldə edildi.

2. Britaniyadan Brexit qərarı

İyunun 24-də Böyük Britaniyada krallığın Avropa İttifaqında qalıb-qalmayacağını müəyyənləşdirən referendum keçirildi. Səsvermədə iştikar edən seçicilərin 52 faiz Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faiz isə qalmasına səs verdi. 46 milyon 501 min 241 seçiciin 72 faizi səsvermədə iştirak etdi. Referendumdan sonra layihənin əleyhinə olan dövrün baş naziri Devid Kemeron istefa verdiyini açıqladı.

3. Türkiyədə dövlət çevrilişinə cəhd

2016-cı ilin 15 iyul tarixində İstanbul və Ankarada bir qrup şəxs dövlət çevrilişinə cəhd göstərdi. Özünü Yurdda Sülh Konseyi adlandıran qrup ilk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanının, TRT dövlət kanalının, hakim partiyanın Ankaradakı qərargahı zəbt olundu.Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, o cümlədən prezidentin baş katibi də girov alındılar. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd təşkil olunsa da, xoşbəxtlikdən o sağ qaldı.

Daha sonra Ərdoğan xalqa səslənərək, onları küçələrə səslədi. Bu, darbə cəhdinin uğursuzluğa uğramasına gətirib çıxardı.

Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs dünyasını dəyişdi, yüzlərlə insan yaralandı. Hadisə ilə əlaqədar 34 general, minlərlə hərbçi, hakim, prokuror saxlanıldı.

Araşdırmalar zamanı cəhdin Fətullahçı terror təşkilatının tərəfdarları tərəfindən törədildiyi məlum oldu. Terrorçuların lideri Fətullah Gülən ABŞ-ın Pensilvaniya ştatında yaşayır. Türkiyənin bütün cəhdlərinə baxmayaraq, ABŞ hökuməti onu ektradisiya etməkdən boyun qaçırır.

4. Prezident seçkilərində gözlənilməz qələbə

Noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçirildi. Seçkilərdə iki əsas namizəd - Respublikaçılar Partiyasının namizədi Donald Tramp və Demokratlar Partiyasının namizədi Hillari Klinton yarışdılar.

Seçkiqabağı kampaniya zamanı keçirilən sorğuların əksəriyyəti Klintonun qələbə qazanacağını işarə edirdi. Kampaniyalar Tramp çıxışları zamanı müsəlmanlara və qadınlara qarşı işlətdiyi ifadələrlə tənqidlərə tuş gəlmişdi.

Seçkilərin nəticələri isə bir çoxları üçün gözlənilməz oldu. Nəticələrə görə, 288 nümayəndənin dəstəklədiyi Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçildi. Klinton isə cəmi 215 nümayəndənin səsinə sahib oldu.

5. Sudan da ucuz olan NEFT

İlin başlanğıcında neftin qiyməti dünya birjalarında son 11 ilin ən minimum həddinə qədər ucuzlaşaraq, 37 dollar oldu. Bu isə dünya ölkələrinin ciddi narahatlığı ilə nəticələndi. OPEC-ə üzv və qeyri-üzv olan ölkələr bir neçə dəfə görüşərək, müxtəlif versiyalar üzərində razılaşmağa çalışdılar.

Son olaraq, çıxış yolu kimi ölkələrin neft hasilatını azaltması göstərilib. Dekabrın 4-də OPEC üzv ölkələrin neft hasilatını azaltması ilə bağlı qərar qəbul etdi. Dekabrın 12-də isə OPEC qeyri-üzv ölkələrlə hasilatın azaldılması ilə bağlı müqavilə imzalandı. Bundan sonra, neftin qiyməti birjalarda 60 dollara qədər bahalaşdı.

6. Rusiya-Türkiyə münasibətləri yeni mərhələdə

2015-ci ilin noyabrın 24-də Türkiyənin Rusiyaya məxsus Su-24 qırıcısını vurmasından sonra iki ölkə arasında yaranmış gərginliyin yumşalması üçün bu il lazımi addımlar atıldı. Bu ilin iyunun 27-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Su-24" hərbi təyyarəsinin pilotunun vurulması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərdi. Məktubda ikitərəfli münasibətlərin bərpasının vacibliyi vurğulandı. Ərdoğan "Su-24"un vurulması ilə bağlı üzr istədi. Liderlər avqustun 9-da Sankt-Peterburq şəhərində bir araya gəlidlər. Bu, iki ölkə münasibətlərinin yenidən yaxşılaşması üçün çox mühüm oldu.

Ərdoğan və Putin arasında növbəti görüş sentyabrın 4-də Çində - "Böyük iyirmilik" ölkələrinin liderlərinin növbəti toplantısı çərçivəsində baş tutdu.

7. Rusiya səfiri Türkiyədə güllələndi

Dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Gennadiyeviç Karlov Ankarada Müasir Sənətlər Mərkəzindəki bir rəsm sərgisinin açılışında silahlı hücuma məruz qaldı. 1994-cü il təvəllüdlü polis əməkdaşı Mövlud Mərd Altıntaş səfirə qarşı sui-qəsd təşkil edib. Altıntaş mərkəzdəki digər polislər tərəfindən öldürüldü. 9 güllə yarası alan Karlov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmadı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə zəng edib. Tərəflər hadisəni iki ölkə münasibətlərinə təxribat kimi qiymətləndiriblər və hadisənin araşdırılması üçün birgə qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Hadisənin Fətullahçı terror təşkilatı tərəfindən törədildiyi iddia edilir.

8. Qanlar içində batan Suriya

2011-ci ildə başlanan daxili müharibə Suriyada qanlı döyüşlər bu il də davam etdi. Türkiyə ordusu avqustun 24-də Suriyada "Fərat Qalxanı Hərəkatı"nı başladı. Noyabrın 15-də Rusiya bu ölkədə əməliyyatlara başladığını rəsmən elan etdi. Rusiya müdafiə naziri Sergey Şoyqu əməliyyatların Suriya prezidenti Bəşər Əsədlə razılaşdırıldığını bildirdi. İl ərzində hökumət qüvvələrinin apardığı əməliyyatlar nəticəsində başda Hələb olmaqla, bir sıra şəhərlər azad edildi.

Rusiya, Türkiyə və İran Suriyanın Hələb şəhərində atəşkəslə bağlı Moskva bəyannaməsini imzalayıblar. Razılaşmaya əsasən, dinc sakinlər şəhərdən təxliyyə edilib, müxaliflər isə ailə üzvləri ilə birlikdə İdlib şəhərinə doğru geri çəkildilər.

9. Yaxşılaşan İsrail-Türkiyə münasibətləri

2010-cü ilin mayın 31-də 3 tərəfdən blokadaya alınmış Qəzza sektoruna humanitar yardım daşıyan “Mavi Mərmərə” gəmisi İsrail hərbçilərinin hücumuna məruz qalmış və 10 Türkiyə vətəndaşı öldürülmüşdü. Olaydan sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.

Hadisədən sonra Ankara hökuməti İsrailin qarşısına “Üzr, təzminat və Qəzza blokadasının ləğv edilməsi” şərtlərini qoydu. Tel-Əviv qarşıya qoyulan üzr şərtini 2013-cü ildə yerinə yetirib. İsrail hökuməti bu ilin sentyabrın 30-da Türkiyəyə 20 milyon dollar kompensasiya ödədi. Bu, iki ölkə münasibtələrinin bərpa edilməsi üçün mühüm addım oldu.

Təzminatın ödənilməsindən qısa müddət sonra Türkiyə və İsrail səfirliklərin açılması ilə bağlı razılığa gəldilər.

10. Səudiyyə-İran münasibətləri kritik həddə

Səudiyyə Ərəbistanla İran arasında gərginləşən münasibətlər kritik həddə çatdı. Yanvarın 2-də səhər saatlarında İrana meylli şiə axundu, şeyx Nimr Baqir əl-Nimrlə birlikdə 47 nəfərin Səudiyyə Ərəbistanında edam edilməsi iki ölkə arasındakı diplomatik müharibənin başlamasına səbəb oldu.

Yanvarın 3-də bir qrup etirazçı Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum etdi. Bu ölkənin Məşhəddəki konsulluğuna da hücum oldu. Səudiyyə Ərəbistanının xarici işlər naziri İranla münasibətlərin dayandırıldığını bəyan etdi. İran diplomatlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verildi. Eyni zamanda Səudiyyə Ərəbistanı hökuməti İrandan Tehrandakı səfirliyinin təhlükəsizliyini təmin etməyi tələb etdi.

Hər iki müsəlman ölkəsi arasındakı münasibətlər digər ölkələrə də sirayət etməyə başladı. Belə ki, Bəhreyn də İranla diplomatik əlaqələri kəsdiyini elan edib və iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat verdi.

Xatırladaq ki, edam edilənlər terrorçuluq və ekstremizmdə ittiham olunurdular. Şeyx Nimr ən-Nimr şiə azlığın sıxışdırılmasına görə mövcud hakimiyyətin sərt tənqidçisi kimi tanınırdı. O, Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılmışdı. 2014-cü ildə nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə onun ittiham olunaraq barəsində ölüm hökmü çıxarılmışdı.

Samir İSAYEV


Müəllif:

Oxşar xəbərlər