6 Yanvar 2017 14:35
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaxın aylarda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli zirvə görüşünün keçirilməsi planlaşdırılır”.

Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” Agentliyinə müsahibəsində deyib. O bildirib ki, Qafqazda yaradılmış üçtərəfli mexanizmlər uğurlu şəkildə davam etdirilir. Türkiyəli nazirin sözlərinə görə, Ankara Azərbaycanla birlikdə Qazaxıstanla da üçtərəfli mexanizm formalaşdırmağı düşünür.

Qeyd edək ki, üçtərəfli formatda əməkdaşlıq Azərbaycanın da maraqlarına cavab verir. Ölkəmiz üçtərəfli əməkdaşlıq formatlarında iştiraka həvəslə razılaşır. Xarici işlər naziri Elmar Məmmədyarovun 2016-cı ilin yekunları ilə əlaqədar AZƏRTAC-a müsahibəsində bununla bağlı dediklərini xatırlatmaq, zənnimizcə yerinə düşür: “İkitərəfli səviyyədə olan əlaqələrimiz üçtərəfli formatda regional əməkdaşlıq mexanizmləri vasitəsilə daha da inkişaf edir. 2016-cı ildə Azərbaycan-Rusiya-İran prezidentlərinin, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri keçirilib. Bu üçtərəfli görüşlərin keçirilməsi regionda təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Azərbaycan, Rusiya və İran dövlət başçılarının üçtərəfli görüşü və yekunda qəbul edilmiş Birgə Bəyannamə siyasi, iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratdı. Bu formatda əməkdaşlıq, eləcə də Cənub və Cənub-Şərqi Asiyadan Şimali Avropaya qədər uzanan xətt üzrə transregional əməkdaşlığı təşviq edən strateji əhəmiyyətə malikdir.

Ümumiyyətlə, üçtərəfli formatda əməkdaşlıq mexanizmi ölkəmizin region dövlətləri ilə uğurlu ikitərəfli əməkdaşlığını tamamlayaraq onun üçtərəfli əsasda hərtərəfli inkişafı üçün münbit zəmin yaradır, regional məsələlər üzrə siyasi dialoqu və iqtisadi-ticarət əlaqələrini daha da yüksək səviyyəyə qaldırmaq üçün əlverişli imkanlar vəd edir. Bundan sonra da mövcud üçtərəfli formatlarda əməkdaşlıq davam etdiriləcək və yeni üçtərəfli mexanizmlərin yaradılması imkanları nəzərdən keçiriləcək”.

Göründüyü kimi, yeni üçtərəfli mexanizmlərin yaradılması imkanları Azərbaycan tərəfdən də nəzərdən keçirilib və Azərbaycan-Türkiyə-Türkmənistan prezidentlərinin iştirakı ilə keçiriləcək görüşün təşəbbüskarlarından biri də rəsmi Bakıdır. Bəs, bu formatda keçiriləcək görüşdən hansı nəticələr gözləməyə dəyər? Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Araz Aslanlı bildirib ki, Azərbaycanın müxtəlif dövlətlərlə birgə formalaşdırdığı üçtərəfli formatlar var və bu formatlarda daha çox iştirak edən ölkə Türkiyədir. Onun sözlərinə görə, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan formatları var idi, indi də Azərbaycan-Türkiyə-Türkmənistan formatının yaradılması gündəmdədir: “Bundan əlavə Azərbaycan-İran-Rusiya formatını xüsusi qeyd edə bilərik. Bütün formatlarda adətən xarici işlər, bəzən daha başqa nazirliklər, bəzən də prezidentlər səviyyəsində görüşlər keçirilir. Azərbaycan-Türkiyə-Türkmənistan formatı ölkəmiz üçün xüsusi məna kəsb edir. Çünki enerji, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi və ümumiyyətlə, türk dünyası ilə bağlı siyasət Azərbaycan xarici siyasətində xüsusi yer turur. Bütün bu istiqamətlərlə bağlı Azərbaycan-Türkiyə-Türkmənistan formatı Azərbaycan üçün xüsusi əhəmiyyətlidir. Əslində, üçtərəfli formatda xarici işlər nazirlərinin görüşləri bir neçə dəfə keçirilib. Prezidentlərinin görüşləri isə iki dəfə planlaşdırılsa da keçirilməyib. Bir dəfə hətta, xüsusi hazırlıq da görülmüşdü. Sadəcə, Türkiyədə terror aktı baş verdiyi Türkmənistanda nəzərdə tutulan üçtərəfli görüş keçirilmədi. 2016-cı il 15 iyul çevriliş təşəbbüsündən sonra, səhv etmirəmsə iyulun sonlarında xüsusi qeyd olundu ki, bu görüş mütləq baş tutacaq. Çünki enerji və digər sahələr üzrə əməkdaşlıq hər üç ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, prezidentlərin üçtərəfli görüşü Azərbaycanı Qərbdə, Türkmənistanı Şərqdə daha güclü edəcək. Eləcə də əksinə. Yəni, Şərq-Qərb dəhlizi baxımından da bu əməkdaşlıq formatının hər üç dövlətə töhfəsi olacaq”.

Qeyd edək ki, Azərbaycan və Türkmənistan enerji istehsalçısı, Türkiyə isə istehlakçı və tranzit ölkədir. Bəs, bu baxımdan yeni üçtərəfli əməkdaşlıq formatının hansı nəticələr doğuracağını gözləmək mümkündür? A.Aslanlı bu suala cavab olaraq deyib: “Aydın məsələdir ki, enerji layihələrinə dair qərarı bu üç dövlət təkbaşına verə və onun icrasını həyata keçirə bilmir. Təəssüf ki, bu belədir. Enerji layihələrinin reallaşdırılması ilə bağlı kənar amillər və ortada İran və Rusiya faktoru var. Xüsusilə Azərbaycanla Türkmənistan arasında enerji layihəsinin reallaşdırılması məsələsində əsas əngəl kimi Xəzərin hüquqi statusunun həllini tapmaması, ya da İran və Rusiya çıxış edir. Amma ümumiyyətlə, bu iradənin ortaya qoyulması müsbət bir haldır. Bir var sadəcə ideya, bir var ritorika, bir də artıq yavaş-yavaş iradənin ortaya qoyulması. Bu baxımdan mən bunu növbəti mərhələ hesab edirəm. Biz xatırlayırıq ki, Bakı-Tiflis-Ceyhan və digər layihələrin icrası zamanı da təxminən bu cür yol keçilmişdi. Yəni, əvvəlcə düşüncələr, sonra layihələr, sonra iradələr və addımlar… Üçtərəfli görüşdə bu iradənin ortaya qoyulması da bu mənada əhəmiyyət kəsb edir. Mən möcüzə gözləmirəm, amma bunu vacib aralıq mərhələ kimi qiymətləndirirəm”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər